• Təqvim

  • Maraq



Millət vəkili Səməd Seyidov sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən yaralanan əsgər Oruc Nəbiyevi evində ziyarət edib


2022-ci il sentyabrın 12-dәn etibarәn Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən hərbi qulluqçularımızdan şəhidlərimizlə yanaşı, yaralılarımız da oldu. Qazaxın igid oğulları da Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən  qəhrəmancasına döyüşdülər. Döyüş meydanında göstərdikləri şücaətlə adlarını hərb tariximizə və xalqımızın qəlbinə qızıl hərflərlə yazdılar. Döyüş zamanı Qazax rayonundan olan 13 nəfər hərbi qulluqçumuz müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Birinci Şıxlı kənd sakini, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) əsgər Nəbiyev Oruc Mahmud oğlu da döyüşdə sinəsini düşmən gülləsinə sipər edən oğullarımızdandır. Bütün hərbçilərimiz kimi Oruc Nəbiyev də düşmən təxribatının qarşısını alarkən ölümün gözünə dik baxıb, torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşub. Yanına mərmi düşməsi nəticəsində sol ayağı əzilən, kəllə-beyin travması alan yaralımızın vəziyyəti normaldır, hazırda ev şəraitində müalicəsini davam etdirir. 


Sentyabrın 28-də Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd SeyidovQazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yaralımızı evində ziyarət ediblər. Yaralımızla səmimi söhbət edən millət vəkili və rayon rəhbərliyi onun qayğıları ilə maraqlanıblar. 


İcra başçısı Rəcəb Babaşov Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün xalqımızın hərbçilərimizlə, Vətən uğrunda canından keçən şəhidlərimizlə, sağlamlıqlarını itirən qazilərimizlə fəxr etdiyini qeyd edib. Bu gün Oruc kimi oğullarımızla hər bir azərbaycanlının, qazaxlının qürur duyduğunu bildirib. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında qürur dolu anlar bəxş edən oğullarımızın, eləcə də sentyabrın 12-dən etibarən düşmən təxribatının qarşısını alarkən şəhid olan, yaralanan qəhrəmanlarımızın heç vaxt unudulmayacağını qeyd edib. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan münasibətlərinin, göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, bundan sonra da belə davam edəcəyini söyləyib. 


Yaralımızla səmimi söhbət edən millət vəkili Səməd Seyidov onun tək olmadığını, dövlətin yanlarında olduğunu qeyd edib. Bu gün Oruc kimi qəhrəman oğullarımızla hər kəsin qürur duyduğunu söyləyib. 44 günlük Vətən müharibəsində şəhidlərimizin qanı bahasına işğaldan azad edilən torpaqlarımızın ərazi bütövlüyünü Oruc kimi igid oğullarımızın qoruduğunu bildirib. Döyüşdə düşmənə aman verməyən qəhrəman oğullarımızın igidliyinin gələcək nəsillərə örnək olacağını qeyd edib. 

Yaralımızın anası Solmaz Nəsibova övladı ilə çiyin-çiyinə torpaqlarımızı qoruyan bütün hərbçilərimizlə fəxr etdiyini dilə gətirib. Bir ana kimi övladına, eləcə də digər hərbçilərimizə, yaralılarımıza göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Övladının ziyarət olunmasını hərbçilərimizə, yaralılarımıza olan dövlət qayğısının əyani sübutu kimi qiymətləndirib.


Məlumat üçün qeyd edək ki, Nəbiyev Oruc Mahmud oğlu 21 yanvar 2000-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 2007-ci ildə Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 11-ci sinifini bitirib. 2019-cu ilin yanvar ayından 2020-ci ilin iyun ayınadək Ədliyyə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib. 2021-ci ilin yanvar ayından Kəlbəcərdə yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlayıb. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə ermənilərin törətdiyi təxribat nəticəsində yanına mərmi düşməsi nəticəsində sol ayağı əzilib, ürəyinin üst nahiyəsində əzik var, başı daşa dəyib, kəllə-beyin travması alaraq yaralanıb. Hazırda ev şəraitində müalicəsini davam etdirir. Subaydır. 


GOYEZEN.AZ



Facebook-da paylaş