• Təqvim

  • Maraq



Qazaxda şəhid övladları üçün yaradılmış “Hüsniyə Mutlu” adına oyun və əyləncə parkının açılışı olub

İyulun 23-də Qazax şəhərində fəaliyyət göstərən “İstanbul” Ailəvi İstirahət Mərkəzində şəhid övladları üçün yaradılmış “Hüsniyə Mutlu” adına oyun və əyləncə parkının açılışı olub. 

Türkiyə Cümhuriyyəti tərəfindən mərhum Hüsniyə Mutlunun xatirəsinə yaradılmış park iki qardaş ölkə arasında olan dostluğun daha bir bariz nümunəsidir. 

“Çocuk oyunla, dünya çocukla gözəldir!” şüarı altında yaradılmış park təkcə Türkiyə-Azərbaycan arasındakı qardaşlıq münasibətinin deyil, eyni zamanda, canını Vətən üçün fəda edən igid, qəhrəman oğullarımızın bizlərə əmanət olan övladlarına sahib çıxmağın əyani göstəricisidir. 

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Türkiyədən olan qonaqlar - Çocuk Oyunları ve Spor Kulüpleri Federasyonunun başkanı Mehmet Mutlu, keçmiş 22 və 26-cı dönəm Ərzurum millət vəkili, Türk professoru və siyasətçi Mustafa İlıcalı, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Zeki Öztürk, keçmiş 3-cü dönəm Ümraniyə bələdiyyə başkanı Hasan Can, İPAR Macəra və Oyun Parkları Dərnəyinin Yönətim Kurulu başkanı Yusuf Daştan, Park kent şirkətinin nümayəndəsi Əmrə Ulusoy, Tanrıkulu şirkətinin sahibi Mustafa Tanrıkulu, Şahzadə, Osmanlı nəslinin davamçısı, Sultan Abdulhəmidin nəvəsi Orhan Osmanoğlu və həyat yoldaşı Esra Osmanoğlu, digər qonaqlar - Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, "Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov, “PrimeTv”-nin baş redaktoru Aygün Muradxanlı, “Yeni Musavat” Media Qrupun siyasət şöbəsinin müxbiri Cavanşir Abbaslı, Çocuk Oyunları ve Spor Kulüpleri Federasyonunun Azərbaycan başkanı, “İstanbul” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Zaur Əhmədov və kollektivi, şəhid ailələri və övladları, qazilər, gənc müğənnilər Şöhrət Məmmədov və Dildara Eyubova, rayon ictimaiyyəti, KİV nümayəndələri iştirak ediblər. 


Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca tədbiri açıq elan edərək qonaqları və iştirakçıları salamlayıb, bugünkü tədbirin əhəmiyyətindən söz açıb. Şəhidlərimizin, qazilərimizin övladlarının könlünü oxşayacaq parkın yaradılmasında əməyi keçən insanlara minnətdarlığını bildirib. 

Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 



Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək qonaqları və tədbir iştirakçılarını, şəhid ailələrini, qaziləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Qardaş Türkiyə dövlətinin azərbaycanlı körpələrə, xüsusilə də şəhid və qazi övladlarına böyük töhfəsi olan oyun və əyləncə parkının yaradılmasında əziyyəti keçən insanlara öz adından və rayon ictimaiyyəti adından minnətdarlığını bildirib. İcra başçısı qeyd edib ki, 30 il idi ki, Azərbaycan Qarabağ dərdi, torpaqlarımızın işğal altında olan 20 faizini geri qaytarmaq dərdini çəkirdi. 30 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin düzgün siyasəti nəticəsində 44 gün ərzində şəhidlərimizin canı, qazilərimizin qanı, sağlamlığı bahasına torpaqlarımız işğaldan azad olundu. “44 günlük savaşda ilk gündən Türkiyə xalqı, dövləti mən varam, Azərbaycan tək deyil söylədi, 85 milyonluq türk xalqı Azərbaycanın yanında oldu. Müharibə vaxtı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın öz çıxışlarında hər dəfə qardaş Azərbaycan söyləməsini, arxa, dayaq, dəstək olmasını xalqımız bu gün də qürurla xatırlayır və buna görə sonsuz minnətdarlıq ifadə olunur. Tək müharibə vaxtı deyil, müharibədən sonra da Türkiyə dövləti bizdən öz dəstəyini əsirgəmədi. Yüzlərlə qazimizə qucaq açdı, yaralı qazilərimiz müalicə almaq üçün Türkiyəyə üz tutdu. Və həmin qayğı bu gün də davam edir. Bunun bariz nümunəsi də bu gün şəhid övladlarını, qazi övladlarını sevindirməkdir. Bu parkın yaradılması şəhid, qazi övladlarına qardaş Türkiyənin daha bir töhfəsidir”, - deyən icra başçısı bir daha sonsuz təşəkkürünü çatdırıb. Rayon rəhbəri bir millət iki dövlət kəlamının tarixi məna daşıdığını, illər keçdikcə həmin ifadənin daha da dərinləşdiyini qeyd edib. 


