Qələbə sevincini yaşadanlar
Onlar daim xalqımızın qəlbində olacaqlar
Respublika mətbuatı Qazax haqqında
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən Qazaxın igid oğulları da qəhrəmanlıq göstərib, adlarını hərb tariximizə qızıl hərflərlə yazmışdılar.
Qazax rayonundan olan 13 nəfər hərbi qulluqçu döyüşlərdə yaralanmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Vətəni canından çox sevən, onun yolunda şəhid olan və sağlamlığını itirən oğullara rayonda böyük ehtiram göstərilməklə yanaşı, onların sosial problemlərinin həlli istiqamətində də müvafiq tədbirlər görülür. Dövlət başçısının siyasətinə uyğun olaraq rayon rəhbərliyi tez-tez şəhid və qazi ailələrində olur, onların problemləri ilə maraqlanır.
Vətən müharibəsində olduğu kimi, sentyabrın 12-də erməni təxribatının qarşısını alarkən, şəhid olmuş Vətən övladlarının ailələri də xüsusi diqqət mərkəzində saxlanılır. Elə bu günlərdə torpağa tapşırılmış üç igid Vətən oğlunun - baş leytenant Yunis Kazımovun, baş gizir Azər Məmmədovun və gizir Azad Kərimovun ailələrinə baş çəkən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə isə səbir diləmişdir. Qeyd edilmişdir ki, düşmənə hər an tutarlı zərbə vurmağa hazır olan qüdrətli Azərbaycan Ordusu şəhidlərimizin qısasını almış, igid Vətən oğullarının qanları yerdə qalmamışdır. 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən hər üç şəhidin bu döyüşdə də şücaətlə vuruşduğu, adlarını xalqımızın qəlbinə qızıl hərflərlə həkk etdikləri daim ehtiramla anılacaq.
Rayon rəhbərliyi erməni təxribatının qarşısını alarkən yaralanan əsgərlərimizi də ziyarət etmişdir. Yaralı əsgərlərimizin sağlamlıq durumunu öyrənmək üçün Gəncə şəhərində yerləşən Hərbi Hospitalda olmuşdur. Burada müalicə alan hərbi qulluqçular - əsgər Allahmanov Ülvi Süleyman oğlunu, əsgər Hüseynov Pənah Surxay oğlunu, əsgər Niyazəliyev Niyaz Əsgər oğlunu, əsgər Rəhimov Osman Yaşar oğlunu ziyarət edən icra başçısı onların səhhəti ilə maraqlanmışdır. Yaralılarımızla səmimi söhbət edib, onların tək olmadıqlarını, dövlətin qayğısı ilə əhatələndiklərini bildirmiş, yaralılarımıza Allahdan şəfa diləmiş, tezliklə sağlamlıqlarına qovuşmalarını arzu etmişdir.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri ilə birlikdə Xanlıqlar və Qarapapaq kəndlərinə də getmiş, yaralılarımızın ailələrinə baş çəkmişlər. Xanlıqlar kənd sakinləri - gizir Bəkirov Rafiq Səlim oğlunun, kiçik çavuş Məmmədov Əlhəm Qələndər oğlunun, Qarapapaq kənd sakini, əsgər Hüseynov Pənah Surxay oğlunun ailələri ilə görüşdə onların qayğıları ilə maraqlanmışlar. Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla hərbçilərimizlə, Vətən uğrunda canından keçən şəhidlərimizlə, sağlamlıqlarını itirən qazilərimizlə fəxr etdiklərini bildirmişlər. Rafiq, Əlhəm, Pənah kimi oğullarımızla hər bir azərbaycanlının qürur duyduğunu dilə gətirmişlər. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında qürur dolu anlar bəxş edən oğullarımızın, eləcə də sentyabrın 12-dən etibarən düşmən təxribatının qarşısını alarkən şəhid olan, yaralanan qəhrəmanlarımızın heç vaxt unudulmayacağını qeyd etmişlər. Dövlət başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan münasibətlərinin, göstərdikləri qayğının hər bir dövlət məmuruna, eləcə də hər bir vətəndaşa örnək olduğunu diqqətə çatdırmışlar.
Yaralı Rafiqin atası Səlim Bəkirov təkcə övladı ilə deyil, onunla çiyin-çiyinə vuruşan bütün hərbçilərimizlə fəxr etdiyini dilə gətirib. Bir ata kimi şəhidlərimizin ruhu qarşısında baş əydiyini vurğulayıb. Övladına, eləcə də digər hərbçilərimizə, yaralılarımıza göstərilən qayğıya görə dövlət başçısına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Bu ziyarəti hərbçilərə, yaralılara olan dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirib.
Sabir ƏLİYEV,
"Azərbaycan" qəzetinin bölgə müxbiri,
25 sentyabr 2022-ci il, 6-cı səhifə
Facebook-da paylaş