• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Qazaxda dərslərə başlayan ADA Universitetinin Azərbaycan dilindəki yeni magistr proqramının tələbələri ilə görüşüb


Xəbər verdiyimiz kimi, sentyabrın 5-də ADA Universitetinin region müəllimləri və məktəb direktorları üçün Azərbaycan dilində “Təhsil üzrə menecment” və “Təlim və tədrisin təşkili və metodikası” üzrə təqdim etdiyi iki yeni magistr proqramının ilk tələbələri dərslərinə başlayıblar. Dünəndən Bakı Dövlət Universitetinin Qazax filialında start götürən dərslər uğurla davam edir. 

Sentyabrın 6-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dərslərə başlayan ADA Universitetinin Azərbaycan dilindəki yeni magistr proqramının tələbələri ilə görüşüb.

Tələbələrlə görüşən icra başçısı onları salamlayıb, Qərbin qapısı sayılan Qazaxda görməkdən məmnunluğunu ifadə edib. ADA Universitetinin təhsilin inkişafı istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən danışan icra başçısı bunun bariz nümunəsi olaraq Universitetin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binasını əsaslı şəkildə yenidən qurmasını göstərib. Seminariyanın bərpasına, bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunduğunu bildirib. Tələbələrlə səmimi söhbət edən rayon rəhbəri onlara yeni tədris ilində ilk iştirakçıları olduqları layihənin uğurla başa çatmasında müvəffəqiyyətlər arzulayıb. Hər zaman diqqət və qayğı göstərməyə hazır olduğunu, bugünkü görüşün də bu məqsədə xidmət etdiyini vurğulayıb. 


ADA Universitetinin Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılova onlara göstərilən qonaqpərvərliyə və qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. BDU-nun Qazax filialında onlar üçün yaradılan şəraitə görə razılığını ifadə edib. 

Yeni proqram barədə məlumat verən Ü.Mikayılova sözügedən proqramın bir çox baxımdan universitet üçün olduqca əlamətdar xarakter daşıdığını qeyd edib. ADA Universitetinin hər iki proqramı daha əvvəl ingilis dilində təsis etsə də, bilavasitə regionlarda fəaliyyət göstərən müəllimləri müasir bilik və bacarıqlarla təmin etmək məqsədilə bu ildən etibarən həmin ixtisasları Azərbaycan dilində təqdim etməyə başladığını bildirib. Təqdim edilən proqramların müəllimlərimizin peşəkar inkişafını dəstəkləyəcəyini, region məktəblərində təlim-tədris prosesinin inkişafına fayda verəcəyini vurğulayıb. Qeyd edib ki, ADA Universitetində və onun Qazax mərkəzində əyani və distant formatda keçirilən proqram üzrə ümumilikdə 38 tələbə təhsil alır. Onlardan 27-si “Təhsil üzrə menecment”, 9-u isə “Təlim və tədrisin təşkili və metodikası” proqramı üzrə təhsil alırlar. 

GOYEZEN.AZ



Facebook-da paylaş