Rayon rəhbəri bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonunun Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda Birinci Qarabağ müharibəsində 288 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər olmaqla, ümumilikdə 339 nəfər şəhid verdiyini, Birinci Qarabağ müharibəsi şəhidlərindən 7 nəfərin Azərbaycanın Milli Qəhrəmanı adını aldığını qeyd edib. Vətən müharibəsində şəhid olmuş 51 nəfər hərbi qulluqçudan 49 nəfərin 191 ədəd müxtəlif adda orden və medallarla təltif olunduğunu söyləyib. Onlardan 5 nəfərin “Azərbaycan Bayrağı” ordeni, 2 nəfərin “Qarabağ” ordeni”, 4 nəfərin 3-cü dərəcəli “Rəşadət” ordeni, 2 nəfərin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduqlarını diqqətə çatdırıb. 

“Əziz şəhd ailələri, şəhid övladları nə yaxşı ki, bu gün bizimləsiniz. Şəhid övladlarının haqqı var ki, belə gözəl parkda istirahət etsinlər”, - deyən icra başçısı bu günü şəhid övladlarına yaşadan insanlara, parkın yaradılmasında əməyi keçənlərə bir daha minnətdarlıq edib. Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun daimi, əbədi olduğunu, bundan hər bir azərbaycanlının qürur duyduğunu söyləyib.


Çocuk Oyunları ve Spor Kulüpleri Federasyonunun başkanı Mehmet Mutlu çıxış edərək "Sevimli çocuklar, sizlər bu Vətən üçün şəhid olmuş, canlarından keçən qardaşlarımızın yadigarlarısınız, övladlarısınız. Bizlər də əlimizdən gəldiyi qədər borcumuzdan çıxaraq sizlər üçün oyun parkı yaradaq dedik. Biz sizlər üçün nə etsək azdır. Sizlər bizim gözümüzün nurusunuz. Hər birinizi öpürəm, Allaha əmanət olun" söyləyib.


Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Zeki Öztürk çıxış edərək “"Hədiyyə karvanı yollarda!” şüarı ilə başladılan etkinliklər Türkiyə və Azərbaycanda  bir çox şəhərlərdə uşaqların könlünü oxşamışdır. Bu gün Qazaxda mərhum Hüsniyə Mutlu adına inşa edilən park ilə uşaqlara daha bir töhfəsini verir. Bu park qardaşlıq münasibətlərimizin ən böyük örnəklərindən biri oldu. İki qardaş ölkənin Prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında olan siyasi müttəfiklik əlaqələrimiz, bu gün hədiyyə edilən bu park ilə çocukların dünyasında da güclənəcəkdir. Çocukluq insan dəyəri və həssasiyət göstəricisidir. Qarabağ savaşında şəhid olan bütün igidlərimizi yüksək sayğı və hörmətlə yad edir, qazilərimizə şəfalar diləyirəm. Bu gün 23 iyul həm də Türkiyədə Ərzurum Konqresinin toplandığı gündür. O gün ki, Türkiyə Cümhuriyyətinin quruluşuna gedən yol bu Konqreslə başladı. Bu gün belə tarixi gündə parkın açılışını edirik. 23 iyul böyük tarixdir. İki ölkə üçün də" söyləyib.


Osmanlı nəslinin davamçısı, Sultan Abdulhəmidin nəvəsi Orhan Osmanoğlu çıxış edərək tədbir iştirakçılarını və şəhid ailələrini salamlayıb, tarixi bir gündə şəhid övladları üçün yaradılmış bir parkın açılışında iştirak etməkdən məmnunluq duyduğunu söyləyib. “İstanbul” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Zaur Əhmədov və kollektivi tərəfinən şəhid ailələrinə, övladlarına göstərilən qayğıdan söz açan natiq bu gün açılışı olan parkın da həmin qayğının davamı olduğunu bildirib. 85 milyonluq türk xalqının, Osmanlı ailəsinin bundan sonra da qardaş Azərbaycan xalqının yanında olacağını qeyd edib. 


