“Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin banisi Heydər Əliyev və bu siyasətə sadiqlik” mövzusunda tədbir keçirilib
Avqustun 2-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin banisi Heydər Əliyev və bu siyasətə sadiqlik” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, məktəb direktorları, müəllimlər, muzey rəhbərləri, mədəniyyət işçiləri, Mədəniyyət Mərkəzi və MKS-nin əməkdaşları iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. G.Həsənova xalqımızın mənliyinin, milli şüurunun, milli mentalitetinin, dilinin qorunması, inkişaf etdirilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən və bu siyasətə sadiqlik fonunda bu gün əldə edilən uğurlar haqqında geniş danışıb. Bildirib ki, bu günümüzdən dünənə baxanda yalnız bir reallıq aydın olur ki, dövlətimizin bugünkü uğurları məhz xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin siyasi iradəsinin, Prezident İlham Əliyevin bu siyasətə sadiqliyinin və prinsipial mübarizəsinin nəticəsidir.
Ulu Öndər Heydər Əliyev ölkəni çətin, böhranlı vəziyyətdən xilas edərək müstəqil Azərbaycan kimi şah əsərini yaratdı, sözün həqiqi mənasında azad, firavan bir dövlət quraraq gələcəyə aparan yollar müəyyən etdi. Bu yol Ulu Öndərin ölkəmizə rəhbərliyinin ilk dövründə başladı, milli özünüdərk, milli özünəqayıdış kimi dəyərləri oyatdı. Milli maraqlara xidmət edən bu bənzərsiz inkişaf yolu məhz bugünkü zəfərlə, qalibiyyətlə dolu gələcəyimizi təmin etdi. 1993-2003 illərdə dövlətçiliyimizin əsasları yaradıldı. Bu gün dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən strateji kurs nəticəsində müasir müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Bu uğurlar bir daha Heydər Əliyev siyasi kursunun yeganə doğru yol olduğunu və xalqımızın məhz bu yolla irəliləyərək daha işıqlı sabahlara çıxacağını təsdiq edir.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev dövlətimizin təhsil sahəsində həyata keçirdiyi siyasətin uğurlarından danışaraq bildirib ki, Heydər Əliyevin müəllifi olduğu təhsil islahatları, proqramları yeni dövr təhsilimizin tarixində əhəmiyyətli yer tutur. Həyata keçirilən bu islahatların bariz nümunələrindən biri də məhz yenidən tikilib istifadəyə verilən S.Vurğun adına 2 nömrəli tam orta məktəbdir ki, bu gün 1000 nəfərə yaxın şagirdə yüksək səviyyəli təhsil verir, son illərdə ali məktəblərə tələbə qəbulu zamanı daha yüksək bal toplayan məzunlarımızın sayı artır. Bu gün də təhsil sahəsi dövlətimizin prioritetlərindən biridir. Bu isə ölkədə və rayonumuzda fiziki və mənəvi cəhətdən sağlam, müstəqil və demokratik düşüncəli vətəndaşların yetişdirilməsində əsas rol oynayır.
Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Bayramova çıxış edərək Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, doğma dilimizin dövlət dili statusu qazanmasında, qorunub saxlanmasında, inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Dahi şəxsiyyət hakimiyyətinin hər iki dövründə tariximizin, milli-mənəvi dəyərlərimizin, dilimizin və ədəbiyyatımızın qorunması istiqamətində böyük mübarizələr aparmış, Azərbaycan dilini dövlət dili səviyyəsinə yüksəltməklə xalqımızın milli kimliyini bütün dünyaya təqdim etmişdir.
Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zənurə Eminova çıxış edərək Ümummilli Liderin hakimiyyətinin birinci dövründə millətimizin simasını səciyyələndirən amillərdən biri olan ana dilimizin dövlət dili səviyyəsinə çatdırılması üçün göstərdiyi cəsarətli mövqedən və tarixi təşəbbüsdən, dövlətimizin bugünkü uğurlarından, vətəndaşlara göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, bu gün xalq olaraq Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün Ümummilli Lider Heydər Əliyevə və onun siyasi kursunun uğurlu davamçısı, Müzəffər Ali Baş Komandan, qalib lider İlham Əliyevə minnətdarıq.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova bugünkü müstəqil, qüdrətli Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin uğurlarından danışaraq bildirib ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyevin əmanət olaraq xalqımıza qoyub getdiyi zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası ilə daha da güclənən Azərbaycan bu gün özünün ən parlaq günlərini yaşamaqdadır. Ölkəmiz sürətlə inkişaf edir, möhtəşəm qələbədən sonra Qarabağa möhtəşəm qayıdışın ilk günlərini yaşayır, dövlətimiz beynəlxalq siyasət məkanında öz yeri, öz nüfuzu olan bir ölkə kimi qlobal liderliyin təntənəsini yaşayır. Mübaliğəsiz demək olar ki, ölkə lideri İlham Əliyev Ulu Öndər siyasətinə sadiqliyi ilə hər bir vədini əməli işi ilə təsdiqləyərək xalq-iqtidar birliyi sayəsində yeni-yeni qələbələrə imza atacaq.
Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək qeyd edib ki, bizim nəsil xoşbəxtdir ki, Heydər Əliyevlə eyni dövrdə yaşayıb və bu gün də Heydər Əliyev siyasətinin uğurlarını cəmiyyətin hər bir sahəsində hiss etməkdədir. Heydər Əliyev siyasətinə sadiqlik nümayiş etdirərək ölkə başçısı İlham Əliyev bu uğurların davamlılığını təmin etmək üçün əhəmiyyətli addımlar ataraq, vətəndaşların rifahı, ölkənin sabitliyi, dövlətin toxunulmazlığı üçün çoxşaxəli fəaliyyət həyata keçirir. Digər sahələrdə olduğu kimi, mədəniyyətin inkişafı, dünyada tanınması və qorunub saxlanması üçün hərətrəfli islahatlar həyata keçirir, işğaldan azad edilmiş ərazilərin tarixi abidələrinin, mədəniyyət nümunələrinin yenidən bərpası istiqamətində misilsiz xidmətlər göstərir.
Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Nazilə Sanılı çıxış edərək Azərbaycan dilinin qorunmasında, inkişafında Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, Ulu Öndərin əzmkarlığı və cəsarətli mövqeyi ilə ana dilimizin dövlət dili kimi yaşamaq hüququ qazandığını vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin ana dilimizin inkişafı, zənginləşməsi istiqamətində rolu olan dilçi alimlərə yüksək diqqət və qayğı göstərdiyini, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlərin həyata keçirilməsi üçün böyük işlər gördüyünü diqqətə çatdırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş