İcra başçısının vətəndaşlarla keçirilən növbəti səyyar görüşü Qarapapaq kəndində olub
Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu, bütün sahələrdə öz əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, dövlət hər zaman vətəndaş məmnunluğunu əsas götürür. Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən respublikamızın şəhər və rayonlarında sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır.
Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da daim diqqətdə saxlanılır. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirilən səyyar qəbulları da vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilib.
İcra başçısının bu ay üzrə vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü dekabrın 7-də rayonun Qarapapaq kəndində olub. Qazax Rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbdə keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu vurğulayıb.
İcra başçısı bütün kəndlərimiz kimi, Qarapapaq kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 8 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. 6 nəfər Birinci Qarabağ müharibəsi, 1 nəfər Vətən müharibəsi, 1 nəfər Çernobıl əlilinin olduğunu qeyd edib. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonundan 5 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onlardan 1 nəfərin Qarapapaq kəndinin igid oğlu gizir Əhmədov Elvin Qələndər oğlunun olduğunu söyləyib. Yuxarı Salahlı kəndindən gizir Şəmşiyev İlham Şakir oğlunun, Qarapapaq kəndindən gizir Əhmədov Elvin Qələndər oğlunun, Qazax şəhəri Nəriman Nərimanov yaşayış massivindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlunun, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlunun, Canalı kəndindən əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdiyini vurğulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində əldə edilən tarixi Qələbədən, qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Rayon rəhbəri son illər "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına əsasən respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda, eləcə də rayonun kəndlərində aparılan genişmiqyaslı abadlıq işlərindən də söz açıb. Bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsinin də diqqətdə saxlanıldığını, Qazax Rayon Mərkəzi Xəstəxanasının, Yuxarı Salahlı, Çaylı, Qaymaqlı, Aslanbəyli həkim məntəqələrinin tikilməsini bu sahədə görülmüş işlərin əyani sübutu olaraq qeyd edib.
Rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu, şəhərə yaxın yerləşən Ağköynək və Qarapapaq kəndlərinin də su xəttinin çəkildiyini qeyd edib.
İcra başçısı ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Qazax Müəllimlər Seminariyasının yenidən bərpa olunmasını və Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi kimi fəaliyyətə başlamasını Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirib.
Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı Qarapapaq kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Qarapapaq kəndində əkin sahəsinin 197,5 hektardan 340 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Qarapapaq kəndində xeyli işlər görüldüyünü bildirib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu kənddə də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri bu gün 3 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu söyləyib. Bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. İcra başçısı bütün kəndlərdə, o cümlədən də Qarapapaq kəndində suvarma suyunun yaxşılaşdırılması üçün arx və kanallarda aparılan təmizlik işlərinin, eləcə də gecə və gündüz növbəliliyinə əməl olunmasının böyük rol oynadığını bildirib.
Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 18 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 1 nəfərin şəhid ailəsi, 1 nəfərin Vətən müharibəsi əlili, 16 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.
Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Ağköynək və Qarapapaq kəndlərində mərkəzi yolun asfaltlandığını, digər ara küçələrdə də nəzərdə tutulduğunu qeyd edib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Qarapapaq kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib. Həmçinin, kənddə fiber optik internet xəttinin çəkildiyini qeyd edib.
İcra başçısı son günlər ölkə ərazisində qeydə alınmış qızılca xəstəliyindən söz açaraq valideynlərin məsuliyyətli olmalarını, övladlarında xəstəlik aşkar olunduğu zaman dərhal həkimə müraciət etmələrini tövsiyə edib, bunun üçün Qazax Rayon Mərkəzi Xəstəxanasında hər cür şərait yaradıldığını, təcili tibbi yardım maşınlarının ayrıldığını vurğulayıb. Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması üçün hər kəsin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməli olduğunu söyləyib. İcra başçısı Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən COVID-19 pandemiyası ilə mübarizədə olduğu kimi, qızılca ilə mübarizənin də nəzarətə götürüldüyünü bildirib.
Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlər onlarla görüşə gəldiyinə, ilk gündən göstərilən qayğının bu gün də davam etdirilməsinə görə rayon rəhbərliyinə razılıqlarını bildiriblər. Son illər rayonda, o cümlədən də Qarapapaq kəndində görülən işlərə, ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha dərin minnətdarlıqlarını bildiriblər.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin Qarapapaq kəndində kənd təsərrüfatı istehsalçılarının suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə suvarma kanallarının beton üzlüyə alınması, yaşadıqları küçədə kanalizasiya xəttinin çəkilməsinə köməklik, kənddə qəzalı vəziyyətdə olan elektrik xətlərinin sip kabellə əvəz olunması və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş