İcra başçısının bugünkü səyyar görüşü Qazaxın sərhəd kəndi olan Cəfərlidə yaşayan sakinlərlə olub
Bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdən, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdə öz əksini tapır.
Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da olduğu kimi yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq keçirilən növbəti səyyar görüş aprelin 6-da Qazaxın sərhəddə yerləşən Cəfərli kəndində olub.
Qazax rayon Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən söhbət açılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb, keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışıb. Şəhərdə, eləcə də kəndlərdə keçirilən səyyar görüşlərin bir məqsədə - vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini bildirib. Qeyd edib ki, ən əsası da kənddəki mövcud vəziyyəti öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır. İcra başçısı fəaliyyətə başladığı ilk gündən bütün sərhəd kəndlərini, o cümlədən də Cəfərli kəndini, burada yaşayan sakinləri diqqətdə saxladığını qeyd edib.
Sərhəddə yerləşən Cəfərli kəndində yaşayan sakinlərin mərdliyindən, qorxmazlığından söz açan icra başçısı onların mətinliyini, dəyanətini yüksək qiymətləndirib. Qəhrəman kəndin Birinci Qarabağ mühharibəsində 5 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 günə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində Cəfərli kəndindən 36 nəfərin iştirak etdiyini, onlardan 10 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaətdən, qazanılan tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
İcra başçısı rayonun bütün kəndlərində olduğu kimi, Cəfərli kəndində də abadlıq işlərinin aparıldığını, vətəndaşlar tərəfindən səslənən məsələlərin zamanla aradan qaldırıldığını bildirib. Ötən illər ərzində kəndin yolunun yenidən asfaltlanması, kənddə uşaq bağçasının təmir olunması ilə bağlı müraciətlərin müsbət həllini tapdığını vurğulayıb. İcra başçısı rayonda şəhər və kəndlər üzrə mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən 21-nin yüksək səviyyədə təmir olunduğunu, həmin təmirli bağçalardan birinin də məhz Cəfərli kənd Uşaq bağçası olduğunu söyləyib.
Son illər rayonun bütün kəndlərində olduğu kimi, Cəfərli kəndində subartezian quyusunun qazılaraq sakinlərin istifadəsinə verildiyini bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib.
Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 13 nəfərin “Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 1 nəfərin şəhid ailəsi, 2 nəfərin müharibə əlili, 10 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.
Sakinlərdən ağsaqqal Seyfəddin Vəliyev və başqaları çıxış edərək onlarla görüşə gəldiyinə, sərhəd kəndində yaşayan sakinlərə daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son illər rayonda, o cümlədən də Cəfərli kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğun onlar yaşayan kənddən də yan keçmədiyini bildiriblər. Cəfərli kənd uşaq bağçasının təmirini, kəndin yolunun yenidən asfaltlanmasını, əhalinin su təminatının yaxşılaşdırılmasını, eləcə də digər görülən işləri yüksək qiymətləndiriblər. Xüsusilə də uzun illərdən sonra kəndə yeni asfalt yolun çəkilməsini bu gün də razılıq hissi ilə qarşıladıqlarını qeyd ediblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha dərin minnətdarlıqlarını bildiriblər.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kəndarası yolların qum-çınqılla təmir olunması barədə müraciətlərini dinləyən rayon rəhbərliyi səslənən bu məsələyə də həssaslıqla yanaşılacağını, müsbət həlli üçün lazımi addımlar atılacağını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş