• Təqvim

  • Maraq



"Mobil Səyyar ASAN xidmət" Qazaxda 8324 nəfərə xidmət göstərib

"Mobil Səyyar ASAN xidmət" Qazaxda 8324 nəfərə xidmət göstərib
"Mobil Səyyar ASAN xidməti"nin nümayəndələri texnika ilə təchiz olunmuş xüsusi avtobusla əhaliyə səyyar xidmətlərin göstərilməsi məqsədilə 2017-ci ilin dekabrın 7-dən 28-dək Qazax rayonunda olub. Rayon sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, doğumun qeydə alınması, nikahın qeydə alınması və funksional yardımçı xidmətlər göstərilib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmətlərin təşkili şöbəsinin baş məsləhətçisi Fəda Abbasov GOYEZEN.AZ saytına bildirib ki, rayonda fəaliyyət göstərdikləri müddət ərzində xidmətə 8373 nəfər vətəndaş müraciət edib. Onlardan 8324 nəfərinə müxtəlif sahələr üzrə xidmət göstərilib.

Şəhərlə yanaşı olaraq Xidmətin əməkdaşları kəndlərdə olub, sakinlərə səyyar xidmət ediblər. Belə ki, rayonun sərhəd kəndləri olan Qaymaqlı, Aslanbəyli, Kəmərli, Alpout, Fərəhli, Abbasbəyli, Məzəm, Quşçu Ayrım və işğal altında olan Qızıl Hacılı kəndlərinin sakinlərinə yaşadıqları ərazidə xidmət göstərilib. Eyni zamanda Yuxarı Salahlı, Birinci və İkinci Şıxlı kəndlərinin sakinləri də səyyar xidmətdən yararlanıblar.

Səyyar qəbullar zamanı isə 399 kənd sakini müraciət edib ki, onların da 396 nəfəri Xidmətdən istifadə edib.

Dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunması məqsədilə həyata keçirilən Səyyar xidmətdən rayon sakinləri razı qalıblar.

"Mobil Səyyar ASAN xidmət" Qazaxda 8324 nəfərə xidmət göstərib
GOYEZEN.AZ


Facebook-da paylaş