Qazaxın Bala Çaylı kəndində günəş enerjisi ilə işləyən artezian quyusunun açılışı olub
Əvvəlki yazımızda qeyd etdiyimiz kimi, Qərb bölgəsində ilk dəfə olaraq günəş enerjisi ilə işləyən artezian quyusu istifadəyə verilib. Qazaxda günəş enerjisi ilə işləyən artezian quyusu əkin və meşə sahəsinin suvarılmasını təmin edəcək.
“Qazax rayonunun Bala Çaylı kəndində suvarma qurğularının quraşdırılması” layihəsi Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Layihə çərçivəsində günəş enerjisindən işləyəcək suvarma qurğuları inşa edilib. Layihənin həyata keçirilməsinin əsas məqsədlərindən biri ilkin olaraq, Qazax rayonunun Bala Çaylı kəndində layihə ərazisində torpaq payı olan bütün kəndlilərin və fermerlərin torpaq sahələrini su ilə təmin etmək və kənd sakinlərinin kənd təsərrüfatı fəaliyyətindən əldə etdiyi gəlirin artırılmasına töhfə verməkdir. İkinci məqsəd isə, layihə ərazisində süni yaradılmış meşələrin quruması və yoxa çıxmasının qarşısını almaqla ətraf mühitin yaxşılaşdırılmasına dəstək olmaqdır.
Avqustun 31-də “Qazax rayonunun Bala Çaylı kəndində suvarma qurğularının quraşdırılması” layihəsi əsasında günəş enerjisi ilə işləyən artezian quyusunun açılışı olub.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, səfirliyin əməkdaşları, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov, layihə rəhbəri, Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov, Bala Çaylı kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Yaponiya Respublikasının və Azərbaycan Respublikasının Dövlət Himnləri səsləndirilib.
Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, Yaponiya ilə Azərbaycan dostluğunun töhfəsi olan layihənin əhəmiyyətindən söz açıb. Qazaxda əhəmiyyətli bir layihənin reallaşmasına görə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi olmaqla, Yaponiya xalqına, əziyyəti keçən bütün dövlət qurumlarına və kənd icmalarına, dəstək olan hər kəsə minnətdarlığını bildirib. Artezian quyusu barədə ətraflı məlumat verən R.Göyüşov 54 ha əkin sahəsinin və 22 ha meşə zolaqlarının suvarılması üçün nəzərdə tutulan bu suvarma qurğularının 2022-ci il iyulun 27-də istismara verildiyini vurğulayıb. Günəş enerjisi ilə işləyən artezian quyusunun gücünün saatda 25 kubmetr təşkil etdiyini qeyd edib. Artezian quyusunun yay aylarında saat 8-dən 18-ə kimi hər gün 400 ton su vuracağını bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Bala Çaylı kəndində günəş enerjisi ilə işləyən artezian quyusunun istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik edib. Qazaxda əhəmiyyətli bir layihənin reallaşmasına görə rayon ictimaiyyəti, ziyalılar adından Yaponiya dövlətinə və səfirinə, layihə rəhbərlərinə minnətdarlığını çatdırıb və əməkdaşlığın bundan sonra da davam etdirilməsini arzulayıb. Yaponiya dövləti tərəfindən ölkəmizdə, xüsusilə də respublikamızın bölgələrində xalqa xidmət edən layihələrin reallaşdığını qeyd edib. Son illər bunu Qazaxın timsalında aydın şəkildə gördüyümüzü, ən son ötən il "Qazax rayonunun Çaylı kəndində yeni həkim məntəqəsinin tikilməsi” layihəsinin reallaşması nəticəsində yeni həkim məntəqəsinin tikildiyini və bu gün kənd sakinlərinə xidmət göstərdiyini bildirib. Yaponiya-Azərbaycan dostluğunun bariz nümunəsi olaraq istifadəyə verilən artezian quyusunun Bala Çaylı kənd sakinlərinin suya olan tələbatını ödəyəcəyini və bu baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib.
Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi çıxış edərək kənd sakinlərini salamlayıb, yeni artezian quyusunun istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırıb, açılış mərasimində iştirak etdiyinə görə məmnunluğunu ifadə edib. Reallaşan layihənin kənd əhalisinin həyatı, su probleminin həlli üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Yaponiya Hökumətinin Azərbaycan Respublikasının davamlı inkişafına yönəlmiş əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edən səfir bu günə kimi Qazaxda bu layihə də daxil olmaqla, 5 layihənin icra edildiyini bildirib. 2010-cu ildə rayonun Məzəm kəndində su təchizatı sisteminin tikintisi, 2015-ci ildə Daş Salahlı kəndində, 2018-ci ildə Yuxarı Salahlı, 2021-ci ildə Çaylı kəndində həkim məntəqələrinin tikintisi ilə bağlı layihələrin uğurla icra olunduğunu diqqətə çatdırıb. Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə imzalanmış “Qazax rayonunun Bala Çaylı kəndində suvarma qurğularının quraşdırılması” layihəsinin uğurla icra edilməsindən söz açıb və görülmüş işləri yüksək qiymətləndirib. Bu layihənin Yaponiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq hədiyyəsi kimi yapon xalqından qrand yardımı əsasında reallaşdığını bildirib. Yapon xalqından Qazax sakinlərinə hədiyyə kimi dəyərləndirib. Azərbaycan ilə Yaponiya dövləti arasında dostluq əlaqələrinin hələ min il əvvələ söykəndiyini bildirən səfir iki ölkə arasında mövcud olan sosial-iqtisadi, elm, təhsil, səhiyyə sahəsindəki əlaqələrdən danışıb, gələcəkdə də bu əlaqələrin qorunub saxlanılması və daha da möhkəmləndirilməsinə böyük ehtiyac olduğunu bildirib. Bu il 30 illiyini qeyd etdiyimiz dostluğun bundan sonra da bu cür əhəmiyyətli layihələrlə, xeyirxah işlərlə davam etdiriləcəyini, Yaponiya dövləti ilə Qazax rayonu arasında olan əməkdaşlığın davamlı olacağını söyləyib.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov çıxış edərək Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin adından tədbir iştirakçılarını salamlayıb, Yaponiya ilə Azərbaycan dövlətləri arasında olan əlaqələrdən, icra olunan layihənin ekoloji əhəmiyyətindən danışıb.
Çaylı bələdiyyəsinin sədri Müqabil Pirverdiyev, Qazax Rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin direktoru Möhsüm Məmmədov çıxış edərək yaşadıqları kənddə günəş enerjisi ilə işləyən artezian quyusunun istifadəyə verilməsinə görə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçiyə, Yaponiya xalqına, əməyi keçən insanlara kənd sakinləri adından minnətdarlıqlarını bildiriblər.
Sonda günəş enerjisi ilə işləyən artezian quyusuna baxış keçirilib.
GOYEZEN.AZ
Facebook-da paylaş