• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin məzunlarına təbriklərini çatdırıblar

İyunun 14-də respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda fəaliyyət göstərən tam orta məktəblərdə də "Son zəng” tədbirləri keçirilib. "Şuşa İli”ndə məktəbi bitirən məzunlar üçün bu gün xoş anlarla yaddaşlara həkk olunub.



 

Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə təşkil olunan "Son zəng” tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və köməkçisi Akif Əmirov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev və müdir müavini Nizaməddin Babanlı, məktəblilər və onların valideynləri iştirak ediblər.

 

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin direktor əvəzi Rəna Qocayeva çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, bu gün məzunları təbrikə gəldiklərinə görə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Məzunları təbrik edən R.Qocayeva onlara yenicə qədəm qoyduqları gələcək həyatlarında uğurlar arzulayıb. 2021-2022-ci tədris ilində məktəbin göstəriciləri barədə məlumat verən direktor əvəzi məktəbdə 783 nəfər şagirdin təhsil aldığını bildirib. Bu il 62 nəfər şagirdin məktəbi bitirərək məzun adını qazandığını qeyd edib. Bu il 9-cu sinifi bitirənlərin sayının isə 67 nəfər olduğunu, onlardan 3 nəfərin fərqlənmə attestatı aldığını vurğulayıb. 2021-2022-ci tədris ilində 9-cu siniflər üzrə rayon göstəricisinə görə ən yüksək nəticə əldə etdiklərini qeyd edib. Azərbaycan dili fənni üzrə müvəffəqiyyət göstəricisinin 68,66%, riyaziyyat fənni üzrə müvəffəqiyyət göstəricisinin 52,24%, xarici dil fənni üzrə müvəffəqiyyət göstəricisinin 38,81% olduğunu qeyd edib. 11-ci siniflər üzrə də müvəffəqiyyət göstəricisinin rayon göstəricisindən yüksək olduğunu bildirib. Azərbaycan dili fənni üzrə müvəffəqiyyət göstəricisinin 77,42%, riyaziyyat fənni üzrə müvəffəqiyyət göstəricisinin 58,06%, xarici dil fənni üzrə müvəffəqiyyət göstəricisinin 58,06% olduğunu söyləyib. Məktəbi bitirən məzunlardan ən yüksək nəticəni Həsənzadə Azadə Ramin qızının göstərdiyini, onun məktəb üzrə ən yüksək balı – 237 bal topladığını bildirib. Ümumilikdə 43 nəfər şagirdin ali məktəb üzrə müsabiqə şərtini ödədiyini söyləyib.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, məzunları və onların valideynlərini təbrik edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin ali məktəblərə qəbulun göstəricisinə görə hər zaman rayon məktəbləri arasında birincilər sırasında olduğunu bildirib. Məktəbi bitirən məzunları tarixi gün münasibətilə bir daha təbrik edən rayon rəhbəri onlara gələcək işlərində, atdıqları addımlarda uğurlar arzulayıb. Harada olmalarından, hansı ali təhsil ocaqlarında təhsil almalarından asılı olmayaraq hər zaman Qazaxın adını uca tutmalarını tövsiyə edib.   

 

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək əlamətdar gün münasibətilə məzunları təbrik edib, xoş arzularını çatdırıb. Millət vəkili Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin ən ali məqsədinin təhsil sahəsi, bu sahənin inkişafı, yüksəlişi olduğunu qeyd edib. Bu gün rayon rəhbərliyi tərəfindən təhsil sahəsinə, məktəblərə, bağçalara göstərilən qayğıya görə razılığını bildirən millət vəkili bu qayğını həmin təhsil siyasətinin davamı kimi qiymətləndirib. "Təhsili olan millət basılmaz. Təhsilli millət dünyada ən yüksək yerləri tutar. Biz sizin kimi gənclərlə fəxr edirik”, - deyən millət vəkili məzunları bir daha təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.

 

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev çıxış edərək məzunları, məktəbin pedaqoji kollektivini, valideynləri əlamətdar gün münasibətilə təbrik edib. Məzunlara ali təhsil alacaqları universitetlərdə, gələcək karyeralarında daim səslərinin yüksəklərdən gəlmələrini arzulayıb.

 

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlı çıxış edərək məzunlara təbriklərini çatdırıb, gələcək həyat yollarında hər zaman uğur qazanmalarını, layiqli yerlərini tutmalarını arzu edib.


Məktəbin riyaziyyat müəllimi, 9a sinifinin sinif rəhbəri Nuriyyə Qasımova çıxış edərək məzunlara səmimi arzularını bildirib. Onları qarşıda daha böyük hədəflərin gözlədiyini qeyd edib. "Əminəm ki, müəllimlərinizin, valideynlərinizin sizə verdikləri potensial sayəsində gələcəkdə də vətənimiz, sağlam cəmiyyətimiz naminə layiqli vətəndaş kimi xidmət göstərəcəksiniz”, - deyən N.Qasımova bu yolda onlara uğurlar arzulayıb.

Sonra 9-cu siniflər üzrə buraxılış imtahanlarında yüksək nəticə göstərərək fərqlənmə attestatına layiq görülən 9a sinif şagirdləri Ağakişiyev Fərid Polad oğluna, Vələdov Məhəmməd Koroğlu oğluna, 9c sinif şagirdi Quliyev Nəcəf Azər oğluna Fəxri Fərman təqdim olunub.

Daha sonra məzunların bir-birindən maraqlı çıxışları təqdim olunub. "Son zəng” tədbiri xoş əhval-ruhiyyə ilə davam edib.



 

GOYEZEN.AZ



Facebook-da paylaş