Keçmiş 22 və 26-cı dönəm Ərzurum millət vəkili, Türk professoru və siyasətçi Mustafa İlıcalı çıxış edərək tədbir iştirakçılarına səmimi ürək sözlərini çatdırıb. Türkiyə-Azərbaycan qardaşlığından, dostluğundan söz açan natiq bu gün tarixi bir günün yaşandığını qeyd edib. Açılışı olan parkın iki ölkə arasında olan dostluğun simvolu olduğunu söyləyib. Əməyi keçən hər kəsə minnətdarlığını bildirib. 


İPAR Macəra və Oyun Parkları Dərnəyinin Yönətim Kurulu başkanı Yusuf Daştan çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində canlarından keçən şəhidlərimizi hörmət və ehtiramla andığını qeyd edib. 2020-ci ildə Qarabağ savaşında şəhid olmuş qardaşlarımızın övladları üçün oyun parkının yaradılması ilə bağlı Çocuk Oyunları ve Spor Kulüpleri Federasyonunun başkanı Mehmet Mutlu tərəfindən təklif irəli sürüləndə bizdə başqa bir duyğu yaratdı. Vətən üçün heç çəkinmədən canını fəda edən şəhidlərimizin çocuklarına, qazilərimizin övladlarına park yarada bilmək bəxtiyarlığını bəxş edən uca Allaha sonsuz təşəkkür etdiyini bildirib. Parkın yaradılmasında əməyi keçən insanlara təşəkkürünü çatdırıb. 


Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək bildirib ki, "Nazim Hikmət deyirdi ki, gəlin bir günlüyə dünyanı uşaqlara verək. İndi türk dünyası bütün günləri uşaqlara verir. Hamımızın ruhu Şuşadadır. Siz getsəniz də, ruhunuz Qazaxda qalacaq. Övladlarımıza belə bir park bəxş etdiyiniz üçün sizlərin hər birinizə minnətdarıq".


Çocuk Oyunları ve Spor Kulüpleri Federasyonunun Azərbaycan başkanı, “İstanbul” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Zaur Əhmədov çıxış edərək Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun parkın açılışında böyük xidmətlərinin olduğunu qeyd edib və açılışa qatılan hər kəsə minnətdarlığını bildirib. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidlərimizin ailəsinə göstərilən diqqət və qayğını hər zaman özü üçün nümunə götürdüyünü dilə gətirib. Şəhidlərimizin övladlarına sahib çıxmağın hər birimizin borcu olduğunu söyləyib. “İstanbul” Ailəvi İstirahət Mərkəzinin fəaliyyətə başladığı ilk gündən burada şəhidlərimizin ailələri ilə görüşlər keçirildiyini, şəhidlərimizin bizlərə əmanət olan övladlarının doğum günlərinin təşkil olunduğunu bildirib. Bu qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.  


Vətən müharibəsi şəhidi İzzət Həmidovun anası Vəfa İzzətli çıxış edərək "Hamınıza çox təşəkkür edirəm. Zaur müəllim hər zaman şəhid ailələrinin yanında olur. Ona da xüsusi təşəkkürlərimi bildirirəm. Çox həyəcanlıyam. Ona görə qısa danışıram. Şəhid övladlarını sevindirməkdən gözəl heç nə ola bilməz. Çünki onlar qəhrəman övladlarıdır. Allah sizlərdən razı olsun" söyləyib.


Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək bildirib ki, "Mən fikrimi Mustafa Kamal Atatürkün bir kəlamı ilə başlamaq istəyirəm. Azərbaycanın kədəri bizim kədərimizdir, Azərbaycanın sevinci bizim sevincimizdir. Şəhid atası kimi belə bir tədbirdə iştirak etməkdən qürur duydum. Müharibə zamanı Türkiyə dövləti, türk qardaşlarımız hər zaman bizim yanımızda oldular. Oğlum İzmirdə Komandoda oldu. Övladlarına türk adları qoydu, Vətən yolunda da canını verdi. Bayraqlarımız daim uca zirvələrdə olsun. Nə qədər ki, bir millət iki dövlətik, bizə heç bir qorxu yoxdur. Parkın yaradılmasına görə əməyi keçən hər kəsə şəhid ailələri adından minnətdarlığımı bildirirəm". 

Sonra oyun parkının rəmzi açılışını bildirən qırmızı lent kəsilərək şəhid övladlarının, tədbirə qatılan balaca fidanların ixtiyarına verilib.

Sonda tədbir gənc müğənnilər Şöhrət Məmmədovun, Dildara Eyubovanın, gənclərin bir-birindən rəngarəng çıxışları ilə davam edib. 


GOYEZEN.AZ




Facebook-da paylaş