• Təqvim

  • Maraq



Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ulu Öndərin ilahi arzuları reallığa çevrilir!” mövzusunda konfrans keçirilib

Mayın 6-da Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Ulu Öndərin ilahi arzuları reallığa çevrilir!” mövzusunda konfrans keçirilib. 

YAP Qazax Rayon Təşkilatının inzibati binasında keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Partiya fəalları, YAP Qazax Rayon Təşkilatı aparatının işçiləri, YAP Qazax Rayon Təşkilatı ərazi partiya təşkilat sədrləri iştirak ediblər.



 

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin təşkilatın inzibati binasında olan büstü önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

 

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev giriş sözü ilə çıxış edərək rayon rəhbərliyini və konfrans iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. "Ulu Öndərin ilahi arzuları reallığa çevrilir!” mövzusunda geniş məruzə ilə çıxış  edən A.Nəbiyev dahi şəxsiyyətin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması üçün bu cür konfransların böyük əhəmiyyət daşıdığını qeyd edib. A.Nəbiyev bildirib ki, təbiətin qanununa əsasən hər bir kəs nə vaxtsa dünyasını dəyişir, haqq dünyasına qovuşur. Lakin yaşadığı ömrü mənalı keçirən, onu şam kimi əridərək canından artıq sevdiyi Vətəninə, xalqına xidmətlə başa vuran şəxslər, bir sözlə, dahilər ölmürlər, onlar əbədiyyətə qovuşurlar. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”, yaxud "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram!” kimi müdrik fikirlərini əməli işləri ilə həyata keçirən Heydər Əliyev əbədi olaraq liderlik zirvəsinə, dahilik zirvəsinə yüksəldi. Odur ki, bu gün müstəqil Azərbaycan deyəndə, Heydər Əliyev, Heydər Əliyev deyəndə müstəqil Azərbaycan başa düşülür. Bu gün Ulu Öndərin dəsti-xətti, onun əməlləri, onun izi bizim hər addımımızda, hər anımızdadır. A.Nəbiyev vurğulayıb ki, bizim xalqımız çox müdrik, həm də xoşbəxt xalqdır. Çünki xalqımızın Heydər Əliyev kimi Ümummilli Lideri, onun İlham Əliyev kimi layiqli davamçısı var. Əsası Ulu Öndər tərəfindən qoyulan, bu gün möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Partiya sədri tərəfindən əzmlə, böyük səylə həyata keçirilən siyasi–kurs, dəsti–xətt hamımızın gözü qarşısındadır. Biz bunun 44 günlük şanlı Vətən müharibəsində də canlı şahidi olduq. Möhtərəm Prezidentin rəhbərliyi altında elə bir möhtəşəm Qələbəyə, elə bir Zəfərə imza atıldı ki, bu Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Əlbəttə ki, bu misilsiz Qələbə şəhidlərimizin canı bahasına, qazilərimizin qanı, sağlamlığı bahasına, Müzəffər Ali Baş Komandanın xüsusi sərkərdəlik qabiliyyəti sayəsində əldə olundu. 

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı qeyd edib ki, müstəqil Azərbaycanın keçmişi, dünəni və bu günü, eləcə də gələcəyi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. İstər SSRİ, istərsə də sonrakı dövrlərdə Azərbaycanın inkişafında, bütün sahələrdə əldə edilən uğurlarda Ümummilli Liderin danılmaz əməyinin olduğunu vurğulayıb. Bugünkü Azərbaycanın güclü, müstəqil dövlət kimi söz sahibi olmasında dahi şəxsiyyətin böyük xidmətlərinin olduğunu diqqətə çatdırıb. Rayon rəhbəri bu gün Ulu Öndərin aramızda olmasa belə onun yürütdüyü düzgün, dəqiq, düşünülmüş siyasətinin onun layiqli varisi, ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən olduğu kimi icra edilməsi nəticəsində ölkəmizin gündən-günə daha da inkişaf etdiyini, dahi şəxsiyyətin arzuladığı Azərbaycanın var olduğunun şahidi olduğumuzu qeyd edib. Bu gün iqtisadiyyatda, təhsildə, səhiyyədə, mədəniyyətdə, eləcə də digər sahələrdə olan inkişafın təməlində dahi şəxsiyyətin yürütdüyü dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən olduğu kimi icra edilməsinin dayandığını söyləyib. İcra başçısı qeyd edib ki, 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dedi və artıq illərdir ki, biz xalq olaraq bu ümidlərin doğrulduğunun şahidi oluruq. Xüsusilə də Ulu Öndərin ordu quruculuğu sahəsindəki siyasətinin yüksək səviyyədə davam etdirilməsinin 44 günlük Vətən müharibəsində bir daha şahidi olduq. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində bir daha şahidi olduq ki, Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Ən əsası da əldə etdiyimiz Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Bu Qələbənin müəllifi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevdir. Ən əsası isə ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Ən əsası da Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun əldə etdiyi zəfərlə Ulu Öndərin Kəlbəcərə, Şuşaya, eləcə də digər işğal altında olan torpaqlarımıza qayıdacağıq arzusu reallaşdı. O arzu ki, bu gün işğaldan azad olunmuş topaqlarımızda, şəhər və kəndlərimizdə üçrəngli Azərbaycan Bayrağı dalğalanır. 

 

YAP Qazax Rayon Təşkilatı Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəb ərazi partiya təşkilatının sədri Səadət İsgəndərova çıxışında Ulu Öndər Heydər Əliyevin əlində xəritə Azərbaycanı bütün dünyaya tanıtdığını qeyd edib. S.İsgəndərova xalqın təkidli tələbi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda demokratiyanı qurmaq, müstəqilliyi bərpa etmək, yeni quruculuq işləri yaratmaq üçün münbit şərait yarandığını bildirib. "Biz dünən, bu gün, sabah və gələcək üçün dahi şəxsiyyətə borcluyuq”, - deyən S.İsgəndərova Azərbaycan xalqı var olduqca Ulu Öndərin də daim qəlblərdə yaşayacağını, hər zaman hörmət və ehtiramla anılacağını söyləyib. 


YAP Qazax Rayon Təşkilatı Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəb ərazi partiya təşkilatının sədri Gülnar Əmrahova çıxış edərək Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın yeni tarixini yazdığını, xalqımızı sabit inkişaf yoluna çıxardığını, ictimai-siyasi sabitliyi bərqərar etdiyini bildirib. Ulu Öndərin təhsil sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi diqqət və qayğıdan söz açan G.Əmrahova dahi şəxsiyyətin "Mən müəllimdən yüksək ad tanımıram” fikrini həmin dəyərin bariz nümunəsi kimi qeyd edib. 

YAP Qazax Rayon Təşkilatı Qazax Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatının sədri Vüqar Əyyubov çıxış edərək Ulu Öndərin rəhbərliyi altında vaxtında qurulmuş düzgün daxili və xarici siyasət sayəsində Azərbaycanın bu gün uğurlu addımlarla irəliyə doğru getdiyini söyləyib. Azərbaycanı durmadan inkişaf yolunda aparan insanın isə dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyev olduğunu qeyd edib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bundan sonra da dahi şəxsiyyətin, böyük insanın ideyalarının yaşayacağını vurğulayıb. 

 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək Azərbaycan tarixinin 50 ilə yaxın bir müddətinin dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu bir daha diqqətə çatdırıb. Onun zəngin irsini, müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunda gördüyü işləri indiki və gələcək nəsillərə çatdırmağın hər birimizin şərəfli və məsuliyyətli işi olduğunu bildirib. Ulu Öndərin Azərbaycan tarixində ən qüdrətli şəxsiyyət kimi adını və imzasını xalqının qəlbinə yazdıra bildiyini, xalqımızın illər ötsə belə öz dahi oğlunu heç zaman unutmayacağını, daim ehtiramla xatırlayacağını qeyd edib. 

 

YAP Qazax Rayon Təşkilatı Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəb ərazi partiya təşkilatının sədri Ruslan Rzayev çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyətinin gələcək nəsillər üçün bir məktəb olduğunu vurğulayıb. O məktəbi gələcək nəsillərə çatdırmağın hər bir azərbaycanlının üzərinə düşən ən ümdə iş olduğunu söyləyib. 

Tədbirdə Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Gülçin Hüseynova, Felyura Kosazadə, Təhminə İsmayılova və İsrayıl Qocayev Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlərdən ibarət kompozisiya təqdim ediblər. 

Sonda Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinə Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı tərəfindən Fəxri Fərmanlar təqdim olunub.





 

GOYEZEN.AZ



Facebook-da paylaş