• Təqvim

  • Unutma

  • Maraq



Prezident İlham Əliyev: “Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi”


2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində tarixi Qələbə, şanlı Zəfər əldə edən Azərbaycan bu gün qalib ölkə kimi bütün dünyada öz sözünü deyir. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsi öz əks-sədası ilə Azərbaycanı qalib ölkə kimi bütün dünyaya tanıtdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 30 illik işğala 44 gündə son qoyaraq dövlətimizin və xalqımızın gücünü dünya dövlətlərinə bir daha göstərdi. Artıq hər gün xalqımızın yaddaşına, dövlətimizin tarixinə əlamətdar hadisələrlə yazılır. 21 noyabr tarixi də yaddaşlardan uzun müddət silinməyəcək. Ona görə ki, cari ilin 21 noyabr tarixi Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə təşkil olunmuş tədbirdə iştirakı və çıxışı ilə yadda qaldı. 

Ölkə Prezidentinin çıxışında qeyd etdiyi kimi, Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. 

Ölkə başçısı bildirdi ki, Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.

Ölkə rəhbəri çıxışında vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. 

Dövlət başçısı qeyd etdi ki, müstəqilliyin ilk ilində demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi.

Dövlət başçısının vurğuladığı kimi, 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi həm mənəvi cəhətdən, eyni zamanda, hərbi-strateji nöqteyi-nəzərdən böyük faciə idi. O vaxt “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi ilə Ermənistan arasında coğrafi bağlantı təmin edildi. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşdü və beləliklə, ərazimizin böyük hissəsi nəzarətimizdən çıxmışdı.

Ölkə rəhbərinin də qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o, həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir. Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan insanlar öz həyatını yenidən qura bilmişdilər.

Ölkə rəhbərinin də söylədiyi kimi, xalqımızın 1980-ci illərdə üzləşdiyi faciə bir daha göstərirdi ki, xalqımız yalnız Heydər Əliyevi rəhbər vəzifədə görmək istəyir. Çünki onun çalışdığı dövrdə - nə 1969-1982-ci illərdə Azərbaycanda birinci şəxs kimi çalışdığı dövrdə, nə 1982-1987-ci illərdə Moskvada Siyasi Büronun üzvü kimi çalışdığı dövrdə bir dəfə də olsun Qarabağda separatist qüvvələr baş qaldıra bilmədilər.

Ulu Öndər Heydər Əliyev bütün vəzifələrdən istefa verəndən iki həftə keçməmiş erməni separatçıları artıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi ilə bağlı məsələ qaldırmışdılar. Ulu Öndər pensiyada olanda da, xalqımız üçün ən faciəvi günlərdə də xalqla birlikdə idi. 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hökumətini, Kommunist Partiyasını – uzun illər xidmət etdiyi partiyanı ittiham etmişdir, bu dəhşətli cinayəti qınamışdır. 

Ölkə başçısı çıxışında unudulmaz tarixdən söz açaraq bildirdi ki, YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. 

Ölə başçısının da dediyi kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır. İlk növbədə, Konstitusiya qəbul edilmişdir. Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma Konstitusiya yox idi. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Beynəlxalq təcrid, o cümlədən informasiya blokadası aradan qaldırıldı. Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir.

Dövlət başçısının dediyi kimi, bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Ordu quruculuğu sahəsində atılan addımlar imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq. 

Uzunmüddətli strateji inkişaf modelindən danışan ölkə rəhbəri bildirdi ki, bütün planları həyata keçirmək üçün güclü maliyyə imkanları olmalı idi. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı. 1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü.

Dövlət başısının çıxışında qeyd etdiyi kimi, məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək.

Prezidentin də vurğuladığı kimi, 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar.

Ölkə başçısı vurğuladı ki, Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. 

Dövlət başçısının söylədiyi kimi, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Uğurlu iqtisadi-maliyyə siyasətinin nəticəsində xarici dövlət borcu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bu amil həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir. Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək. Aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Ölkənin valyuta ehtiyatları xarici borcdan 8 dəfə çoxdur.

