Vətən müharibəsi şəhidi leytenant Məhəmməd Məmmədovun vaxtilə təhsil aldığı BDU-nun Qazax filialında xatirəsini əbədiləşdirən guşənin açılışı və adına yazılan kitabının təqdimatı olub
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində şanlı Azərbaycan Ordusu 2020-ci il senytabrın 27-də haqq səsimizi bütün dünyaya çatdıracaq Vətən müharibəsinə başladı. Ordumuzun əsgər və zabitlərinin, hərbçilərimizin gücü, əzmi sayəsində Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbə ilə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq tarixə qovuşdu. Bu haqq savaşında Azərbaycan Ordusu 44 gündə hərb tariximizə bütün tarix boyu danışılacaq Zəfər səhifələrini yazdı. Tariximizin böyük rəhbəri, qüdrətli sərkərdəsi, mahir dövlət başçısı İlham Əliyev bu haqq savaşında xilaskarlıq missiyasını uğurla həyata keçirərək, ərazi bütövlüyümüzü düşməni əzə-əzə, qova-qova bərpa etdi. Xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini yaşatdı.
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq, adlarını əbədiləşdirmək, daim yad etmək vətəndaş olaraq hər birimizin borcudur. Bu gün vətəndaş olaraq hər birimiz qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə və hərbçilərimizə borcluyuq.
Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytararaq bizlərə Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğludur.
8 Noyabr – Zəfər Günü ərəfəsində ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun əziz xatirəsi vaxtilə ali təhsil aldığı Bakı Dövlət Universitetinin Qazax filialında da anılıb.
Oktyabrın 27-də Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə filialda Vətən müharibəsi şəhidi leytenant Məhəmməd Məmmədovun xatirəsini əbədiləşdirən guşənin, bundan əlavə, 44 günlük Vətən müharibəsi şəhidlərinin və 2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısını alan zamanı Şəhidlik zirvəsinə ucalmış baş leytenant Kazımov Yunis Qasım oğlunun, baş gizir Məmmədov Azər Mustafa oğlunun, gizir Kərimov Azad Zakir oğlunun şəkillərinin yer aldığı guşənin açılışı olub. Həmçinin, BDU-nun Qazax filialının təşəbbüsü və dəstəyi ilə filialın Mətbuat Xidmətinin rəhbəri, “Göyəzən” qəzetinin baş redaktoru, “Tərəqqi“ medalı ilə təltif olunmuş, jurnalist, şair-publisist Elçin İsmayıl tərəfindən hazırlanmış, qəhrəman şəhidə həsr olunmuş şeirlərin toplandığı “Adını tarixə yazdı” adlı kitabın təqdimatı keçirilib.
Açılış və təqdimat mərasimlərində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə əlilləri, filialın müəllim-tələbə kollektivi iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə 8 Noyabr – Zəfər Günü ilə əlaqədar filialın tələbələri tərəfindən hazırlanmış əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq qonaqları, şəhid ailələrini, müharibə əlillərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. 8 Noyabr – Zəfər Gününə və filialın məzunu olmuş şəhid Məhəmməd Məmmədovun xatirəsinə həsr olunmuş tədbirdə iştiraklarına görə razılığını bildirib. “Əziz şəhid valideynləri sizlərin övladları olan şəhidlərimizin hamısı xalqımızın, bizlərin şəhidləridir, övladlarıdır. Bütün şəhidlərimiz bizim üçün əzizdir. Şəhid anaları qarşısında, şəhidlərimizin ruhu qarşısında baş əyirik”, - deyən A.Rüstəmov igid Vətən oğullarının xatirəsinin bundan sonra da daim əziz tutulacağını bildirib. 