• Təqvim

  • Maraq



Millət vəkilləri Səməd Seyidov və Ülviyyə Ağayeva bu gün Bakı küçəsindəki 1 saylı çoxmənzilli yaşayış binasında yaşayan sakinlərlə görüşüblər


Avqustun 3-də 107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov və 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva Qazaxda növbəti dəfə seçiciləri ilə görüşüblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin iştirakı ilə Bakı küçəsindəki 1 saylı çoxmənzilli yaşayış binasında yaşayan sakinlərlə keçirilən görüşdə vətəndaşların müraciətləri dinlənilib. 

İcra başçısı Rəcəb Babaşov bina sakinlərini salamlayaraq, səmimi ürək sözlərini bölüşüb. Rayon rəhbəri hər zaman olduğu kimi, millət vəkilləri ilə olan bugünkü görüşün də kökündə vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayandığını bildirib.  


Millət vəkilləri Səməd Seyidov və Ülviyyə Ağayeva bina sakinlərini salamlayıb, onlarla görüşməkdən məmnunluq hissi duyduqlarını söyləyiblər. Millət vəkilləri sakinlərlə olan bu cür görüşlərin təməlində ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara olan qayğısının, dövlət başçısının verdiyi tapşırıq və tövsiyələr dayandığını qeyd ediblər. Son illər ölkə başçısının rəhbərliyi altında Qazaxda aparılan quruculuq işlərindən söz açan millət vəkilləri məhz dövlətin bu qayğısı sayəsində rayonun gündən-günə inkişaf etdiyini, şəhərin küçələri ilə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində də abadlıq işlərinin aparıldığını vurğulayıblar. Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazaxda olduğu kimi icra edildiyini qeyd edən millət vəkilləri sərhəddə yaşayan sakinlərə, rayonun digər kəndlərində yaşayan sakinlərə, eləcə də şəhid ailələrinə, qazilərə göstərilən qayğıya, vətəndaşlara olan səmimi münasibətə görə rayon rəhbərinə ziyalılar adından təşəkkürlərini çatdırıblar.

Bina sakinləri dövlətin, ölkə başçısının, eləcə də rayon rəhbərliyinin qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlıqlarını bildiriblər. Onlarla olan bugünkü görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkillərinə təşəkkür ediblər.

Görüşdə bina sakinlərinin müxtəlif məzmunlu müraciətləri dinlənilib. Sakinlərin səsləndirdikləri hər bir məsələyə həssaslıqla yanaşılacağı bildirilib. Həlli mümkün olan məsələlərlə bağlı elə yerindəcə rayon rəhbərliyi tərəfindən aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib. 

 

GOYEZEN.AZ



Facebook-da paylaş