• Təqvim

  • Maraq



Millət vəkili Səməd Seyidov bu gün Daş Salahlı, Kəmərli və Aslanbəyli kəndlərində yaşayan sakinlərlə görüşüb


107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qazaxda növbəti dəfə seçiciləri ilə görüşür. 

Dünən rayonun Kosalar, Dəmirçilər və Məzəm kəndlərində görüşlər keçirən millət vəkili bu gün daha üç kənddə olub.

Avqustun 2-də millət vəkili Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə rayonun Daş Salahlı, Kəmərli və Aslanbəyli kəndlərində yaşayan sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib. 

İcra başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri keçirilən bütün görüşlərdə olduğu kimi, millət vəkili ilə olan bugünkü görüşün də kökündə vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayandığını bildirib.  

Millət vəkili Səməd Seyidov kənd sakinlərini salamlayıb, onlarla görüşməkdən məmnunluq hissi duyduğunu söyləyib. Millət vəkili seçiciləri ilə səmimi söhbət edərək bugünkü görüşün əhəmiyyətindən söz açıb. “Siz sakinlərlə olan bu cür görüşlərin təməlində ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara olan qayğısı, dövlət başçısının verdiyi tapşırıq və tövsiyələr dayanır. Hər bir dövlət məmurunun vəzifə borcudur ki, siz vətəndaşların səsləndirdikləri hər bir məsələyə qayğı ilə yanaşsın”, - deyən millət vəkili bugünkü görüşün də məhz bu məqsədə xidmət etdiyini qeyd edib. Son illər ölkə başçısının rəhbərliyi altında Qazaxda aparılan quruculuq işlərindən söz açan millət vəkili məhz dövlətin bu qayğısı sayəsində rayonun gündən-günə inkişaf etdiyini vurğulayıb. Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazaxda olduğu kimi icra edildiyini qeyd edən millət vəkili istər sərhəddə yaşayan sakinlərə, istər rayonun digər kəndlərində yaşayan sakinlərə, istərsə də şəhid ailələrinə, qazilərə göstərilən qayğını yüksək qiymətləndirib. Vətəndaşlara olan səmimi münasibətə, göstərilən qayğıya görə rayon rəhbərinə bir millət vəkili olaraq razılığını bildirib, ziyalılar adından təşəkkürünü çatdırıb.

Millət vəkili ilə səmimi söhbət edən Daş Salahlı kənd sakinlərindən ağsaqqal Məhəmməd Omarov, Qətibə Kazımova, Tofiq Cəfərli, Natəvan Mustafayeva, Kəmərli kənd sakinlərindən ağsaqqal Rəhim Rəhimov, Aslanbəyli kənd sakinlərindən Asif Seyidov və başqaları dövlətin, ölkə başçısının, eləcə də rayon rəhbərliyinin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlıqlarını çatdırıblar. Onlarla olan bugünkü görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə təşəkkür ediblər.

Hər üç görüşdə sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilib. Sakinlərin səsləndirdikləri hər bir məsələyə həssaslıqla yanaşılacağı bildirilib. Həlli mümkün olan məsələlərlə bağlı elə yerindəcə rayon rəhbərliyi tərəfindən aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.  

Görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova və millət vəkilinin köməkçisi Akif Əmirov da iştirak ediblər. 

Daş Salahlı kəndində olan görüşdən

Kəmərli kəndində olan görüşdən

Aslanbəyli kəndində olan görüşdən

GOYEZEN.AZ



Facebook-da paylaş