• Təqvim

  • Maraq



Millət vəkili Səməd Seyidov sərhəd kəndi Fərəhlidə yaşayan sakinlərlə görüşüb


Fevralın 7-də 107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Qazaxda növbəti dəfə seçiciləri ilə görüşüb. 

Millət vəkili Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri və köməkçisi Akif Əmirovla birlikdə rayonun sərhəddə yerləşən Fərəhli kəndində olub, sakinlərin müraciətlərini dinləyib, qayğıları ilə maraqlanıb.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, Səməd müəllimlə olan bugünkü görüşün də yaddaqalan olacağını, səslənən fikirlərin, qaldırılan məsələlərin müsbət həlli istiqamətində lazımi addımların atılacağını vurğulayıb. 


Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti İlham Əliyevin vətəndaşlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib. “Hər bir dövlət məmurunun vəzifə borcu siz vətəndaşları dinləmək və səsləndirdiyiniz hər bir məsələyə qayğı ilə yanaşmaqdır. İşlərin çox olmasına baxmayaraq, hər zaman çalışıram ki, sizlərlə tez-tez görüşüm. Fərəhli kəndi, burada yaşayan insanlar mənim üçün doğma insanlardır. Fərəhli kəndi ön cəbhədə yerləşir və bu kəndin qəhrəman oğulları var. Vaxt tapıb bizimlə görüşə gəldiyinizə görə sizlərə minnətdaram”, - deyən millət vəkili bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini bir daha vurğulayıb. Millət vəkili sərhəddə yaşayan sakinlərə göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Rayon rəhbərinin sərhəd kəndlərinə xüsusi qayğı ilə yanaşmasını razılıqla qarşılayıb və bütün bunlara görə ziyalılar adından təşəkkürünü çatdırıb. 


Sonra millət vəkili və rayon rəhbərliyi sakinləri dinləyib, qayğıları, onları narahat edən məsələləri dinləyiblər. Millət vəkili ilə səmimi söhbət edən kənd sakinləri dövlətin və dövlət başçısının, eləcə də rayon rəhbərliyinin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlıqlarını çatdırıblar. Onlarla olan səmimi görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə təşəkkür ediblər. Xüsusilə də Fərəhli kəndinə yeni asfalt yolun çəkilməsində millət vəkili Səməd Seyidovun göstərdiyi qayğını unutmadıqlarını dilə gətiriblər. Fərəhli kəndinə müasir standartlara cavab verən yeni avtomobil yolunun çəkilməsinə görə ölkə Prezidenti İlham Əliyevə və əziyyəti keçən insanlara bir daha minnətdarlıqlarını bildiriblər. 

Sakinlərin qaz və elektrik sayğaclarının abonent kodlarında yazılmış köhnə borcların silinməsinə köməklik göstərilməsi ilə bağlı müracətləri dinlənilib. Sakinlərin borcla bağlı məsələlərinin araşdırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. Sakinlərin SİP kabelləşmə, internet xəttinin çəkilişi və digər müxtəlif məzmunlu müraciətlərini dinləyən rayon rəhbərliyi səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağını qeyd edib.

GOYEZEN.AZ



Facebook-da paylaş