44 günlük Vətən müharibəsindən söz açan A.Rüstəmov həmin müharibədə sağlamlığını itirən qazilərimizin də bizim üçün əziz olduqlarını söyləyib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən qayğının Qazax rayonunda da olduğu kimi davam etdirildiyini diqqətə çatdıran natiq bugünkü tədbiri həmin qayğının, hörmət və ehtiramın bariz nümunəsi kimi göstərib. BDU-nun Qazax filialında şəhidlərimizin əziz xatirəsinin daim yad olunması, 27 Sentyabr – Anım Gününün, 8 Noyabr – Zəfər Gününün yaddaşlara əbədi həkk olunması istiqamətində silsilə tədbirlərin keçirildiyini və bundan sonra da davam etdiriləcəyini qeyd edib. A.Rüstəmov həmçinin filialın məzunu olmuş şəhid Məhəmməd Məmmədovun guşəsinin yaradılması təşəbbüsünü dəstəklədiyinə, eləcə də müəllim və tələbələrə göstərdiyi qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Göstərilən dəstək və qayğını yüksək qiymətləndirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Şəhid ailələrinə dəvəti qəbul edib gəldiklərinə görə razılığını bildirib. “Şəhidlərimiz canlarından keçərək ən ali zirvə olan Şəhidlik zirvəsinə ucaldılar. Bizim də borcumuzdur ki, şəhidlərimizi daim yad edək, adlarını yaşadaq, xatirələrini əbədiləşdirək. Ən əsası da elə etməliyik ki, şəhidlərimizin ailələri gördüyümüz işlərə baxarkən övladları ilə qürurlansınlar. Etdiyimiz, gördüyümüz işlər şəhidlərimizin adlarına layiq olsun”, - deyən icra başçısı bu istiqamətdə görülən işlərin bundan sonra da olduğu kimi davam etdirilcəyini qeyd edib. Bu gün filialda şəhid məzunun xatirəsini əbədiləşdirən guşənin yaradılmasını yüksək qiymətləndirən rayon rəhbəri respublikamızın müxtəlif şəhər və rayonlarından olan tələbələrin şəhid Məhəmməd Məmmədovu daha yaxından tanımaları üçün böyük töhfə olacağını söyləyib. Tələbələrin qəhrəman bir oğulun təhsil aldığı filialı bitirmələri ilə qürur duyacaqlarını vurğulayıb. "Şəhid ailələrinin qayğıya, diqqətə ehtiyacı var ki, dövlətimiz, ölkə rəhbəri həmin qayğını yüksək səviyyədə göstərir. Əgər bu gün Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə qayğı göstərirsə, şəhid ailələrinin, qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, qazinin yarası Azərbaycan xalqının yarasıdır deyirlərsə, bu, hər bir dövlət məmuruna örnək olmalıdır”, - deyən icra başçısı Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini salamlayıb, səmimi ürək sözlərini bölüşüb. “Bu gün istər dövlət məmuru olaraq istərsə də vətəndaş olaraq əsas həyat amalımız canlarını bizlər üçün fəda etmiş şəhidlərimizin adını uca tutmaq, şəhid ailələrinə, sağlamlığını itirmiş qazilərə qayğı göstərmək, daim onların yanında olduğumuzu göstərmək olmalıdır”, - deyən millət vəkili bugünkü tədbirdə iştirak etməyi özünə borc bildiyini qeyd edib. Gənclərin ali təhsil aldığı belə bir məkanda qəhrəman şəhidin adını yaşatmaq, onu gələcək nəsillərə tanıtmaq üçün yaradılan guşəyə, bu nümunəvi təşəbbüsə görə rayon rəhbərliyinə və filialın kollektivinə ziyalı olaraq minnətdarlığını bildirib. Millət vəkili Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı, canı bahasına 44 günlük Vətən müharibəsində Qələbə qazanan Azərbaycanın qalib ölkə kimi bütün dünyaya meydan oxuduğunu, bundan sonra da böyük zirvələr fəth edəcəyini söyləyib və bu yolda hər kəsə uğurlar arzulayıb.
