• Təqvim

  • Maraq



Qazaxda qarşıda duran vəzifələr geniş müzakirə olunub

Qazaxda qarşıda duran vəzifələr geniş müzakirə olunub
Qazaxdakı Gənclər Mərkəzində taxılçılığın mövcud vəziyyətinə həsr olunmuş müşavirəni rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə açaraq ötən təsərrüfat ilində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr haqqında danışmışdır. Qeyd olunmuşdur ki, Prezident cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlayıb. Əsas məqsəd kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olmaq, yerlərdə potensial imkanlardan maksimum yararlanmaq, ixracyönümlü məhsulların istehsalına diqqəti artırmaq, qeyrineft sektorunu inkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəltməkdir.
Rayon ərazisinin ümumi əkin sahəsi 21 min 180 hektardır. Əgər 2016-cı ildə 16 min 518 hektardan bir qədər çox sahədə əkin aparılmışdısa, 2017-ci ildə bu rəqəm 19 min 500 hektara çatdırılmışdır. Gələn il isə 20 min hektardan artıq sahədə əkin aparılması nəzərdə tutulur. 2016-cı ildə əkilmiş 7820 hektar taxıl sahəsindən 23 min 750,2 ton məhsul istehsal olunmuş, orta məhsuldarlıq 30,37 sentner təşkil etmişdir. Amma bu il 11 min 39,8 hektar taxıl sahəsindən 36 min 469 ton məhsul əldə olunmuş, məhsuldarlıq 33,03 sentnerə çatmışdır.
Rayon icra hakimiyyəti baş- çısının birinci müavini Məmməd Alıyev çıxışında bildirmişdir ki, həqiqətən də ötən təsərrüfat ili rayon üçün uğurlu olmuşdur və bir sıra yüksək nəticələr qazanılmışdır. Bu, yüksək reproduksiyalı toxumlardan istifadə və məhsulun becərilməsi zamanı bütün aqrotexniki qaydalara əməl olunması sayəsində əldə edilmişdir. 2017-ci ildə rayona 1481 ton müxtəlif növ mineral gübrə gətirilərək, güzəştli qiymətlərlə istehsalçılara satılmışdır. 2018-ci ilin məhsulu üçün əkiləcək sahələrə 2160 tondan artıq müxtəlif növ mineral gübrə sifariş verilmişdir.
Rayonda taxıl biçini vaxtında və itkisiz başa çatdırılmışdır. Biçin vaxtı 55 taxılbiçən kombaynın gücündən istifadə edilmişdir. Ötən illərdən fərqli olaraq istehsal edilmiş məhsulun satışında da heç bir problem olmamışdır.
Hazırda rayon ərazisində 3458 hektar sahədə şumlama aparılmışdır ki, bu da keçən ildəkindən 208 hektar çoxdur. Amma havaların quraqlıq keçməsi payızlıq əkin sahələrinin şumlanmasında bir qədər gecikmələr yaradır.
Qazaxda kənd təsərrüfatına göstərilən diqqət və qayğının nəticəsidir ki, son illər əkin sahələrində ciddi artım müşahidə olunur. Lakin əkilmiş məhsulların becərilməsi zamanı kənd təsərrüfatı texnikasının çatış- mazlığı hiss olunur. Ona görə də rayonun bu ehtiyacının ödənilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi qarşısında məsələ qaldırılmışdır.
2017-ci ildə rayon ərazisində 275 kilometr suvarma arxlarında təmizləmə işləri aparılmış, su itkisinin qarşısı alınmışdır. Fərəhli kəndində 200 hektar ərazinin suvarılması məqsədilə yeni suvarma şəbəkəsi quraşdırılmışdır.
2018-ci ildə də arxların təmizlənməsi prosesi davam etdiriləcəkdir ki, fermerlərin suvarma suyu ilə təminatında ləngimələr olmasın. Bu işdə işçi qrupunun üzvlərinin rolu danılmazdır. Belə ki, onlar arxların təmizlənməsi ilə əlaqədar əhali arasında daim maarifləndirmə işləri aparmışlar.
Ölkə Prezidentinin bu ilin iyununda imzalanmış sərəncamına əsasən, 36 şəhər və rayonun 136 yaşayış məntəqəsində 150 subartezian quyusunun layihələndirilməsi və qazılması nəzərdə tutulmuşdur ki, bunlardan da 6-sı Qazax rayonunun Birinci Şıxlı, Çaylı, Alpout, Canalı və Hüseynbəyli kəndlərində qazılacaqdır. Gələn il 11 ədəd subartezian quyusunun qazılması planlaşdırılır.
Müşavirədə rayon kənd təsərrüfatı idarəsinin rəisi Həmid Pənahov, "Birinci Şıxlı" kəndlifermer təsərrüfatı direktorunun müavini Səfurə Vəliyeva, Qazax "Aqroservis” ASC-nin direktoru Vilayət Məmmədov, rayon bitki mühafizə mərkəzinin direktoru Əli Mustafayev, aqronom Osman Mustafayev, sahibkar, toxumçuluq təsərrüfatının rəhbəri Asif Yusifov və başqaları çıxış edərək ötən təsərrüfat ilinin yekunu, taxılçılığın inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişlər.
RİH başçısı Rəcəb Babaşov müşavirəyə yekun vurmuş, rayonda tikinti-quruculuq və abadlıq, yeni yolların salınması, payızlıq əkin, qışa hazırlıqla əlaqədar aparılan işlərin daha da sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün əlaqədar qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.
Hamlet QASIMOV,
"Xalq qəzeti”nin bölgə müxbiri
8 oktyabr 2017-ci il


Facebook-da paylaş