İcra başçısı kəndlərdə ipəkqurdu toxumunun mövcud vəziyyəti ilə tanış olub
"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələrin icrası istiqamətində son illər Qazaxda da ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Qazax rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir.
Bu il artıq yeddinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Cari ildə kümçülər tərəfindən 2800 kq yaş baramanın istehsalı nəzərdə tutulub. İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülərə 70 qutu ipəkqurdu toxumu paylanılıb.
Mayın 7-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahovla birlikdə rayonda ipəkqurdu toxumu paylanılmış Kəmərli, Qaymaqlı, Aslanbəyli, Yuxarı Salahlı, Orta Salahlı, Daş Salahlı kəndlərində olub, ipəkqurdu toxumunun saxlanma şəraiti və mövcud vəziyyəti ilə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Yem bazası da kifayət qədərdir.
Kəndlərdə barama yetişdirən kümçülər bildiriblər ki, respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər biz rayon baramaçılarının bu sahəyə olan marağını xeyli artırıb. Hər il məhsulun bəhrəsini görən kümçülər cari ildə də mütəxəssislərin məsləhətlərindən yararlanaraq daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyiblər.
Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini verib.
Kəmərli kəndi
Qaymaqlı kəndi
Aslanbəyli kəndi
Yuxarı Salahlı kəndi
Orta Salahlı kəndi
Daş Salahlı kəndi
GOYEZEN.AZ
Facebook-da paylaş