İcra başçısı Bala Çaylı kəndində günəş enerjisi ilə işləyən artezian quyusuna baxış keçirib
Qərb bölgəsində ilk dəfə olaraq günəş enerjisi ilə işləyən artezian quyusu istifadəyə verilib. Qazaxda günəş enerjisi ilə işləyən artezian quyusu əkin və meşə sahəsinin suvarılmasını təmin edəcək.
“Qazax rayonunun Bala Çaylı kəndində suvarma qurğularının quraşdırılması” layihəsi Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi, Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Layihə çərçivəsində günəş enerjisindən işləyəcək suvarma qurğuları inşa edilib. Layihənin həyata keçirilməsinin əsas məqsədlərindən biri ilkin olaraq, Qazax rayonunun Bala Çaylı kəndində layihə ərazisində torpaq payı olan bütün kəndlilərin və fermerlərin torpaq sahələrini su ilə təmin etmək və kənd sakinlərinin kənd təsərrüfatı fəaliyyətindən əldə etdiyi gəlirin artırılmasına töhfə verməkdir. İkinci məqsəd isə, layihə ərazisində süni yaradılmış meşələrin quruması və yoxa çıxmasının qarşısını almaqla ətraf mühitin yaxşılaşdırılmasına dəstək olmaqdır.
Avqustun 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Bala Çaylı kəndində sözügedən artezian quyusuna baxış keçirib.
Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov artezian quyusu barədə ətraflı məlumat verib. R.Göyüşov 54 ha əkin sahəsinin və 22 ha meşə zolaqlarının suvarılması üçün nəzərdə tutulan bu suvarma qurğularının 2022-ci il iyulun 27-də istismara verildiyini vurğulayıb. Günəş enerjisi ilə işləyən artezian quyusunun gücünün saatda 25 kubmetr təşkil etdiyini qeyd edib. Artezian quyusunun yay aylarında saat 8-dən 18-ə kimi hər gün 400 ton su vuracağını bildirib. R.Göyüşov layihənin həyata keçirilməsi üçün Yaponiya xalqına, əziyyəti keçən bütün dövlət qurumlarına və kənd icmalarına razılığını ifadə edib.
Kənd sakinləri də artezian quyusunun istifadəyə verilməsinə görə əməyi keçən insanlara, layihə rəhbərlərinə minnətdarlıq edirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş