YAP Qazax Rayon Təşkilatında “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib
İyunun 12-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.
YAP Qazax Rayon Təşkilatının inzibati binasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, YAP Qazax Rayon Təşkilatı Ərazi partiya təşkilatlarının sədr və müavinləri, partiya veteranları, təşkilat fəalları, YAP-a üzv olan fəal gənclər, idarə, müəssisə və təşkilat rəhbərləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları təşkilatın üzvləri adından salamlayıb, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi təbriklərini çatdırıb. A.Nəbiyev ölkə Prezdentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini, dövlətimiz və xalqımız üçün əlamətdar bir il olduğunu, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər keçirildiyini, bu günə kimi 100-dən artıq tədbir keçirildiyini vurğulayıb. Təşkilat sədri 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təşkil olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda olan tədbirin həmin tədbirlərin davamı olduğunu, təşkil olunmuş tədbirlərin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ən böyük töhfə olduğunu söyləyib. A.Nəbiyev illər ötsə belə Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömrünün, xalqı qarşısında olan misilsiz xidmətlərinin unudulmayacağını, daim qürurla xatırlanacağını qeyd edib. Azərbaycana hansı tərəfdən baxsaq, orada Ümummilli Lider, dahi rəhbər Heydər Əliyevin silinməz izlərinin şahidi olduğumuzu söyləyib.
Öz həyatını təhlükə altında qoymasına baxmayaraq Azərbaycanı hər zaman qoruduğunu, müstəqilliyinin daimi, əbədi olması üçün əlindən gələni əsirgəmədiyini vurğulayıb. 1993-cü ilin 15 iyununda ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndərin ölkəni anarxiyadan, xaosdan, parçalanmaqdan, məhv olmaqdan xilas etdiyini bildirib. Bu gün Ulu Öndərin bizə əmanət etdiyi Azərbaycanı dahi rəhbərin layiqli davamçısı Prezident İlham Əliyevin layiqincə qoruduğunu, inkişaf etdirdiyini diqqətə çatdırıb. A.Nəbiyev qeyd edib ki, Ulu Öndərin söylədiyi “Mən sizinlə bərabər fəxr edirəm ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm və onun sədriyəm. Öz aqibətini Yeni Azərbaycan Partiyası ilə bağlayanlar səhv etməyiblər” fikirlərini xalqımızın bu gün də qürurla xatırladığını bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi ürək sözlərini bölüşüb. Əlamətdar günə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda keçirilən tədbirin “Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərdən biri olduğunu bildirib. Rayon rəhbəri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyətindən danışıb. Ulu Öndərin Vətəninə, xalqına olan sevgisini, Azərbaycan dövləti qarşısında olan misilsiz xidmətlərini gələcək nəsillərə çatdırmaqda bu ilin bizim üçün ən böyük töhfə olduğunu bildirib. “Ulu Öndər özünün də dediyi kimi qalan ömrünü xalqına bağışladı”, - deyən icra başçısı illər ötsə belə qədirbilən Azərbaycan xalqının öz dahi rəhbərini, onun dövləti, xalqı qarşısında olan misilsiz xidmətlərini heç zaman unutmayacağını, ən ülvi duyğularla, hörmət və ehtiramla yad edəcəyini diqqətə çatdırıb. İcra başçısı bu günə kimi keçirilən bütün tədbirlərə xüsusi həssaslıqla yanaşıldığını, dahi şəxsiyyətin adına layiq şəkildə təşkil edildiyini və bundan sonra da bu cür davam etdiriləcəyini qeyd edib. Vətənini, xalqını ürəkdən sevən Ulu Öndərin həyat və fəaliyyətindən söz açan icra başçısı dahi rəhbərin istər 1969-1982, istər 1982-1987, istər 1987-1993, istərsə də 1993-2003-cü illərdə hakimiyyətdə olduğu dövrlərdə müasir müstəqil Azərbaycanın qurulması, xalqımızın rifahı, ölkəmizin inkişafı üçün misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Rayon rəhbəri bildirib ki, Ümummilli Liderin hakimiyyətə gəlişi ilə ən geridə qalmış ölkə kimi tanınan Azərbaycan qısa bir vaxtda inkişaf etmiş ölkələrdən birinə çevrildi. Ölkədə iqtisadiyyat, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də bir çox sahələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Dahi rəhbərin hakimiyyətə gəlişi ilə nəhəng sənaye müəssisələrinin, obyektlərinin, zavodların fəaliyyətə başladığını, qısa bir zamanda əldə edilən gəlirlərin ölkənin dirçəldilməsinə sərf edilməklə Azərbaycanın sürətli inkişafına nail olundu. İcra başçısı qeyd edib ki, 1969-cu ildə Azərbaycan Respublikasına rəhbər təyin edilən Ulu Öndər Heydər Əliyev qısa müddətdə iqtisadiyyatı və kənd təsərrüfatı sahəsində geridə qalmış respublikanı dirçəltməyi qarşısına məqsəd qoydu və keçmiş sovet ittifaqının iqtisadi potensialından istifadə edərək ölkəmizdə melorasiya sisteminin qurulmasında böyük rol oynadı. Bunun bariz nümunəsi olaraq 1966-cı ildə təməli qoyulan Ağstafaçay su anbarının inşa edilərək 1971-ci ildə istifadəyə verilməsini göstərib. 1971-ci ildə Ulu Öndər Heydər Əliyevin şəxsən həmin su anbarının açılışında iştirak etdiyini söyləyib. Tutumu 120 mln kubmetr olan su anbarı istifadəyə verildikdən sonra Qazax rayonu ilə yanaşı, qonşu Ağstafa, Tovuz və Şəmkir rayonlarının da əkinə yararlı torpaq sahələrinin su ilə təmin olunduğunu bildirib. İcra başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan və parçalanmaqdan xilas etdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.
Xalqımızı nicata aparan yoldan söz açan rayon rəhbəri bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram elan etdi. İcra başçısı Ulu Öndər Heydər Əliyevin xalqımız və tariximiz qarşısında əbədi və unudulmaz xidməti olduğunu bildirib. 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Rayon rəhbəri qeyd edib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
İcra başçısı vurğulayıb ki, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.
“Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi”, - deyən icra başçısı bu gün onun arzusunun çin olduğunu qeyd edib. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycanın dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrildiyini bildirib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirdiyini söyləyib. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasətin həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapdığını qeyd edib. İcra başçısı Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsi olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Prezident İlham Əliyevin ata vəsiyyətini yerinə yetirərək o arzunu çin etdiyini bildirib. 2020-ci ilin 27 senytabrında başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərlə o arzunun gerçək olduğunu söyləyib. İcra başçısı sonda bir daha 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi ürək sözlərini çatdırıb, ölkəmizin müstəqilliyinin əbədi, dönməz olmasını arzulayıb.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov çıxış edərək tədbir iştirakçılarını millət vəkilinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. “Heydər Əliyev İli”nin əhəmiyyətindən söz açan A.Əmirov bu ilin hər bir azərbaycanlı üçün böyük məna daşıdığını qeyd edib. Azərbaycan xalqının dahi oğluna olan sevgisini çatdırmaq üçün bizlərə verilən ən böyük fürsət, şans, töhfə olduğunu söyləyib. Qazaxda dahi şəxsiyyətə olan bu sevginin layiqincə çatdırıldığını qeyd edərək rayonda Ulu Öndərə həsr olunmuş 100-dən çox tədbirin keçirilməsini bunun bariz nümunəsi olaraq göstərib. Ulu Öndərin gənclər siyasətindən, gənclərə göstərdiyi qayğıdan söz açan natiq bunu hər bir Azərbaycan gəncinin bu gün də hiss etdiyini söyləyib. Ulu Öndərin gənclərlə bağlı siyasətinin onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini söyləyib. 2019-cu il fevralın 1-də Gənclər Günü ilə bağlı gənclərin Prezidentlə olan görüşündən söz açan A.Əmirov həmin görüşün iştirakçılarından biri olduğu üçün özünü xoşbəxt və şanslı hesab etdiyini söyləyib. Ölkə başçısının gənclərlə olan səmimi münasibətinin, göstərdiyi qayğının arxasında Ulu Öndərin gənclər siyasətinin dayandığını, ölkə rəhbərinin həmin qayğını olduğu kimi çatdırdığını bildirib. “Ulu Öndər hər zaman deyirdi ki, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Bu gün biz gənclər də qürurla söyləyirik ki, Ulu Öndər dünən də vardı, bu gün də var, gələcəkdə də bizim qəlbimizdə əbədi yaşayacaqdır”, - deyən A.Əmirov dahi şəxsiyyətin titanik fəaliyyətini gələcək nəsillərə çatdırmaq üçün bir gənc olaraq əlindən gələni əsirgəməyəcəyini söyləyib.
Əmək veteranı, təqaüdçü müəllim Cavanşir Rüstəm çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Şair qeyd edib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onlara müasir müstəqil Azərbaycanı bəxş edən dahi rəhbəri, böyük oğlu olub. Ulu Öndər Heydər Əliyevlə bağlı səmimi ürək sözlərini bölüşən şair ona həsr etdiyi şeiri səsləndirərək dahi şəxsiyyətə olan sonsuz ehtiramını ifadə edib.
Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova, təqaüddə olan Əməkdar müəllim Bəsdi Ələkbərova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əlamətdar gün münasibətilə səmimi təbriklərini çatdırıblar. Ulu Öndər Heydər Əliyevlə olan xatirələrindən, görüşlərindən, qurultaylardan, dahi rəhbər hakimiyyətə gəlməmişdən əvvəl və sonra yaşanan günlərdən, o zaman baş verən hadisələrdən, qanlı-qadalı günlərdən söz açıblar. Dahi şəxsiyyət, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan adlı dövlətin yenidən mövcud olduğunu, dünya dövlətləri arasında əvvəlki nüfuzuna nail olduğunu vurğulayıblar. Xalqımızın bizə müasir, müstəqil Azərbaycan adlı dövləti əmanət, miras qoyan Ümummilli Lideri heç zaman unutmadıqlarını, daim qəlblərdə yaşatdıqlarını söyləyiblər.
AYB-nin üzvü, Qaymaqlı kənd Folklor evinin müdiri, şair Kazım Kazımlı çıxış edərək bildirib ki, bir xalqı, milləti xoşbəxt etmək üçün ilahi qüdrətə malik dahi rəhbər olmalıdır. Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi Ulu Öndəri, Ümummilli Lideri olub, bu gün də var və o, qəlblərdə əbədi yaşayır. Dahi şəxsiyyətə həsr etdiyi şeiri səsləndirən şair Ulu Öndərə olan sonsuz ehtiramını ifadə edib.
GOYEZEN.AZ
Facebook-da paylaş