• Təqvim

  • Maraq



İcra başçısının vətəndaşlarla keçirilən növbəti səyyar görüşü Alpout kəndində olub

 

Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, hər bir dövlət məmuruna örnək olmalıdır. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, hər zaman vətəndaş amili, mövqeyi, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədə xidmət edir. Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da birmənalı olaraq icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2023-cü ilin iyul ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü Alpout kəndində olub. İyulun 20-də Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbdə keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərləri, kənd sakinləri iştirak ediblər.  


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.

İcra başçısı ötən səyyar görüşlərdə subartezian quyusunun qazılması, yolun kənarında olan subartezian quyusundan su xəttinin çəkilməsi və su çəninin qoyulması, kəndarası yolların çınqıllanması, eləcə də digər bir sıra məsələlərin zamanla müsbət həllini tapdığını bildirib. Rayon rəhbəri qaldırılan məsələlərin müsbət həll edilməsinin arxasında vətəndaş məmnunluğunun dayandığını qeyd edib.

2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayıb, 44 gün sonra hərb tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsindən, həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan, qazanılan tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağını qeyd edib. Şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri bütün kəndlərimizdən olduğu kimi, Alpout kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 1 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. Vətən müharibəsində 1 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində Alpout kəndindən 41 nəfərin iştirak etdiyini, onlardan 9 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.


Son illər Alpout kəndində təsərrüfatın inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı qeyd edib ki, 2016-cı ildə kənddə əkin sahəsi 258 hektar idisə, bu gün 345 hektara çatdırılıb. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Alpout kəndində xeyli işlər görüldüyünü bildirib. Bu gün kənddə 3 ədəd subartezian quyusunun sakinlərə xidmət göstərdiyini, arxların beton üzlüyə alınması ilə bağlı aidiyyəti qurumlara məktub ünvanladığını söyləyib.

İcra başçısı “Saloğlu” fərdi firmasına məxsus yeni inşa olunmuş “Venzana” mebel fabrikini ötən ilin uğurlu layihələrindən biri kimi dəyərləndirib. Həmin fabrikdə 500 nəfər işçiyə ehtiyac olduğunu qeyd edərək işləmək istəyən vətəndaşların “Saloğlu” fərdi firmasında hər həftənin şənbə günü təşkil olunmuş iş görüşməsində iştirak etmələrini tövsiyə edib. 

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 5 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 1 nəfərin şəhid ailəsi, 1 nəfərin Vətən müharibəsi əlili, 3 nəfərin isə müharibə iştirakçısı olduğunu qeyd edib. 

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən icra başçısı bu istiqamətdə görülən işlərdən söz açıb. Alpout kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə, rabitə xətlərinin yenilənməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib.  

Sakinlərdən İnayət Məmmədov, Əhəd Vəliyev, Səhlədar Osmanov, Yaşar Alıyev son illər rayonda, o cümlədən Alpout kəndində görülən işlərə, ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kəndin mərkəzindən keçən arxın beton üzlüyə alınması, kənddə uşaq bağçasının açılması, 1 ədəd subartezian quyusunun qazılması, Alpout kəndindən Göyəzən dağına gedən 2,2 km uzunluğunda avtomobil yolunun qum çınqılla təmiri, köhnə  kənd qəbiristanlığının ətrafına 250 metr uzunluğunda dəmir torun çəkilməsi, kənddə elektrik xətlərinin sip kabellə əvəz olunması ilə bağlı müraciətlərini dinləyən icra başçısı səslənən məsələlərə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib. Həlli istiqamətində addımlar atılacağını söyləyib. Eyni zamanda, səsləndirilən məsələlərlə bağlı aidiyyəti üzrə müraciət olunduğunu və nəzarətdə saxlanıldığını diqqətə çatdırıb.


GOYEZEN.AZ   



Facebook-da paylaş