İcra başçısı BDU-nun Qazax filialında dövlət imtahanında iştirak edən tələbələrlə görüşüb
Bu gün tam əminliklə deyə bilərik ki, son illər Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə elm və təhsilin inkişafına göstərdikləri qayğı, bu istiqamətdə imzalanan çoxsaylı fərman və sərəncamlar Azərbaycan təhsilinin dünya standartlarına uyğun qurulmasına böyük zəmin yaradıb. Bunu respublikamızın bütün bölgələrində yeni məktəb binalarının tikintisindən, əsaslı və ya cari təmir olunmasından, məktəblərin, ali təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsindən, müəllimlərin əməkhaqlarının, tələbələrin təqaüdlərinin ildən-ilə artırılmasından aydın şəkildə görmək olar.
Son dövrlər Qazaxda müəllim və şagirdlərə, ali təhsil ocaqlarında təhsil alan tələbələrə olan səmimi münasibət, göstərilən qayğı bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovunrəhbər təyin olunduğu ilk gündən daim qayğı ilə yanaşdığı təhsil ocaqlarından biri də Bakı Dövlət Universitetinin Qazax filialıdır. Rayon rəhbərinin mütəmadi olaraq filialın müəllim-tələbə kollektivi ilə görüşməsi, təşkil olunan tədbirlərdə yaxından iştirak etməsi, istər müəllimlərə, istərsə də tələbələrə səmimi münasibət bəsləməsi bu söylədiklərimizin əyani sübutudur.
İcra başçısı bu gün də Bakı Dövlət Universitetinin Qazax filialında olub, dövlət imtahanında iştirak edən buraxılış kurs tələbələri ilə görüşüb, imtahanın gedişatı ilə maraqlanıb.
Filialın direktoru, dosent Arif Rüstəmov keçirilən dövlət imtahanı barədə ətraflı məlumat verərək bildirib ki, imtahanların yüksək səviyyədə təşkil olunması üçün əvvəlcədən lazımi hazırlıq işləri görülüb. A.Rüstəmov müvafiq əmrlə nəzarət komissiyası yaradıldığını, müəllim-koordinatorların bölgüsünün aparıldığını, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün filialda lazımi şəraitin təmin edildiyini bildirib. İyun ayının 2-si və 3-ü keçirilən dövlət imtahanının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə Qərargah yaradıldığını diqqətə çatdırıb. Hətta, Qəragahın nəzdində fəaliyyət göstərən "Qaynar xətt”ə daxil olan müraciətlərin Qərargah üzvləri tərəfindən dərhal araşdırıldığını vurğulayıb. Qiymətləndirmədən narazı qalan tələbələrin Qərargaha müraciət etmələri, bundan əlavə, valideynlərə övladlarının imtahanlarında iştirak etmək üçün şərait yaradıldığını qeyd edib. Əvvəlcədən həyata keçirilən tədbirlərin və görülən işlərin nəticəsində bu günə kimi heç bir qanun pozuntusunun aşkar olunmadığını söyləyib.
Filialın direktoru imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olduğunu, tələbələri maraqlandıran sualları cavablandırdığını, onların qarşılaşdığı hər hansı bir problemin olub-olmaması ilə maraqlandığını da bildirib.
Rayon rəhbərinə məlumat verilib ki, iyunun 2-də tələbələr tarix (qiyabi və əyani), turizm və otelçilik (qiyabi və əyani), sosial iş (qiyabi və əyani), tarix müəllimliyi (əyani), fiziki tərbiyə və çağırışaqədərki hazırlıq, kimya və biologiya ixtisasları üzrə dövlət imtahanı veriblər.
İyunun 3-də keçirilən imtahanların isə Azərbaycan dili və ədəbiyyat müəllimliyi, filologiya (Azərbaycan dili və ədəbiyyatı), ibtidai sinif müəllimliyi, məktəbəqədər təlim-tərbiyə, təhsildə sosial psixoloji xidmət, tarix və coğrafiya müəllimliyi, coğrafiya müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, informatika müəllimliyi, riyaziyyat müəllimliyi, fizika müəllimliyi ixtisasları üzrə aparıldığı qeyd olunub. İyunun 2-də keçirilən imtahanda 125 nəfər, iyunun 3-də təşkil olunan imtahanda 140 nəfər, ümumilikdə, imtahanlarda 265 nəfər tələbənin iştirak etdiyi vurğulanıb. Bildirilib ki, imtahan başa çatan gün onun nəticələri tələbələrə elan olunur. Belə ki, tələbələrin tədris göstəriciləri filialın dəhlizlərində asılmış xüsusi lövhələrə vurulur.
