• Təqvim

  • Maraq



Qazaxda şəhid gizir Azad Kərimovun bu gün üç mərasimi olub


2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla ümumilikdə Silahlı Qüvvələrin 77 hərbi qulluqçusu şəhid olub.

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Qazaxın igid oğulları da qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə qızıl hərflərlə yazdırdılar. Qazax rayonunun Kəmərli kəndindən baş leytenant Kazımov Yunis Qasım oğlu, baş gizir Məmmədov Azər Mustafa oğlu, Daş Salahlı kəndindən gizir Kərimov Azad Zakir oğlu da Şəhidlik zirvəsinə ucaldılar. Bu gün qəhrəman şəhidlərimizin üç mərasimləri olub.  


Sentyabrın 16-da şəhid Azad Kərimovun ata ocağında keçirilən mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri,  rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının qərargah rəisi, general-mayor Aqşin Məhərrəmov, Milli Məclisin deputatı Aqil Abbas, həyat yoldaşı Azərbaycan Respublikasının Əməkdar jurnalisti İradə Tuncay, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Vətən müharibəsi iştirakçısı, “Şöhrət” ordenli, “Tərəqqi” medallı, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" təltifli idman ustası, Sərhədçi İdman Mərkəzinin İdman Bölməsinin rəisi, polkovnik Firdovsi Umudov, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, şəhid ailələri, müharibə əlilləri, rayon sakinləri iştirak edib. 

İgid Vətən oğlunun ruhuna dua oxunub, şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir dilənilib. 


Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmadığı, düşmənə hər an tutarlı zərbə vurmağa hazır olan şanlı Ordumuz tərəfindən qisaslarının alındığı bildirilib. Azad Kərimov kimi oğullarımızla hər bir azərbaycanlının, qazaxlının fəxr etdiyi, qürur duyduğu bir daha dilə gətirilib. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında qürur dolu anlar bəxş edən oğullarımız, eləcə də ötən gün düşmən təxribatının qarşısını alan Azad kimi qəhrəmanlarımızın heç vaxt unudulmayacağı qeyd olunub. Azad Kərimovun 44 günlük Vətən müharibəsində qəhrəmancasına iştirak etdiyi, eləcə də senytabrın 12-13-də düşmən təxribatının qarşısını alarkən də əsl igidlik nümayiş etdirdiyi, şücaəti ilə adını xalqımızın qəlbinə əbədi yazdığı qeyd edilib. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Müzəffər Ali Baş Komandanın müvafiq Sərəncamı ilə Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”“Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edildiyi vurğulanıb.

“Vətən sağ olsun!” söyləyən şəhid atası Zakir Kərimov övladı ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Məlumat üçün qeyd edək ki, Kərimov Azad Zakir oğlu 27 may 1994-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə yola düşüb. Kərimov Azad Zakir oğlu 2014-cü ildən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir kimi xidmətə başlamışdı. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlıqları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcər rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur. Ailəli idi, 2 övladı yadigar qalıb. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”24.06.2021-ci il tarixli Sərəncamlarına əsasən “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.

GOYEZEN.AZ



Facebook-da paylaş