• Təqvim

  • Maraq



Qazaxda “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı sahiblərinə təqdim edilib


Bu gün qürurla söyləyirik ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyev Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Ulu Öndər Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi qədirbilən xalqımız tərəfindən hər zaman hörmət və ehtiramla anılacaq. Çünki keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirmişdir. 

Respublika Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müasir tariximizin həlledici anında, Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətin bariz nümunəsi oldu. 

Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində, o cümlədən Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olundu. 

Ölkə Prezidenti İlham Əliyevin 11 aprel 2023-cü il tarxli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunub ki, həmin medala layiq görülənlər arasında qazaxlı ziyalılarımız da var. Dahi şəxsiyyətin 100 illik yubileyi münasibətilə təsis edilən medala Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ulu Öndər Heydər Əliyevin zəngin mənəvi irsinin təbliğində fəallıq göstərən Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının yaradıcılarından biri və ilk sədri olmuş, uzun müddət müxtəlif vəzifələrdə çalışmış, rayonun sosial-iqtisadi və ictimai həyatında fəal iştirak edən, hazırda təqaüddə olan Abbas Göyüşov layiq görülüblər. 


Martın 14-də Bakı Dövlət Universitetinin Qazax filialında sözügedən medal sahiblərinə təqdim edilib. Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, filialın professor-müəllim heyəti, tələbələr iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 11 ayın sultanı olan müqəddəs Ramazan bayramı və qarşıdan gələn Novruz bayramı münasibətilə ən xoş arzularını çatdırıb. İcra başçısı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunanları təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Bu medalı təltif olunanların simasında qazaxlı ziyalılara verilən dəyərin bariz nümunəsi kimi qiymətləndirib. Rayon rəhbəri bu yüksək təltifə, qazaxlılara verilən qiymətə görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. Rayon rəhbəri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyətindən danışıb. Ulu Öndərin Vətəninə, xalqına olan sevgisini, Azərbaycan dövləti qarşısında olan misilsiz xidmətlərini gələcək nəsillərə çatdırmaqda həmin ilin bizim üçün ən böyük töhfə olduğunu bildirib. 


“Ulu Öndər özünün də dediyi kimi qalan ömrünü xalqına bağışladı”, - deyən icra başçısı illər ötsə belə qədirbilən Azərbaycan xalqının öz dahi rəhbərini, onun dövləti, xalqı qarşısında olan misilsiz xidmətlərini illər keçsə də heç zaman unutmayacağını, ən ülvi duyğularla, hörmət və ehtiramla yad edəcəyini diqqətə çatdırıb. İcra başçısı “Heydər Əliyev İli” çərçivəsində rayonda keçirilən bütün tədbirlərə xüsusi həssaslıqla yanaşıldığını, dahi şəxsiyyətin adına layiq şəkildə təşkil edildiyini qeyd edib. İcra başçısı “Heydər Əliyev İli” çərçivəsində rayonda Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı, Qazax Rayon Heydər Əliyev Mərkəzi, eləcə də digər idarə, müəssisə, təşkilatlar tərəfindən 150-dən artıq tədbirin keçirildiyini vurğulayıb. 2020-ci ilin Vətən müharibəsindən söz açan rayon rəhbəri 44 günlük həmin savaşda müzəffər Azərbaycan Ordusunun 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə bütün dünyaya qalib Azərbaycanı tanıtdığını söyləyib. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldığı, onların qanının yerdə qalmadığını qeyd edib. Rayon rəhbəri 2023-cü ilin həm də digər bir hadisə ilə yaddaşlara əbədi həkk olunduğunu, Xankəndi və Xocalı şəhərinin 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndiyini vurğulayıb. Respublika Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidə və Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığını, həmin qürurlu anlara görə xalq olaraq Ali Baş Komandana, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu oldğumuzu bir daha diqqətə çatdırıb. 


Dahi rəhbərin 100 illik yubiley medalına layiq görülən Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov çıxış edərək yüksək təltifə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Təltif olunduğu medalı tək öz adına deyil, filialın kollektivi adından qəbul etdiyini, filialın direktoru Arif Rüstəmov başda olmaqla, bütün müəllimlərin əməyinə verilən dəyər, qiymət olaraq qəbul etdiyini, eyni zamanda, sözügedən medalın üzərinə böyük məsuliyyət qoyduğunu söyləyib. Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyətin adı ilə bağlı olan medala təltif olunmasına görə özünü şanslı hesab etdiyini, bu qürurverici, xoş anları ona bəxş etdiyinə görə bir daha ölkə başçısına təşəkkürünü çatdırıb. “Bu dövlət, ölkə, millət, təhsilimiz üçün çox işlər görməliyik. Ulu Öndərin adını daşıyan tarixi medalla təltif olunmağım da üzərimə böyük məsuliyyət qoyur ki, bundan sonra da ölkəmizin, təhsilimizin inkişafına öz töhfələrimi verim”, - deyən M.Yusifov sonda bir daha ölkə başçısına təşəkkür edib. M.Yusifov Qazaxa, qazaxlılara verdiyi dəyərə, rayonda aparılan quruculuq işlərinə, vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərdiyi qayğıya, səmimi münasibətə görə rayon rəhbərinə minnətdarlığını bildirib, rayon rəhbərini təltif olunduğu medala görə öz adından təbrik edib, gördüyü işlərə verilən qiymətin bariz nümunəsi olaraq qəbul etdiyini vurğulayıb.


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova da dahi rəhbərin həyat və fəaliyyətini, irsini təbliğ edən müəssisənin rəhbəri olaraq təltif edildiyi medalı Mərkəzin bütün kollektivinin adından qəbul etdiyini qeyd edib. “Dahi insanın adı ilə bağlı medalı qəbul etmək mənim üçün çox böyük məsuliyyətdir. Bundan sonra da çalışacağam ki, kollektiv olaraq dahi şəxsiyyətimizin adına layiq şəkildə fəaliyyətimizi davam etdirək”, - söyləyən C.Hüseynova ölkə başçısına sonsuz təşəkkürünü, razılığını ifadə edib. 


Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov da öz növbəsində ölkə Prezidenti İlham Əliyevə filialın əməkdaşını yüksək təltifə layiq gördüyünə görə minnətdarlığını bildirib. Təqdim edilən medalı filialın kollektivinə verilən dəyərin bariz nümunəsi kimi qiymətləndirib.

Sonra icra başçısı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalını sahiblərinə təqdim edib, bir daha səmimi təbriklərini və xoş sözlərini səsləndirib.




Facebook-da paylaş