• Təqvim

  • Unutma

  • Maraq



Qazax: Qəhrəmanların bizə əmanət balaları üçün oyun və əyləncə parkının açılışı olub


Respublika mətbuatı Qazax haqqında

Qazaxda fəaliyyət göstərən "İstanbul" Ailəvi İstirahət Mərkəzində şəhid övladları üçün yaradılmış "Hüsniyə Mutlu" adına oyun və əyləncə parkının açılışı olub. 

Türkiyə Cümhuriyyəti tərəfindən mərhum Hüsniyə Mutlunun xatirəsinə yaradılmış park iki qardaş ölkə arasında olan dostluğun daha bir bariz nümunəsidir. 

"Çocuk oyunla, dünya çocukla gözəldir!" şüarı altında yaradılmış park təkcə Türkiyə-Azərbaycan arasındakı qardaşlıq münasibətinin deyil, eyni zamanda, canını Vətən üçün fəda edən igid, qəhrəman oğullarımızın bizlərə əmanət olan övladlarına sahib çıxmağın əyani göstəricisidir.

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Türkiyədən olan qonaqlar - Çocuk Oyunları ve Spor Kulüpleri Federasyonunun başkanı Mehmet Mutlu, keçmiş Ərzurum millət vəkili, türk professoru və siyasətçi Mustafa İlıcalı, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş konsulu Zeki Öztürk, keçmiş Ümraniyə bələdiyyə başkanı Hasan Can, İPAR Macəra və Oyun Parkları Dərnəyinin Yönətim Kurulu başkanı Yusuf Daştan, Park kent şirkətinin nümayəndəsi Əmrə Ulusoy, Tanrıkulu şirkətinin sahibi Mustafa Tanrıkulu, Şahzadə, Osmanlı nəslinin davamçısı, Sultan Abdulhəmidin nəvəsi Orhan Osmanoğlu və həyat yoldaşı Esra Osmanoğlu, digər qonaqlar - şəhid ailələri və övladları, qazilər, rayon ictimaiyyəti, KİV nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca tədbiri açıq elan edərək qonaqları və iştirakçıları salamlayıb, bugünkü tədbirin əhəmiyyətindən söz açıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qardaş Türkiyə dövlətinin azərbaycanlı körpələrə, xüsusilə də şəhid və qazi övladlarına böyük töhfəsi olan oyun və əyləncə parkının yaradılmasında əziyyəti keçən insanlara öz adından və rayon ictimaiyyəti adından minnətdarlığını bildirib. “Tək müharibə vaxtı deyil, müharibədən sonra da Türkiyə dövləti bizdən öz dəstəyini əsirgəmədi. Yüzlərlə qazimizə qucaq açdı, yaralı qazilərimiz müalicə almaq üçün Türkiyəyə üz tutdu. Və həmin qayğı bu gün də davam edir. Bunun bariz nümunəsi də bu gün şəhid övladlarını, qazi övladlarını sevindirməkdir. Bu parkın yaradılması şəhid, qazi övladlarına qardaş Türkiyənin daha bir töhfəsidir", - deyən icra başçısı “Bir millət, iki dövlət” kəlamının tarixi məna daşıdığını, illər keçdikcə həmin ifadənin daha da dərinləşdiyini qeyd edib. Rayon rəhbəri bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonunun Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda Birinci Qarabağ müharibəsində 288 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər olmaqla, ümumilikdə 339 nəfər şəhid verdiyini, Birinci Qarabağ müharibəsi şəhidlərindən 7 nəfərin Azərbaycanın Milli Qəhrəmanı adını aldığını qeyd edib. Vətən müharibəsində şəhid olmuş 51 nəfər hərbi qulluqçudan 49 nəfərin 191 ədəd müxtəlif adda orden və medallarla təltif olunduğunu söyləyib. Onlardan 5 nəfərin "Azərbaycan Bayrağı" ordeni, 2 nəfərin "Qarabağ" ordeni", 4 nəfərin 3-cü dərəcəli "Rəşadət" ordeni, 2 nəfərin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunduqlarını diqqətə çatdırıb.

