• Təqvim

  • Maraq



Səyyar “ASAN xidmət” Qazaxın sərhəd kəndlərində ˆ

QAZAX RESPUBLİKA MƏTBUATINDA

Səyyar “ASAN xidmət” Qazaxın sərhəd kəndlərində ˆ
"Mobil Səyyar ASAN xidməti”in nümayəndələri əhaliyə yerlərdə səyyar xidmət göstərmək məqsədilə Qazax rayonuna gəliblər. Texnika ilə təchiz olunmuş xüsusi avtobusda artıq bir neçə gündür ki, xeyli sayda rayon sakininə müxtəlif növlər üzrə xidmət göstərilir.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Mobil Səyyar ASAN xidmət”ə məxsus avtobusun şəhərin mərkəzində yerləşdiyi ünvana gəlib rayon sakinlərinə göstərilən xidmətlə yaxından tanış olub. Məlumat verilib ki, bura hər gün onlarca rayon sakini müraciət edir. Səyyar şəkildə göstərilən xidmətlər – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur. Bu xidmətlərə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, doğumun və nikahın qeydə alınması və funksional yardımçı xidmətlər daxildir. Bildirilib ki, səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Bundan əlavə "Mobil Səyyar ASAN xidmət” sərhəddə yerləşən Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərinin sakinlərinə yerindəcə xidmət göstərmək üçün Aslanbəyli kənd tam orta məktəbinə gedib. Məqsəd sərhəd kəndlərində olan məktəb şagirdlərini şəxsiyyət vəsiqəsi ilə təmin etmək olub. Bundan əlavə, bir sıra kənd sakinlərinin də şəxsiyyət vəsiqəsi dəyişdirilib, onlara ümumvətəndaş pasportları verilib. Xidmətdən yararlanan sakinlər onlar üçün yaradılan bu yüksək şəraitə və göstərilən xidmətə görə ölkə Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı R.Babaşov söhbət zamanı qeyd edib ki, "ASAN xidmət” Ölkə Prezidenti cənab İlham Əliyevin öz təşəbbüsü və köməyi ilə yaradılan, dünyada analoqu olmayan bir xidmət növüdür. Bir sıra ölkələr bu təcrübəni öyrənib özlərində tətbiq etmək üçün Azərbaycana gəlir və heyranlıqlarını gizlətmirlər. Gərək bunun qədrini bilək. Azərbaycan vətəndaşının rahatlığını təmin etmək, hər cür neqativ halların qarşısını almaq, rüşvətxorluğun və korrupsiyanın kökünü birdəfəlik kəsmək üçün Ölkə Prezidentinin apardığı belə islahatlar öz bəhrəsini verir və bunu gündəlik həyatında hər bir Azərbaycan vətəndaşı görür və hiss edir.
Hamlet QASIMOV,
"Xalq qəzeti”nin bölgə müxbiri
14 dekabr 2017-ci il



Facebook-da paylaş