Dövlət başçısının qeyd etdiyi kimi, bu gün hələ də görüləsi işlər çoxdur. İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir. Dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Aparılan iqtisadi islahatlar yaxın gələcəkdə bizə əlavə imkanlar verəcək.

Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. O ölkələr ki, iqtisadi cəhətdən digər ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə qurumlarından asılıdır, o ölkələr faktiki olaraq müstəqil siyasət aparmaqda çətinlik çəkirlər.

Ölkə Prezidenti qeyd etdi ki, biz hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin. Biz istəyirdik ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və belə bir imkan olmasın.

Ölkə rəhbəri bildirdi ki, yoxsulluq əhəmiyyətli dərəcədə azalıb. Hətta pandemiya dövründə yoxsulluq bir qədər artsa da postpandemiya dövründə görülmüş işlər nəticəsində minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin müntəzəm olaraq artırılması nəticəsində yoxsulluğu da təqribən 5 faiz ətrafında saxlayırıq. Bu da dünya miqyasında çox gözəl göstəricidir.

Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir.

Ölkə başçısınn söylədiyi kimi, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdiririk. Bu gün Azərbaycanda dünya miqyasında nadir və təkrarolunmaz mühit yaradılıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır.

1990-cı illərin ortalarında Ulu Öndərin təşəbbüsü ilə başlanmış neft-qaz layihələri indi geniş vüsət almışdır. Onun müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri əsas rol oynamışdır. Bu gün dünyada gedən proseslər göstərir ki, enerji təhlükəsizliyi təhlükəsizliyin əsas amillərindən biridir. Bu olmadan heç bir ölkə özünü təhlükəsiz saya bilməz. Bizim üstünlüyümüz ondadır ki, təbii sərvətlərimiz var. Azərbaycanda bu sahədə aparılan işlər həm ölkə iqtisadiyyatını gücləndirdi, eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə cəmiyyətdə bölüşdürüldü. Neft-qaz layihələri ölkəmizin beynəlxalq mövqelərini də gücləndirdi.

Dövlət başçısı güclü ordu quruculuğundan söz açaraq vurğuladı ki, bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır.

Azərbaycanın beynəlxalq mövqeləri böyük dərəcədə möhkəmləndi. Azərbaycan MDB məkanında birinci ölkə oldu ki, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi. 2019-cu ildə 120 ölkənin yekdil qərarı ilə Azərbaycan Qoşulmama Hərəkatına sədr seçildi və sədrliyin müddəti bir il daha uzadıldı. Biz İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən bir çox digər təşkilatlar çərçivəsində uğurlu fəaliyyət göstəririk. Hətta üzv olmadığımız təşkilatlarda da bizim dostlarımız az deyil və son illərin, ayların hadisələri onu bir daha göstərir.

Ölkə başçısı bildirdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bizim dostlarımız Ermənistanınkından daha çoxdur. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatın xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Bu, böyük təxribatdır və böyük cinayətdir. Ancaq bu təşkilatın üzvləri bu təxribata getmədilər.

Ölkəmiz üzv olmadığı, amma Ermənistanın üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir. Onlar bir-birinə bacı deyirlər. Orada hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və həqiqətə tam zidd idi. Frankofoniya təşkilatında olan dostlarımızın səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdi. 

Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq, dostluq prinsipləri üstünlük təşkil edir. Ölkəmiz imkan daxilində ehtiyacı olan dövlətlərə kömək göstərir, necə ki, COVID dövründə 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərilmişdir.

Dövlət başçısının qeyd etdiy kimi, Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Bu gün ölkəmizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır. Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Biz bu hədəfə doğru gedirdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. 

Prezident İlham Əliyevin söylədiyi kimi, xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.

Bəli, Prezident, Yeni Azərbaycan Partiyasının sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan bundan sonra da qüdrətli, güclü dövlət kimi bütün dünyada söz sahibi olacaq. Qalib ölkənin vətəndaşları olaraq Azərbaycan xalqı bundan sonra da uğurlara, zəfərlərə imza atacaq.

GOYEZEN.AZ



Facebook-da paylaş