Qazaxda saz və söz sənətinə dair beynəlxalq konfrans
Respublika mətbuatı Qazax haqqında Qazaxda
Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu,
Erzincan Binali Yıldırım Universiteti, Bakı Dövlət Universitetinin Qazax
filialı və "Aşıq Şəmşir” Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə Aşıq Şəmşir
və Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr edilmiş "Aşıq sənəti və yazılı ədəbiyyat”
mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Ədəbiyyat
Muzeyində keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov, icra aparatının məsul işçiləri, qonaqlar və ictimaiyyət nümayəndələri,
Qazax və Kəlbəcər aşıqları, ziyalılar, ağsaqqallar iştirak etmişlər. Tədbir
iştirakçıları əvvəlcə Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər xiyabanını
ziyarət edərək memorial önünə tər qərənfillər düzmüş, torpaqlarımızın azadlığı
uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişlər. Daha
sonra tədbir iştirakçıları Ədəbiyyat Muzeyinin foyesində Aşıq Şəmşirlə Xalq
şairi Səməd Vurğunun fotolarından, kitablarından ibarət guşəyə, həmçinin Qazax
Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax Dövlət Rəsm Qalereyasının və Qazax
Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Səməd
Vurğun və Aşıq Şəmşir dostluğu sazın-sözün vəhdətində” adlı rəsm sərgisinə
baxmışlar. Ədəbiyyat
Muzeyinin akt zalında davam edən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov çıxış edərək konfrans iştirakçılarını, qonaqları
salamlamış, səmimi ürək sözlərini çatdırmışdır. Aşıq Şəmşir və Xalq şairi Səməd
Vurğunun xatirəsinə həsr edilmiş "Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda
keçirilən Beynəlxaq Elmi Konfransın əhəmiyyətindən söz açan icra hakimiyyətinin
başçısı bu günün qazaxlıların yaddaşına tarixi gün kimi yazıldığını diqqətə
çatdırmışdır. Rayon rəhbəri demişdir ki, 2009-cu il sentyabrın 30-da Azərbaycan
Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın yüksək
diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq
səhifə yazılmışdır. UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin
həmin gün Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 4-cü
sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti UNESCO-nun
Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Bu hadisə aşıq sənətinin Azərbaycan
mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir
daha təsdiqləyir. Bu uğur Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü
siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğının nəticəsidir. Rəcəb
Babaşov demişdir ki, yurdumuzda Aşıq Şəmşir poeziyasının vurğunu olmayan, onun
şəxsiyyətini sevməyən, şeirlərini bilməyən, əzbərləməyən tək-tək aşıq olar. Təkcə
aşıqlar, şairlər deyil, bütövlükdə xalqımız Aşıq Şəmşiri sevir və onun adı gələndə
böyük qürur hissi keçirir. Bu gün deyə bilərik ki, Xalq şairi, ölməz sənətkar Səməd
Vurğun və klassik aşıq sənətinin son nümayəndəsi Aşıq Şəmşir qəlblərdə daim
qoşa yaşayacaqlar. Konfransda
AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu İmanov, Əməkdar
jurnalist Adil Cəmil, BDU Qazax filialının direktoru Arif Rüstəmov, "Qazax”
Xeyriyyə İctimai Birliyi idarə heyətinin sədri İlham Pirməmmədov, Kırşehir Ahi
Evran Üniversitetinin professoru, doktor Kubilay Kolukırık, Azərbaycan
Jurnalistlər Birliyinin sədri, "Ayna”, "Zerkalo” qəzetlərinin təsisçisi və baş
redaktoru Elçin Şıxlı, Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin professoru
doktor Mahmud Kamaloğlu, "Aşıq Şəmşir” Mədəniyyət Ocağının sədr müavini, Yeni
Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Erzincan
Binali Yıldırım Universitetinin professoru doktor Ali Kafkasyalı, Azərbaycan
Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq rəssamı,
Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov və başqaları
çıxış edərək tədbirin əhəmiyyətindən, işığına yığışdıqları saz-söz ustalarının
qüdrətindən danışmış, yaradıcılığından nümunələr gətirmişlər. Sonda
"Səməd Vurğun və Aşıq Şəmşir dostluğu sazın-sözün vəhdətində” adlı şeir və rəsm
müsabiqələrinin qalibləri mükafatlandırılmışlar. Hamlet QASIMOV, "Xalq qəzeti”nin bölgə müxbiri 22 may 2022-ci il
Facebook-da paylaş