BDU-nun Qazax filialının Mətbuat Xidmətinin rəhbəri Elçin Məmmədov çıxış edərək öz növbəsində şəhid ailələrini və iştirakçıları salamlayıb. Rayon rəhbərliyinin şəhid ailələrinə, qazilərimizə göstərdiyi qayğıdan, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən söz açan E.İsmayıl həmin işlər arasında ənənə halını alan kitabların yazılmasını xüsusi vurğulayıb. Ötən il Vətən müharibəsi şəhidlərinin xatirəsinə yazılmış “Qanları ilə dastan yazanlar”, Vətən müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun şeirlərinə yazılmış “Yarımçıq qalmış şeir dəftəri”, bu gün isə Vətən müharibəsi şəhidi leytenant Məmmədov Məhəmməd Zakir oğlunun xatirəsinə yazılmış “Adını tarixə yazdı” adlı kitabların müəllifi olduğu üçün, az da olsa şəhidlərimizə olan borcunu qaytarmaq şansı olduğu üçün özünü şanslı hesab etdiyini vurğulayıb. Kitabın adının şəhidimizin anası Yaqut xanım tərəfindən təqdim edildiyini, onun arzuladığı kimi hazırlandığını qeyd edən E.İsmayıl kitabda şəhidin xatirəsinə yazılmış şeirlərin, esselərin, xatirələrin toplandığını bildirib. Gələcək nəsillərin tariximizi, şəhidlərimizi, onların keçdikləri döyüş yolunu daha yaxından öyrənmək üçün bu cür kitabların mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Şəhid atası Zakir Məmmədov şəhid ailəsi kimi hər zaman onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Onları daim diqqətdə saxladığına, ziyarət etdiyinə görə rayon rəhbərliyinə razılıq edib. Övladının təhsil aldığı filialda adının əbədiləşdirilməsi, gələcək nəsillərə tanıdılması istiqamətində nümunəvi təşəbbüslərinə, istər guşənin yaradılmasına, istərsə də övladının xatirəsinə yazılmış şeirlərin kitab şəkildə çap olunmasına görə əməyi, əziyyəti keçən insanlara təşəkkürünü çatdırıb. Bu nümunəvi təşəbbüsü övladının timsalında şəhidlərimizə olan hörmət və ehtiramın əyani sübutu kimi qiymətləndirib.
Daha sonra filialın idman zalında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş sərbəst güləş üzrə turnirin final mərhələsi keçirilib.
Turnirdə BDU-nun Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri mübarizə aparıblar.
Final görüşünü rayon rəhbərliyi, qonaqlar və şəhid ailələri də izləyiblər.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda qaliblər bəlli olub. 61 kq çəki dərəcəsində Ruslan Əliyev I, Rəvan Pənahlı II, Elcan Məmmədov III yerin qalibi olublar. 65 kq çəki dərəcəsində Turxan Qasımov I, Yusif Qurbanlı II, Ceyhun Binəndə III yerə layiq görülüblər. 70 kq çəki dərəcəsində Həsən Abbaslı I, Əli Novruzov II, Orxan Əlişov III yeri tutublar. 74 kq çəki dərəcəsində yarışın birincisi Ruzigar Əsgərov, ikincisi Şamil Murğuzov, üçüncüsü Maksim Məmmədzadə olub. 79 kq çəki dərəcəsində Ruslan Məmmədəliyev I, Səbuhi Musayev II, Nurlan Hacalıyev III yeri qazanıblar. 86 kq çəki dərəcəsində Sabir Vəliyev I, Cavid Əmiraslanov II, Oktay Bənnayev III yeri əldə ediblər.
Qaliblərə BDU-nun Qazax filialı tərəfindən hazırlanmış Fəxri Fərmanlar təqdim edilib. Fəxri Fərmanları qaliblərə şəhid ailələri təqdim ediblər.
Tədbirdə Türkiyənin Antalya şəhərində Qol güləşi üzrə keçirilən dünya birinciliyində II yeri tutmuş filialın Sosial iş ixtisası üzrə III kurs tələbəsi Sayad Mustafazadəyə qazandığı medal və Fəxri Fərman təqdim olunub.
Şəhid Məhəmməd Məmmədov 27 yanvar 1994-cü ildə Qazax rayonunun Alpout kəndində anadan olmuşdur. 2001-ci ildə Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin Qazax filialının Tarix-coğrafiya fakültəsinə qəbul olmuşdur. 2016-cı ildə universiteti bitirən Məhəmməd elə həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2017-ci ildə həqiqi hərbi xidmətdən qayıtmış, həmin ilin dekabr ayında könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında zabit kimi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin tağım komandiri olan leytenant Məhəmməd Məmmədov 04.10.2020-ci il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 07.10.2020-ci il tarixdə doğulduğu Alpout kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Dövlətimiz, ölkə rəhbəri tərəfindən şəhidlərimizin xatirəsinin əziz tutulması, göstərdikləri qəhrəmanlıqlara görə orden və medallarla təltif olunmaları onlara olan yüksək diqqət və qayğının bariz nümunəsidir. Şəhid leytenantımız Məhəmməd Məmmədov da cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Qəhrəman şəhidimizin doğulduğu kənddə adını əbədiləşdirən bulaq inşa olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş