• Təqvim

  • Maraq



May ayı üzrə nəzərdə tutulan növbəti səyyar görüş Daş Salahlı kənd sakinləri ilə olub

Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Xüsusilə də vətəndaş məmnunluğunun əsas götürülməsi hər bir dövlət məmuru üçün örnəkdir.

Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tələb və tövsiyələri nəzərə alınmaqla 2022-ci ilin mart ayından etibarən şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin yenidən bərpa olunması da məhz bu amala xidmət edir.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.

May ayı üzrə nəzərdə tutulan növbəti səyyar görüş Daş Salahlı kənd sakinləri ilə olub. Mayın 12-də Qazax Rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin qarşısında keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər. Bugünkü görüşdə də ölkə başçısı tərəfindən əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən, atılan addımlardan söz açılıb.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.

İcra başçısı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərinin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Xüsusilə də əhalinin vaksinasiyası sahəsində olan işlərin rayonda uğurla aparıldığını, əhalinin peyvəndlənməsi sahəsində görülmüş işlərin nəticəsinə görə Qazaxın ön sıralarda yer aldığını söyləyib. Qeyd edib ki, məhz bu tədbirlər sayəsində əldə olunmuş nailiyyətlərə görə rayonda COVID-19 xəstəliyindən 72 nəfər dünyasını dəyişib. Ağır günlərin arxada qaldığını, bu gün ölkəmizdə Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin görüldüyünü, səyyar görüşlərin yenidən bərpa edildiyini vurğulayıb. 


2020-ci ilin Azərbaycanın hərb tarixinə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə əbədi həkk olunduğunu qeyd edən icra başçısı bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onlardan bir nəfərinin Daş Salahlı kəndindən olduğunu bildirib. Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid leytenant Yaqubov Mayis Rəhim oğlunun xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində ən ülvi hisslərlə yaşayacağını qeyd edib.

Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

İcra başçısı son illər ölkə Prezidentinin rəhbərliyi altında respublikamızın bölgələrində, o cümlədən Qazaxda genişmiqyaslı quruculuq işlərinin aparıldığını bildirib. İcra başçısı bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsinin də daim diqqət mərkəzində saxlanıldığını, ölkə başçısının qayğısı sayəsində Qazaxda 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin inşa olunmasını bu sahədə çalışan insanlara olan ən böyük töhfə kimi dəyərləndirib.

Rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu, çəkilişdən sonra şəhərin abadlaşdığını vurğulayıb.

Rayon rəhbəri dövlət başçısının diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qeyd edib. Rayon rəhbəri bu gün təmirli yollar sırasında Daş Salahlı yolunun olmasını, bundan əlavə, kənddə 110/35/6 kilovoltluq "Daş Salahlı” yarımstansiyasının inşa olunmasını bu kənddə yaşayan sakinlərə olan qayğı kimi qeyd edib.

İcra başçısı rayonda bağçalarla bağlı görülən işlərdən də söz açıb. Son illər rayonda şəhər və kəndlər üzrə mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən 21-nin yüksək səviyyədə təmir olunmasını körpələrə olan dövlət qayğısının bariz nümunəsi kimi göstərib. İcra başçısı bu gün həmin təmirli bağçalardan ikisinin məhz Daş Salahlı kəndində olduğunu, üçüncü bağçanın tikintisinin də nəzərdə tutulduğunu söyləyib.

İcra başçısı qeyd edib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürünü çatdırıb.

Son illər rayonun bütün kəndlərində olduğu kimi, Daş Salahlı kəndində də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. Bütün kəndlərdə, o cümlədən də Daş Salahlı kəndində suvarma suyunun yaxşılaşdırıldığını bildirən icra başçısı bu işdə arx və kanallarda aparılan təmizlik işlərinin də böyük rol oynadığını bildirib. Bundan başqa, mövcud olan sudan qənaətlə, səmərəli istifadə edilməsi üçün gündüz və gecə növbəliyinin təşkil olunacağını, reydlər aparılacağını vurğulayıb.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Daş Salahlı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib.

Rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi olaraq narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizəyə dair tədbirlərin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmalı olduğumuzu söyləyib.

"Bu gün görüşməkdə əsas məqsədimiz siz vətəndaşları dinləməkdir”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. 

Kənd sakinlərindən Fərhad Qocamanov, Nemət Əliyev, Qətibə Kazımova onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini və son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini dilə gətiriblər. Son illər rayonda, eləcə də Daş Salahlı kəndində daim yeniliklərin əyani şahidi olduqlarını qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar. 

 

Kənd sakini Cəlal Osmanov isə "Pasyolka” adlanan ərazidə yaşayan sakinlərin müraciətinə əsasən 100-ə yaxın ailənin su təminatının yaxşılaşdırılması üçün 1700 metr uzunluğunda su xətti çəkilməsinə, müraciətlərinə operativ şəkildə baxılmasına, qaldırılan məsələnin həlli istiqamətində görülən işlərə görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə sözügedən ərazidə yaşayan sakinlər adından minnətdarlığını bildirib.


Qazax Rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəlilova "Bir müəllimin manifesti” layihəsi əsasında reallaşan proqramın ADA Universitetinin təhsil sahəsindəki qabaqcıl təcrübəsini, xüsusilə də Vaşinqton təcrübəsini region müəllimlərinin və məktəb direktorlarının məktəblərinə daşımaları üçün böyük imkan yaratdığını qeyd edib. Bu layihədə iştirakına və müəllimlərə, ziyalılara yaradılan imkana görə ADA Universitetinin rektoru Hafiz Paşayevə, ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmmədə, ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdala və ADA komandasına sonsuz minnətdarlığını ifadə edib. 

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Almara Abdullayevanın kənddə su itkisinin qarşısını almaq üçün mövcud suvarma arxlarının beton üzlüyə alınması, Gülamayıl Cürənovanın şəhid ailəsi kimi torpaq sahəsi ilə təmin olunması, Alı Nəsibovun kənddə salınmış yeni məhəllədə 12 yaşayış evinə qaz xəttinin çəkilməsi və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. Qeyd edilən məsələlərin araşdırılması, yerində baxış keçirilməsi və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.











 

GOYEZEN.AZ



Facebook-da paylaş