Çocuk Oyunları ve Spor Kulüpleri Federasyonunun başkanı Mehmet Mutlu çıxış edərək "Sevimli çocuklar, sizlər bu Vətən üçün şəhid olmuş, canlarından keçən qardaşlarımızın yadigarlarısınız, övladlarısınız. Bizlər də əlimizdən gəldiyi qədər borcumuzdan çıxaraq sizlər üçün oyun parkı yaradaq dedik. Biz sizlər üçün nə etsək azdır. Sizlər bizim gözümüzün nurusunuz. Hər birinizi öpürəm, Allaha əmanət olun", - söyləyib.

Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş konsulu Zeki Öztürk çıxış edərək "Hədiyyə karvanı yollarda!" şüarı ilə başladılan etkinliklər Türkiyə və Azərbaycanda bir çox şəhərlərdə uşaqların könlünü oxşamışdır. Bu gün Qazaxda mərhum Hüsniyə Mutlu adına inşa edilən park ilə uşaqlara daha bir töhfəsini verir. Bu, park qardaşlıq münasibətlərimizin ən böyük örnəklərindən biri oldu.

Osmanlı nəslinin davamçısı, Sultan Abdulhəmidin nəvəsi Orhan Osmanoğlu çıxış edərək tarixi bir gündə şəhid övladları üçün yaradılmış bir parkın açılışında iştirak etməkdən məmnunluq duyduğunu söyləyib. "İstanbul" Ailəvi İstirahət Mərkəzinin rəhbəri Zaur Əhmədov və kollektivi tərəfindən şəhid ailələrinə, övladlarına göstərilən qayğıdan söz açan natiq bu gün açılışı olan parkın da həmin qayğının davamı olduğunu bildirib. 85 milyonluq türk xalqının, Osmanlı ailəsinin bundan sonra da qardaş Azərbaycan xalqının yanında olacağını qeyd edib.

Keçmiş 22 və 26-cı dönəm Ərzurum millət vəkili, Türk professoru və siyasətçi Mustafa İlıcalı çıxış edərək tədbir iştirakçılarına səmimi ürək sözlərini çatdırıb. Türkiyə-Azərbaycan qardaşlığından, dostluğundan söz açan natiq bu gün tarixi bir günün yaşandığını qeyd edib. Açılışı olan parkın iki ölkə arasında olan dostluğun simvolu olduğunu söyləyib. Əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

İPAR Macəra və Oyun Parkları Dərnəyinin Yönətim Kurulu başkanı Yusuf Daştan çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində canlarından keçən şəhidlərimizi hörmət və ehtiramla andığını qeyd edib. 2020-ci ildə Qarabağ savaşında şəhid olmuş qardaşlarımızın övladları üçün oyun parkının yaradılması ilə bağlı Çocuk Oyunları ve Spor Kulüpleri Federasyonunun başkanı Mehmet Mutlu tərəfindən təklif irəli sürüləndə bizdə başqa bir duyğu yaratdı. Vətən üçün heç çəkinmədən canını fəda edən şəhidlərimizin çocuklarına, qazilərimizin övladlarına park yarada bilmək bəxtiyarlığını bəxş edən uca Allaha sonsuz təşəkkür etdiyini bildirib. Parkın yaradılmasında əməyi keçən insanlara təşəkkürünü çatdırıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Çocuk Oyunları və Spor Klubları Federasiyasının Azərbaycan başkanı, "İstanbul" Ailəvi İstirahət Mərkəzinin rəhbəri Zaur Əhmədov, Vətən müharibəsi şəhidi İzzət Həmidovun anası Vəfa İzzətli, Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış ediblər.

Sonra oyun parkının rəmzi açılışını bildirən qırmızı lent kəsilərək şəhid övladlarının, tədbirə qatılan balaca fidanların ixtiyarına verilib.

Sonda tədbir gənc müğənnilər Şöhrət Məmmədovun, Dildara Eyubovanın və gənclərin bir-birindən rəngarəng çıxışları ilə davam edib.

Vəli VƏLİYEV,

“Respublika” qəzetinin bölgə müxbiri

30 iyul 2022-ci il




Facebook-da paylaş