Qeyd olunub ki, tələbələr imtahanları bilet götürərək 5 sual olmaqla yazılı şəkildə verirlər. Hər bir sual da 10 ballıq sistem üzrə qiymətləndirilir. İmtahanların şəffaflığını təmin edən ən əsas amil isə tələbələrin adlarının gizli saxlanılaraq komissiya üzvləri tərəfindən yoxlanılmasıdır. Belə ki, hər bir tələbənin cavabları qeyd olunmuş imtahan vərəqələri xüsusi kodlarla qeyd olunur. Müəllimlər ad və soyad bilmədən cavabları yoxlayırlar. Sonda qiymətləndirilmə aparılandan sonra həmin koda əsasən tələbənin topladığı bal elan edilir.
İcra başçısı imtahanların keçirildiyi auditoriyalarda olub, tələbələrlə görüşüb, onlarla səmimi söhbət edib. Rayon rəhbəri respublikamızda bütün sahələrlə yanaşı, gənclərə göstərilən diqqət və qayğının onların gələcəkdə bir vətəndaş kimi yetişməsində mühüm rol oynadığını qeyd edib. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi ilə əlaqədar verilən fərman və sərəncamların gənclərin gələcəkdə öz karyeralarını qurmalarında böyük əhəmiyyət kəsb etdiyini bildirib. Filialın fəaliyyətindən söz açan rayon rəhbəri bugünkü imtahanların şəffaf şəkildə keçirildiyini bildirib. İcra başçısı BDU Qazax filialının inkişaf etməsində böyük əməyi olan filialın direktoru olmuş mərhum coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyevin xatirəsinin hər zaman əziz tutulduğunu, onun daim qəlblərdə yaşadığını qeyd edib. Onun filialda qoyduğu ənənələrin bu gün Arif müəllim, eləcə də müəllim-professor heyəti tərəfindən uğurla yerinə yetirildiyini qeyd edib.
Rayon rəhbəri imtahanların şərtləri, tələbələri maraqlandıran sualları və onlara yaradılan şəraiti elə tələbələrin öz dillərindən eşidib.
Bugünkü imtahanlarda iştirak edən tələbələr söylədikləri fikirlərlə, verdikləri dolğun və əhatəli cavablarla filialda imtahanların şəffaf və obyektiv şəkildə keçirilməsini bir daha sübut ediblər. Tələbələr imtahanları rahat şəraitdə vermələri üçün onlara hər cür şərait yaradıldığını qeyd ediblər. Bu gün təhsil sahəsinə olan diqqət və qayğının bariz nümunəsini BDU-nun Qazax filialında gördüklərini bildiriblər. Buna görə filialın rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlıqlarını ifadə ediblər. Bu gün onlarla olan səmimi görüşə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
Rayon rəhbəri tələbələrlə səmimi söhbət edərək onlara müstəqil Azərbaycanın savadlı, intellektli gəncləri kimi gələcəkdə çalışdıqları sahələrdə öz töhfələrini vermələrini tövsiyə edib və imtahanlarda uğurlar arzulayıb. Azərbaycan dövlətinin öz gələcəyini savadlı gənclər üzərində qurduğunu söyləyib və gənclərin daha böyük nailiyyətlər qazanacaqlarına əminliyini vurğulayıb.
Filialın direktoru Arif Rüstəmov rayon rəhbərliyinin filiala olan qayğısından söz açaraq bugünkü növbəti səfərinə görə minnətdarlığını bildirib. İstər müəllimlərə, istərsə də tələbələrə olan dəstəyi, göstərilən qayğını, səmimi münasibəti hər zaman razılıqla qarşıladıqlarını diqqətə çatdırıb. A.Rüstəmov respublikamızda, eləcə də bölgələrimizdə həyata keçirilən məqsədyönlü tədbirlərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya ziyalılar adından minnətdarlığını bildirib. Qazaxda təhsil sahəsinə, müəllimlərə, ziyalılara olan diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə bir daha təşəkkürünü çatdırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş