• Təqvim

  • Maraq



Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşları Qazaxda IX-XI sinif şagirdləri ilə görüşüblər

 

“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndan irəli gələn tələblərə müvafiq olaraq Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviqlə bağlı təbliğat xarakterli tədbirlərin Nazirliyin Tədbirlər Planı və müvafiq Göstərişinə uyğun olaraq mütəmadi və effektiv icrasını təmin etmək məqsədilə keçirilən silsilə tədbirlər davam etdirilir.

Növbəti tədbir oktyabrın 21-də Qazaxda keçirilib. Qazax Gənclər Evində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndəsi, polis polkovnik-leytenantı Eldəniz Kazımov, Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov, polis əməkdaşları, Qazax Rayon Təhsil Sektorunun baş məsləhətçisi Əziz Məmmədov, məktəb direktorları, IX-XI sinif şagirdləri iştirak ediblər.

Tədbir Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək qonaqları və  tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla nazirliyin, Polis Akademiyasının əməkdaşlarına Qazaxda yeniyetmə və gənclərin təhsilə həvəsləndirilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində keçirilən tədbirə görə minnətdarlığını bildirib. Rayon rəhbəri bu cür tədbirin keçirilməsini dövlət tərəfindən təhsilə, gənclərə göstərilən qayğı kimi qiymətləndirib. “Polis Azərbaycan dövlətinin bel sütunudur. Polis hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinin keşiyində dayanır. Polis həm peşəsini yerinə yetirir, həm də vicdanlı Azərbaycan vətəndaşı olaraq dövlətin asayişinin təmin edilməsində gecə-gündüz bilmədən xidmət edir”, - deyən icra başçısı gənclərə bu şərəfli peşəni seçməklə dövlətin keşiyində dayanan insanlardan olmağı arzulayıb. 


Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndəsi, polis polkovnik-leytenantı Eldəniz Kazımov çıxış edərək tədbir iştirakçılarını Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanovun adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Tədbirin keçirilməsində göstərilən dəstəyə görə razılığını bildirib. E.Kazımov qeyd edib ki, tədbirin əsas mahiyyəti daxili işlər orqanlarında xidmətin şərəfliliyi, yeniyetmə və gənclərin DİN sistemində təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində ümumtəhsil məktəblərində təhsil alan şagirdlərlə söhbətlərin aparılmasıdır. E.Kazımov ali təhsil almaq arzusunda olan məktəblilərə polis və Polis Akademiyasının tarixi barədə ətraflı məlumat verərək qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığı diqqətə çatdırıb. Həmçinin, Akademiyaya qəbul qaydaları, tələb olunan şərtlər, Akademiyada təhsil alan gənclərə gələcəkdə əldə edəcəkləri uğurlar barədə şagirdlərə geniş şəkildə məlumat verib. Akademiyada təhsil almağın üstünlüklərindən danışan natiq buranı bitirən məzunların gələcəkdə işlə təmin olunmasını nümunə göstərib.


Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Akademiyanın üstünlüklərindən danışan S.Əsədov burada təhsil alan tələbələrə oxuduğu müddətdə hər cür qayğı göstərildiyini, bütün xərclərin dövlət tərəfindən həyata keçirildiyini, ali təhsil almaq istəyən gənclərə geniş imkanlar açıldığını diqqətə çatdırıb. Tədbirdə iştirak edən gənclərin ali təhsil ocağı kimi gələcəkdə Polis Akademiyasını seçəcəklərinə əminliyini bildirib. 

 

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. Dövlət tərəfindən təhsil sahəsinə, gələcəyimiz olan gənclərə göstərilən qayğıdan danışaraq bunun bariz nümunəsi olaraq Polis Akademiyasında yaradılan şəraiti göstərib. Növbəti qəbulda Qazax-Tovuz Regional Təhsil İdarəsini əhatə edən bölgələrdən Polis Akademiyasını seçən gənclərin üstünlük təşkil edəcəyinə, qəbulun sayının artacağına ümid etdiyini qeyd edib. 


44 günlük Vətən müharibəsində iştirak etmiş, hazırda Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Yol Xidmətinin inspektoru, polis nəfəri, polis serjantı Teymur Bənnayev çıxış edərək iştirakçıları salamlayıb, iştirakçısı olduğu Vətən müharibəsində keçdikləri döyüş yolundan danışıb, həmin anları bu gün qürurla xatırladığını qeyd edib. Vətən müharibəsində qazanılan Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu söyləyib. Dövlət tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə minnətdarlığını bildirib. Hər cür qayğı ilə əhatə olunduğunu qeyd edən T.Bənnayev bu gün polis orqanında işlə təmin edilməsini həmin qayğının əyani sübutu kimi göstərib. Ona göstərilən etimadı bundan sonrakı fəaliyyətində hər zaman doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib. 


Sonda tədbir iştirakçılarına Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib. Akdemiyada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlər diqqətə çatdırılıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.



GOYEZEN.AZ



Facebook-da paylaş