• Təqvim

  • Maraq



Qazaxda RİH başçısı aparatı yanında fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”nın geniş tərkibdə iclası keçirilib


Yanvarın 9-10-u tarixlərində Qazax Rayon İcra Hakimiyyətinin başçısı aparatı yanında fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”nın geniş tərkibdə iclası keçirilib. 

Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən iclasda icra aparatının məsul şəxsləri, komissiya üzvləri, rayonun ümumtəhsil məktəblərində nizam-intizam qaydalarına riayət etməyən şagirdlər və onların valideynləri, təşkilatçı müavinlər iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev iclası giriş sözü ilə açaraq iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə təhsil sahəsinə göstərdikləri qayğıdan söz açan birinci müavin həmin qayğının Qazax rayonunda da hiss olunduğunu qeyd edib. Bunun bariz nümunəsi olaraq son illər rayonda yeni-yeni inşa olunan və yaxud da əsaslı şəkildə təmir edilən məktəbləri göstərib. 


Birinci müavin M.Alıyev rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən daim diqqət ayırdığı sahələrdən birinin məhz təhsil sahəsi olduğunu da qeyd edib. Təhsil sahəsinə olan bu cür qayğının müqabilində 2022-2023-cü tədris ilində rayonun bəzi ümumtəhsil məktəblərində baş verən neqativ halları, çətin tərbiyə olunan şagirdlər tərəfindən yaşanan hadisələri xoşagəlməz hal kimi qiymətləndirib. Bu cür hallara təkrar yol verilərsə aidiyyəti qurumlar tərəfindən ciddi addımlar atılacağını bildirib.  


Komissiyanın sədri, Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, görüşün əhəmiyyətini vurğulayıb. Qazax RİH başçısı aparatı yanında fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”nın 2022-ci il ərzində görüdüyü işlər barədə məlumat verib. G.Həsənova qeyd edib ki, adıçəkilən Komissiyanın əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməkdən, onların hüquqlarını və qanuni mənafelərini qorumaqdan, davranışına nəzarət etməkdən, qanunazidd əməllərinin qarşısını almaqdan, göstərilən məsələlərdə dövlət və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini əlaqələndirməkdən ibarətdir. G.Həsənova son dövrlər bir sıra ümumtəhsil məktəblərində müşahidə olunmuş müəyyən neqativ halları təəssüf hissi ilə qeyd edərək cəmiyyəti bu cür hallara qarşı mübarizə aparmağa çağırıb. Məktəblərdə təhsil alan və eyni zamanda risk qrupunda olan (dərsə davamiyyəti zəif olan, dərs zamanı tədrisə mane olaraq müəllim və şagirdlərin fikrini yayındırmağa çalışan, sosial şəbəkələrdə qeyri-etik mövzularda paylaşımlar edən və s.) şagirdlərdə sağlam həyat tərzinin formalaşmasında müəllim kollektivi ilə yanaşı, valideynlərin də üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Məhz bu səbəbdən valideynlərin məktəblərlə əlaqəli şəkildə işləmələrini, daim övladlarının dərsə davamiyyətinə və asudə vaxtlarını hansı formada keçirmələrinə nəzarət etmələrini tövsiyə edib. 

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan RzayevRayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqov, RİH başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbə rəhbərlik etmiş təqaüddə olan respublikanın Əməkdar müəllimi Bəsti Ələkbərova çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər. Tədbirdə səslənən fikirlərdən, bildirilən irad və xəbərdarlıqlardan nəticə çıxarmalarını bildirərək qeyd olunan mövzunun mahiyyətini dərk edib övladları ilə bağlı lazımi addım atmalarını söyləyiblər.  


Tədbirdə həmçinin narkomaniya, onun törətdiyi fəsadlar, cəmiyyətimizə vurduğu ziyandan da söz açılıb. Qazax Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi olaraq gənclərimizi cəmiyyətin bu bəlasından qorumaq üçün məqsədyönlü işlər görüldüyü, xüsusilə də gənclərin məlumatlandırılması üçün mübarizə tədbirlərinin gücləndirildiyi, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyi vurğulanıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olması tövsiyə edilib. Erkən nikah, onun qarşısının alınması sahəsində görülən işlərdən danışılaraq bu işdə valideynlə yanaşı, müəllimlərin, eləcə də hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyü qeyd olunub. İstər narkomaniya, istər erkən nikah, istər məişət zorakılığı, istərsə də insan alverinə qarşı hər kəsin barışmaz mövqedə olmalı olduğu və mübarizə aparmalı olduğu vurğulanıb.

Təşkilatçı müavinlər öz çıxışlarında çalışdıqları tədris müəssisələrində məktəb rəhbərliyi, sinif rəhbərləri, uşaq birliyi rəhbərləri və məktəb psixoloqlarının birgə fəaliyyətini əlaqələndirərək üzərilərinə düşən işin öhtəsindən layiqincə gəlmələri üçün var qüvvələri ilə çalışacaqlarını qeyd ediblər. 

Valideynlər keçirilən iclasın əhəmiyyətini vurğulayaraq bu tədbirin övladlarının sağlam ruhda tərbiyə olunması istiqamətində atılan addım kimi qiymətləndiriblər. Buna görə rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.

 

GOYEZEN.AZ



Facebook-da paylaş