• Təqvim

  • Maraq



Bu gün Qazaxda daha bir ticarət obyektinin açılışı olub


Respublikamızda ölkə Prezidenti İlham Əliyev tərəfindən sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, ölkəmizdə bu sahə sürətlə inkişaf edir. Dövlət tərəfindən sahibkarlara göstərilən qayğı Qazaxda da hiss olunur. Məhz bu qayğı sayəsində rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin sayı durmadan artır. 

2011-ci ildən "Siz harada, “Araz” orada sloqanı" ilə Azərbaycanın bütün bölgələrində müştərilərinə xidmət göstərən “Araz” supermarketlər şəbəkəsi gündən-günə filiallarının sayını artırır. “Araz" supermarketlər şəbəkəsi bu dəfə növbəti filialını Qazaxda “SPAR market” adı altında rayon sakinlərinə təqdim edib. Rayonun Aslanbəyli və Çaylı kəndlərində “Araz” adı altında, bu gün isə sayca üçüncü market “SPAR” adı ilə alıcılara xidmət göstərəcək.

Avqustun 4-də Qazax şəhəri Əliağa Şıxlinski küçəsində istifadəyə verilən “SPAR market” adlanan ərzaq məhsulları mağazası rayonumuzda sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir əyani göstəricisidir.

Ticarət obyektinin açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “Araz” supermarketlər şəbəkəsinin Qərb bölgəsi üzrə format müdiri Vüqar Ağayev, rayonda fəaliyyət göstərən sahibkarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yeni istifadəyə verilən marketin əməkdaşlarını və rayon sakinlərini səmimi qəlbdən təbrik edib, yeni yaradılan marketə xeyir-dua verib. 


Rayon rəhbəri qeyd edib ki, bu gün respublikamızda sahibkarlığın inkişaf etməsi üçün şəffaf və münbit şərait var. Yeni müəssisələrin, sahibkarlıq obyektlərinin açılması və fəaliyyət göstərməsi üçün Qazaxda sahibkarlara geniş imkanlar yaradılır, hər cür dəstək göstərilir. Ona görə də rayonumuzda bu istiqamətdə görülən işlər getdikcə artır və özəl sektor sürətlə inkişaf edir. Bu, eyni zamanda, yeni iş yerlərinin açılması, rayon sakinlərinin sosial rifah halının yaxşılaşdırılması deməkdir. 


Sahibkarlardan Nurəddin Məmmədov çıxış edərək onlara göstərilən dövlət dəstəyinə görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bu gün Qazaxda açılışı olan ərzaq mağazasını sahibkarlara göstərilən qayğının bariz nümunəsi kimi qeyd edib. 


YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yeni mağazanın açılışı münasibətilə səmimi təbrikini çatdırıb. Rayonda bu cür ticarət obyektlərinin istifadəyə verilməsini sahibkarlar üçün yaradılan əlverişli investisiya mühitinin əyani təzahürü kimi qiymətləndirib. 

Mağaza sahibi Fərhad Əmirxanov çıxış edərək sahibkarlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Rayon rəhbərliyinin bugünkü açılış tədbirində iştirakını sahibkarlara olan dəstəyin bariz nümunəsi kimi qiymətləndirən mağaza sahibi bildirib ki, Qazax rayonunda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğı biz sahibkarlara böyük stimul verir və yeni mağazalar, dükanlar, istehsal obyektləri açmağa sövq edir. Ən əsası da məqsəd işsizliyin aradan qaldırılmasında öz töhfəmizi verməkdir. F.Əmirxanov hazırda marketdə 8 nəfərin işlə təmin olunduğunu bildirib. Mağazada satılan məhsullar haqqında məlumat verən F.Əmirxanov hər zaman keyfiyyətə önəm verildiyini vurğulayıb. 

Sonda rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra rayon rəhbəri və tədbir iştirakçıları mağazada təqdim olunan məhsullarla, eləcə də vətəndaşlara göstəriləcək xidmətlərlə tanış olublar.


GOYEZEN.AZ



Facebook-da paylaş