• Təqvim

  • Maraq



Qazaxda icra başçısının fevral ayında vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü İkinci Şıxlı kəndində olub

Bu gün ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında hər zaman vətəndaş amili dayanır ki, bu, ölkə Prezidenti İlham Əliyevin vətəndaşlara göstərdiyi diqqət və qayğıda öz əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir. 

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə ötən ilin mart ayından şəhər və kəndlərdə yenidən keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının fevral ayında vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü İkinci Şıxlı kəndində olub. 

Fevralın 23-də Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlər dinlənilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Bu günə kimi, İkinci Şıxlı kəndində 11 səyyar görüş keçirildiyini bildirib. Pandemiyadan sonra üçüncü dəfə keçirilən görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı bugünkü görüşün təməlində vətəndaş məmnunluğunun dayandığını, səyyar görüşün əsas məqsədinin sakinləri narahat edən məsələləri özlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib. 

İcra başçısı bütün kəndlərdə olduğu kimi, İkinci Şıxlı kəndində də hər zaman səslənən məsələlərə, fikirlərə həssaslıqla yanaşıldığını, ötən səyyar görüşdə qaldırılan məsələlərin müsbət həllini tapdığını qeyd edib. Ötən səyyar görüşlərdə səslənən məsələlərdən İkinci Şıxlı kənd 2 saylı Körpələr Evi-Uşaq bağçasının əsaslı şəkildə təmir olunduğunu, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni inzibati binanın inşa edildiyini, yararsız vəziyyətdə olan 38 ədəd elektrik dayağının yerinə yeni metal dayaqların basdırıldığını, rabitə dayaqlarının və xəttinin yeniləndiyini, ümumilikdə kəndin sosial vəziyyəti ilə bağlı qaldırılan bir sıra məsələlərin müsbət həll olunduğunu söyləyib. Kənddə həlli vacib olan məsələlərdən danışan rayon rəhbəri kənddaxili yolların asfaltlanmasının, kənddə olan mövcud arxların beton üzlüyə alınmasının Dövlət Proqramına salındığını, kənddə olan digər 2 uşaq bağçasının təmiri üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını diqqətə çatdırıb. 


İcra başçısı Birinci Qarabağ müharibəsində İkinci Şıxlı kəndindən 5 nəfərin şəhid, 9 nəfərin müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində 2 nəfərin Şəhidlik zirvəsinə ucaldığını, 1 nəfərin müharibə əlili olduğunu söyləyib.  44 günlük haqq savaşında İkinci Şıxlı kəndindən 65 nəfərin iştirak etdiyini, onlardan 51 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib.

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı İkinci Şıxlı kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana kənddə əkin sahəsinin 548 hektardan 1873 hektara çatdırıldığını söyləyib. 

Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğının Qazaxda da yüksək səviyyədə hiss olunduğunu söyləyib. İcra başçısı kənddə yerləşən Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbi üçün Heydər Əliyev Fondu tərəfindən yeni bina tikildiyini, məktəblilərin həmin qayğını əldə etdikləri nailiyyətlərlə doğrultduqlarını, məktəbin qəbul göstəricilərinin ürək açan olduğunu vurğulayıb. 


Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 28 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 5 nəfərin şəhid ailəsi, 7 nəfərin Vətən müharibəsi iştirakçısı, 16 nəfərin aztəminatlı ailə olduğunu qeyd edib.

Rayon rəhbəri narkomaniya, onun törətdiyi fəsadlar, cəmiyyətimizə vurduğu ziyandan da danışıb. Qazax Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi olaraq gənclərimizi cəmiyyətin bu bəlasından qorumaq üçün məqsədyönlü işlər görüldüyünü, xüsusilə də gənclərin məlumatlandırılması üçün mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmasını tövsiyə edib. Erkən nikah, onun qarşısının alınması sahəsində görülən işlərdən danışan rayon rəhbəri bu işdə valideynlə yanaşı, müəllimlərin, eləcə də hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. İcra başçısı istər narkomaniya, istərsə də erkən nikaha qarşı hər kəsin barışmaz mövqedə olmalı olduğunu, mübarizə aparmalı olduğumuzu qeyd edib.


Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Rayon rəhbəri digər kəndlərdə olduğu kimi, İkinci Şıxlı kəndində də SİP kabelləşmə işinin başa çatdırılacağını, qəzalı vəziyyətdə olan elektrik dayaqlarının, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib.

“Bu gün də siz vətəndaşları dinləməyə gəlmişik”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinləri respublikamızda, Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən İkinci Şıxlı kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuq işlərinə, sosial problemlərin müsbət həllini tapmasına görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Mikayılov Qurban İsmayıl oğlunun kənd ərazisində qəzalı vəziyyətdə olan 20 ədəd elektrik dirəyinin yenisi ilə əvəz olunması, Əfəndiyev Rafiq Süleyman oğlunun kənd ərazisində rabitə xətlərinin təmir olunması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. Qeyd edilən məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

GOYEZEN.AZ




Facebook-da paylaş