• Təqvim

  • Maraq



Qazax RİH-də keçirilən 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə bir qrup əməkdaş Fəxri Fərmanla təltif olunub


Müasir Azərbaycan tarixində silinməz izlər qoymuş Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin bizə bəxş etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız həmin tarixləri əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələrək öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Artıq 3 ildir ki, xalqımız 15 İyun – Milli Qurtuluş Gününü 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmış qalib ölkənin vətəndaşları olaraq qeyd edir. Bu il isə daha əlamətdar bir ildə Qurtuluş Gününü bizə bəxş edən dahi şəxsiyyətə həsr olunmuş “Heydər Əliyev İli”ndə böyük təntənə ilə qeyd edirik. 

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş silsilə tədbirlər keçirilir. 

İyunun 14-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. 

İcra aparatının akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, müavinlər, digər əməkdaşlar iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, dövlətimizin və xalqımızın taleyində böyük əhəmiyyət daşıyan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. 15 iyunun Vətənini, xalqını sevən hər kəs üçün əsl qurtuluş tarixi olduğunu qeyd edib. Rayon rəhbəri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyətindən də danışıb. Ulu Öndərin Vətəninə, xalqına olan sevgisini, Azərbaycan dövləti qarşısında olan misilsiz xidmətlərini gələcək nəsillərə çatdırmaq üçün bu ilin bizim üçün ən böyük töhfə olduğunu bildirib. İllər ötsə belə qədirbilən Azərbaycan xalqının öz dahi rəhbərini, onun dövləti, xalqı qarşısında olan misilsiz xidmətlərini heç zaman unutmayacağını, ən ülvi duyğularla, hörmət və ehtiramla yad edəcəyini diqqətə çatdırıb. İcra başçısı bu günə kimi keçirilən bütün tədbirlərə xüsusi həssaslıqla yanaşıldığını, dahi şəxsiyyətin adına layiq şəkildə təşkil edildiyini və bundan sonra da bu cür davam etdiriləcəyini qeyd edib. 


Müasir müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində müstəsna xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən söz açan icra başçısı dahi rəhbərin istər 1969-1982, istər 1982-1987, istər 1987-1993, istərsə də 1993-2003-cü illərdə hakimiyyətdə olduğu dövrlərdə xalqımızın rifahı, ölkəmizin inkişafı üçün gördüyü işləri, həyata keçirdiyi layihələri bir daha diqqətə çatdırıb. 1988-1992-ci illərdə Azərbaycanın parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdiyini xatırladaraq 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu təhlükənin sovuşduğunu, ölkəmizin böyük inkişaf yoluna qədəm qoyduğunu deyib. Bildirib ki, məhz Ulu Öndərin yüksək siyasi məharəti ilə Azərbaycan vətəndaş müharibəsindən, siyasi xaosdan qurtula bildi. Rayon rəhbəri Ulu Öndərin müəyyən etdiyi müdrik siyasi kurs və strateji xəttin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, artıq Azərbaycan xalqı Milli Qurtuluş Gününü Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində qalib xalq kimi qeyd edir. İcra başçısı bu gün Azərbaycanın modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrildiyini və ölkəmizin bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyat, elm, təhsil, texnologiya, mədəniyyət, səhiyyədə sürətlə inkişaf etdiyini vurğulayıb. Rayon rəhbəri Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi olan, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatların bu gün öz real bəhrəsini verdiyini bildirib. 


Ulu Öndər Heydər Əliyevin vətəndaşlara göstərdiyi qayğıdan söz açan rayon rəhbəri həmin qayğının, səmimi münasibətin bu gün onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən olduğu kimi davam etdirildiyini bildirib. Dövlətin, ölkə rəhbərinin vətəndaşlara olan qayğılarının hər bir dövlət məmuruna nümunə olduğunu, Qazaxda bu amilin hər zaman əsas götürüldüyünü söyləyib. İcra başçısı hər zaman olduğu kimi, bundan sonra da vətəndaş amilini, vətəndaş məmnunluğunun təmin olunmasını əsas götürmələrini tövsiyə edib. İcra başçısı sonda bir daha 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi ürək sözlərini çatdırıb, ölkəmizin müstəqilliyinin əbədi, dönməz olmasını arzulayıb.

Tədbirdə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə rayonda keçirilmiş tədbirlərin təşkilində fəal iştirak etdiklərinə görə bir qrup əməkdaş Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. 

Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Qazax rayonu üzrə koordinatoru Əmirov Akif İlham oğluna, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüseynova Ceyhunə Sərdar qızına, Qazax RİH başçısının Xanlıqlar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Çobanov Ayət Saqif oğluna, Cəfərli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Allahverdiyev Nizami Qəzənfər oğluna, Daş Salahlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Əliyev Səbuhi Nemət oğluna, Alpout kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Alıyev Murğuz Qələndər oğluna, Quşçu Ayrım kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Alıyev Alim Tapdıq oğluna, Aşağı Salahlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Əfəndiyev Yaşar Oqtay oğluna, Birinci Şıxlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Kazımov İlqar İsmayıl oğluna, Qaymaqlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Əfəndiyev Fikrət İmralı oğluna Fəxri Fərmanlar təqdim olunub.


GOYEZEN.AZ



Facebook-da paylaş