• Təqvim

  • Maraq



“Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Qazax şəhərində suyun verilməsində yaranmış fasilələrlə bağlı subartezian quyularına, nasos stansiyasına və su anbarlarına yerində baxış keçirib


Cənab Prezident İlham Əliyevin təsdiqlədiyi "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larına uyğun olaraq respubikamızın bütün bölgələrində abadlıq və quruculuq işləri aparılır. Həmin Dövlət Proqramına əsasən 2019-cu ildən başlayaraq Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsi icra olunmuşdur. 2022-ci ilin mart ayından başlayaraq işlər başa çatmış, əhali sınaq mərhələsi olaraq yeni suya qoşulmuşdur. Hazırda sınaq mərhələsi həyata keçirilir. 

Son günlər Qazax şəhəri və ona bitişik olan Ağköynək-Qarapapaq kəndlərində su motorlarında baş vermiş texniki qüsurlar səbəbindən əhalinin içməli su təminatında müvəqqəti fasilələr yaranmışdır. 


İyulun 25-də “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, Su təchizatı sistemlərinin istismarı şöbəsinin rəisi, “Tərəqqi” medalı ilə təltif olunmuş, “Əməkdar mühəndis” Məmmədrəsul İlyasov, digər nümayəndələr, mütəxəssislər, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, 8 saylı Tovuz Regional SuKanal İdarəsinin rəisi Natiq Əhmədov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində qazılmış subartezian quyusunda, mənbədən götürülən suyun anbarlara ötürülməsi məqsədilə tikilmiş nasos stansiyasında və ümumi tutumu 10 min kubmetr (hər biri 5 min kubmetr) olan su anbarlarında olublar. Nasos stansiyasında, subartezian quyularında motorların mövcud vəziyyəti ilə yerində tanış olan sədr müavini motorlardakı nasazlığın tez bir vaxtda aradan qaldırılmasını bildirib. 


Vətəndaş amilinin, məmnunluğunun təmin olunması, əhalinin 24 saat dayanıqlı su ilə təminatının bərpa olunması istiqamətində görülməsi nəzərdə tutulan işlər geniş şəkildə müzakirə olunaraq aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

“Azərsu” ASC-nin “Bakı Sukanal” İdarəsinin mexanika şöbəsinin rəis müavini Yaşar Həsənov görülmüş işlər barədə məlumat verərək bildirib ki, mənbədən suyu anbara vuran elektrik nasoslarından 2-si yeni tipli qurğularla əvəz edilib, digər 2 nasos isə yaxın günlərdə dəyişdiriləcəkdir. Motorlardakı mövcud nasazlığın və suyun verilməsində olan fasilələrin tez zamanda aradan qaldırılacağını qeyd edib.

 

Onu da qeyd edək ki, bu gün abonentlərin böyük əksəriyyəti fasiləsiz içməli su ilə təmin edilir. Baş vermiş texniki qüsurlarla əlaqədar içməli su təminatında yaranan fasilələr tez bir zamanda aradan qaldırılaraq əhalinin su təminatı 100 % bərpa ediləcəkdir. 

Bundan əlavə, əhali tərəfindən şəbəkəyə qanunsuz qoşulmalar mövcuddur. Aidiyyəti qurumların iştirakı ilə reydlər təşkil ediləcək və qanunsuz qoşulmalara yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbir görüləcəkdir. 

GOYEZEN.AZ



Facebook-da paylaş