Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan çavuş Elməddin Nəsibovun bu gün ildönümüdür
27 sentyabr və 10 noyabr! Bu rəqəmlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan uğurlu rəqəmlərdir. Azərbaycan xalqının tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı günlərdir. 27 sentyabr Azərbaycan torpaqlarının ərazi bütövlüyü, tamlığı uğrunda haqq savaşına çıxdığımız tarixi gündür. 10 noyabra kimi 44 günlük bir yol qət etdik və sonunda Zəfər, Qələbə bizim oldu. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin əli, şücaəti ilə yenidən yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əzəli Azərbaycan torpağı olan Qarabağın geri qaytarılması, Xocalının intiqamı uğrunda başladığı müqəddəs müharibənin böyük tarixi Qələbə ilə sona çatması xalqın və haqqın Qələbəsi kimi yaddaşlara yazıldı.
2020-ci ilin 27 sentyabrında başlanan və 10 noyabr tarixinə kimi davam edən Vətən müharibəsi haqqında hələ tarix kitablarında çox yazılacaq. Bu günümüzün hazırkı həqiqəti, reallığı isə budur ki, Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin iradəsini, əqidəsini, mətinliyini, ordumuzun gücünü, qüdrətini, Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya bir daha göstərdi.
Bu gün hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.
Vətən uğrunda canından keçərək Şəhidlik zivəsinə ucalan və daim qəlbimizdə yaşayan igid oğullarımızdan biri də şəhid çavuş Nəsibov Elməddin Yusif oğludur.
Oktyabrın 29-da 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin ildönümüdür və şəhadətindən 2 il ötür.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, şəhid ailələri, müharibə əlilləri qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən, Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi yad etməyin hər bir azərbaycanlının mənəvi borcu olduğu söylənilib. Vətən üçün canını fəda edən Elməddin Nəsibov kimi oğulların döyüşdə göstərdiyi qəhrəmanlıqlarının hər kəs üçün örnək olduğu, şəhidlərimizin hər an bizim qəlbimizdə yaşayacağı qeyd edilib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Elməddin kimi qəhrəman şəhidimizə, qazilərimizə minnətdar olduğumuz dilə gətirilib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna nümunə olduğu bildirilib. Qazaxda ilk gündən rayon rəhbərliyi tərəfindən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı söylənilib.
Şəhidin qardaşı Elşən Nəsibov şəhid ailəsi kimi hər zaman Elməddinin ailəsinə göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şəhidimizin xatirəsinin yad olunmasını Elməddinin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Elməddin Nəsibov və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr etdiklərini söyləyib.
Şəhid Elməddin Nəsibov 8 avqust 1983-cü ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1990-cı ildə Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2001-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Orta təhsilli idi. 2001-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2003-cü ilin aprel ayında tərxis olunmuşdur.
12 may 2014-cü il tarixdən 28 iyun 2014-cü tarixədək “N” saylı hərbi hissədə “Pulemyot manqa komandiri” ixtisası üzrə tam kurs keçmişdir. 28 iyun 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olmuşdur. “N” saylı hərbi hissənin komandiri olmuşdur. 27 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 29 oktyabr 2020-ci ildə Qazax rayon Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Nəzrin və Nigar adlı iki qızı yadigar qalıb.
Bütün şəhidlərimiz kimi Elməddin Nəsibovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhidimizin də adı var. Elməddin Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Qəhrəman şəhidimizin doğulduğu kənddə evinə gedən yolda adını əbədiləşdirən bulaq inşa olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş