• Təqvim

  • Maraq



Qazaxda “Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi şəhidinin adını əbədiləşdirən bulaq-abidə kompleksinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun şücaəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi 44 gün sonra tarixi Qələbə ilə başa çatdı. 44 günlük haqq savaşı Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə olan bağlılığını, torpaq üçün gözünü qırpmadan candan keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyətli addımlarını, müdrik siyasətini dəstəkləyən xalqımız 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı aparılan müharibədə öz rəhbərinin ətrafında yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar və sonda tarixi ədaləti bərpa etdilər.

Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə, sağlamlıqlarını itirən qazilərimizə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur. Şəhidlərimizi tanımaq və tanıtmaq hər kəsin ən ümdə işidir. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.

Vətən torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda canından keçən igid oğullarımızdan biri də şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğludur.

Ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş igid Vətən oğlunun adı doğulduğu Qazax rayonunda əbədiləşdirilib.

Şəhərin Nəriman Nərimanov küçəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksinin və parkın yanında qəhrəman şəhidimizin xatirəsini əziz tutmaq, qəhrəmanlığını gələcək nəsillərə tanıtmaq üçün bulaq-abidə kompleksi inşa olunub.





Mayın 4-də qəhrəman şəhidimizin adını daşıyan bulaq-abidə kompleksinin açılışı olub. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin müəllim və şagirdləri, Vətən müharibəsi əlilləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, döyüş yoldaşları, Gəncədən, Biləsuvardan, Lənkərandan, Tərtərdən, Şəmkirdən, Tovuzdan, Ağstafadan olan şəhid döyüş yoldaşlarının ailə üzvləri iştirak ediblər. 

Şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb.

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarından keçən Vətən oğullarının və qəhrəman şəhidimizin ruhlarına yasin oxuyub, əziz xatirələri ehtiramla yad edilib.








Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhid ailələrini, qaziləri, tədbir iştirakçılarını salamlayıb, iştiraklarına görə razılığını bildirib.

"Əziz şəhid ailələri, ilk gündən biz dövlət olaraq, məmur olaraq ilk addımımızı şəhidin qapısına atdıq. Özümüzə borc bildik ki, şəhidin ailəsini diqqətdən kənarda qoymayaq. Çünki bu, hər bir Azərbaycan vətəndaşının borcudur”, - deyən icra başçısı şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı 44 günlük Vətən müharibəsindən, həmin müharibədə əldə etdiyimiz tarixi Qələbədən il yarımdan artıq bir müddət ötməsinə baxmayaraq xalqımızın zəfər dolu günləri bu gün də qürurla xatırladığını bildirib. Ötən müddət ərzində şəhidlərimizin daha da əziz olduğunu, xatirələrinin daim yad olunduğunu vurğulayıb.

Rayon rəhbəri nə qədər Azərbaycan xalqı var, Xaliddin Nəsibov kimi oğullarımızın daim qəlblərdə yaşayacağını, qalib xalqın qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən Xaliddinin xatirəsinin daim əziz tutulacağını bildirib. Rayon rəhbəri 30 illik işğalda olan torpaqlarımızı 44 günlük savaşda azad edən Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Xaliddinin təkcə qazaxlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir qazaxlının qürur duyduğunu vurğulayıb. Rayon rəhbəri hərbçi ailəsində böyüyən Xaliddinin ailəsində və məktəbdə aldığı tərbiyənin, onda olan vətənpərvərlik hissinin, döyüş meydanında göstərdiyi qəhrəmanlığın və Şəhidlik adlı uca zirvəyə gedən yolun hər bir Azərbaycan gənci üçün örnək olduğunu söyləyib.


Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. İcra başçısı rayonda şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən söz açaraq şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulmasını bu istiqamətdə görülən işlərin bariz nümunəsi olaraq qeyd edib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılmasını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşənin yaradılmasını, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılan Abidə Kompleksini, ətrafında salınmış parkı şəhidlərimizə olan hörmət və etiramın göstəricisi kimi qiymətləndirib.

İcra başçısı açılışına toplaşdığımız bulağı şəhidimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidimizi gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın qarşısından keçən, suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olacaq. Bulağın tikilməyində əziyyəti keçən insanlara razılığını bildirən icra başçısı bunun hər birimiz üçün örnək olduğunu vurğulayıb.

 

Azərbaycan Yazıçılar Birliyi Qazax Zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək canlarını Vətən yolunda fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzu edib. B.Vüsal qeyd edib ki, 2020-ci ilin payızında xalqımız və ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, komandanlığı ilə erməni faşizmi üzərində Qarabağda şanlı Qələbə çaldı. Həmin qələbənin qazanılmasında qazaxlı oğullar, şəhidlər, qazilər də iştirak etdilər, qəhrəmanlıqlar göstərdilər. Bu gün adına bulaq inşa olunmuş Xaliddin Nəsibov da qəhrəmanlıqla döyüşmüş, qəhrəmancasına şəhid olmuş igid oğullarımızdandır. B.Vüsal tarixən şairlər, sərkərdələr yurdu kimi tanınan Qazax torpağının Xaliddin kimi igid oğullarımızın sayəsində bir daha qəhrəmanlar yurdu kimi tanındığını bildirib. Ölkə Prezidentinin şəhid ailələrinə, qazilərimizə olan qayğısının Qazaxda olduğu kimi icra olunmasını yüksək qiymətləndirən B.Vüsal buna görə rayon rəhbərliyinə minnətdarlığını ifadə edib. Rayonda bu cür bulaqların inşa olunmasını şəhid adlarının əbədiləşdirilməsi, gənclər arasında vətənpərvərlik hissinin təbliğ olunması istiqamətində atılan nümunəvi addım kimi qiymətləndirib. Şair qəhrəman şəhidimizin yazdığı şeirində qeyd etdiyi kimi, Azərbaycan oğulları ilə baş-başa verib doğma torpağı, yurdu qorudu. Ali Baş Komandanın da söylədiyi kimi, Xaliddin tək igid oğullarımız sayəsində tarixi missiyanı ləyaqətlə yerinə yetirdiyimizi söyləyib. "Yaşar” adlı şeirini səsləndirən Barat Vüsal sonda şəhidimizi bir daha ehtiramla anıb.     

                    

Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədri Xasay Balayev çıxış edərək açılışına toplaşdığımız bulağın təkcə Xaliddinin adını əbədiləşdirmədiyini, eyni zamanda gənclərin, gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bir töhfə örnək olacağını qeyd edib. Canlarından keçən şəhidlərimizi yad etməyin, sağlamlığını itirən qazilərimizə sahib çıxmağın hər birimizin borcu olduğunu diqqətə çatdırıb. Şəhid ailələrinə və qazilərə göstərilən qayğıya, dəstəyə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə təmsil etdiyi İctimai Birliyin üzvləri adından minnətdarlıq edib.


Şəhidimizin vaxtilə təhsil aldığı Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. Məktəb direktoru Xaliddin Nəsibov haqqında danışmağın çətin olduğu qədər də, qürurlu olduğunu bildirib. 8-ci sinifə qədər məktəb-liseydə təhsil alan Xaliddinin hər zaman vətənpərvərliyi, nizam-intizamı, nümunəvi hərəkətləri, yoldaşları arasında olan münasibəti ilə seçildiyini qeyd edib. T.Comərdova bildirib ki, hərbçi ailəsində böyüyən Xaliddinin Vətənə olan sevgisi onun Şəhidlik zirvəsinə ucalmasına, adını tarixə qızıl hərflərlə yazdırmasına gətirib çıxardı. Məktəb direktoru şəhidlərimizin, onların qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasında bundan sonra da böyük səylə çalışacaqlarını diqqətə çatdırıb. 


Şəhidin sinif rəhbəri olmuş, Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin ibtidai sinif müəllimi Gülnarə Məmmədova çıxış edərək qəhrəman şəhidimiz haqqında xatirələrini bölüşüb. G.Məmmədova Xaliddin Nəsibovu ağıllı, tərbiyəli, nizam-intizamlı bir şagird kimi xatırladığını söyləyib. Uşaqlıqdan arzusunun hərbçi, zabit olmaq olduğunu, bunu sinif yoldaşları ilə söhbətində dəfələrlə söylədiyinin şahidi olduğunu vurğulayıb. Vətənə olan sevgisi 44 günlük Vətən müharibəsində də özünü göstərdi. Xaliddin Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksəldi. "Şəhidlər bizim qürur mənbəyimizdir!”, - deyən G.Məmmədova Xaliddin kimi qəhrəman oğullarımızla fəxr etdiyini söyləyib.


Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Qeyd edib ki, hərbçi ailəsində böyüyən Xaliddin heç şübhəsiz ki, qəhrəman olmalı idi. "Bizim balalarımız bugünkü firəvan həyatımız, bayraqlarımızın yüksəklərdə dalğalanması üçün düşünmədən özlərini güllə qabağına verdilər, Şəhidlik zirvəsinə yüksəldilər”, - deyən şəhid atası bütün şəhidlərimizlə fəxr etdiyini bildirib. E.Abdullayev şəhid ailəsi kimi xalqın, dövlətin, ölkə Prezidentinin, rayon rəhbərliyinin diqqət və qayğısını hər zaman hiss etdiyini vurğulayıb. Şəhid atası şəhidlərimizin bizlərə əmanət etdikləri torpağı, Vətəni, bayrağı qorumağın hər birimizin borcu olduğunu qeyd edib. "Şəhidlər ölməzdir. Onlar bu gün də Vətənə xidmət edirlər. Bu cür bulaqlarla Vətənə xidmət edirlər. Çünki bu bulağın suyundan yüzlərlə, minlərlə insan istifadə edəcək. Bunun özü də Vətənə olan xidmətdir”, - deyən şəhid atası bulağın ərsəyə gəlməsində əməyi keçən insanlara minnətdarlığını bildirib.


Birinci Qarabağ müharibəsi şəhidi Tahir Xasməmmədovun qardaşı Firuz Xasməmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şəhidimizə Allahdan rəhmət diləyib. Xaliddin Nəsibov haqqında fikirlərini bölüşən şəhid qardaşı onun hərbçi ailəsində böyüdüyü üçün Vətənə olan sevginin, torpağı sevməyin nə olduğunu uşaq yaşlarından bildiyini söyləyib. Şəhid ailələrinə göstərilən dövlət qayğısına görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə təşəkkürünü çatdırıb.

Şəhidimizin adını daşıyan Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 4-cü sinif şagirdləri Minur Məmmədov, Aydan Məmmədova, 3-cü dərəcəli "Rəşadət” ordenli Vətən müharibəsi şəhidi kapitan İmamverdi İsmayılovun övladı Emin İsmayılov şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər.




 

Şəhid atası Vaqif Nəsibov çıxış edərək bulağın tikilməsində, ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb. Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksinin yanında bulağın tikilməsi üçün yerin ayrılmasına və göstərilən dəstəyə görə rayon rəhbərliyinə razılığını bildirib.

 

Ürkməzli kənd sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilova qəhrəman şəhidimizə həsr etdiyi şeiri səsləndirərək əziz xatirəsini ehtiramla anıb.


Tədbirdə iştirak edən qonaqlardan Milli Qəhrəman Mübariz İbrahimovun adını yaşadan "Mübarizlər” Cəmiyyətinin Cənub bölgəsi üzrə təsisçisinin müavini Sədrəddin Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Cəmiyyət olaraq şəhidlərimizi hər zaman yad etdiklərini, Mübariz tək qəhrəman oğullarımızın davamçıları olan şəhidlərimizin gələcək nəsillərə tanıdılması üçün böyük səylə çalışdıqlarını qeyd edib. Xocavəndin azad olunması uğrunda şəhid olan Xaliddin və onunla birlikdə 31 nəfər igid Vətən oğlunun əziz xatirəsini daim ehtiramla yad etdiklərini dilə gətirib. "Vətənpərvərlik ailədən gəlir. Xaliddin də hərbçi ailəsində böyümüşdü”, - deyən S.Əliyev şəhid atası Vaqif Nəsibova vətənpərvər övlad böyütdüyünə görə "Mübarizlər” Cəmiyyəti adından Fəxri Diplom təqdim edib.


Tərtər rayonundan qonaq gələn Taleh Musayev çıxış edərək səmimi ürək sözlərini bölüşüb. 44 günlük Vətən müharibəsi zamanı Tərtərdə yaşanan anlardan söz açıb. Müharibə zamanı təkcə hərbi forma geyinən hərbçilərimizin deyil, bütövlükdə xalqımızın qəhrəmanlıq nümayiş etdirdiyini söyləyib. Qəlbimizdə əbədi yaşayan şəhidlərimizin gələcək nəsillərə tanıdılması üçün vətəndaş olaraq əlindən gələni əsirgəməyəcəyini bildirib.


Lənkərandan qonaq gələn Vətən müharibəsi şəhidi əsgər Afərin Qulamzadənin atası Müqəddəs Qulamzadə çıxış edərək şəhid ataları adından "Vətən sağ olsun!” söyləyib. Xalqımızın qəhrəman oğullarımızla fəxr etdiklərini bildirib.

Daha sonra rayon rəhbəri və qonaqlar igid Vətən oğlunun ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidimizə bir daha Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.


Baş leytenant Nəsibov Xaliddin Vaqif oğlu

 

Şəhid Xaliddin Nəsibov 17 iyul 1998-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 2004-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Elə həmin ildə sənədlərini Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə verərək yüksək balla daxil olmuşdur. 2015-ci ilə qədər burada oxuyub hərb sənətinin sirlərinə dərindən yiyələnən Xaliddin sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmişdir. 2019-cu ildə həmin ali məktəbi bitirmişdir. Həmin ilin avqust ayının 1-dən Ağcəbədi rayonunda "N” saylı hərbi hissədə leytenant hərbi rütbəsində xidmətə başlamışdır.
Vətən müharibəsi başlayanda motoatıcı tağım komandiri vəzifəsində xidmət edən Xaliddin Nəsibov döyüş meydanında göstərdiyi igidliyə və şücaətə görə baş leytenant rütbəsi də almışdır. O, 15 oktyabr 2020-ci ildə bölük komandiri vəzifəsinə təyin olunmuşdur. İkinci Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən Xaliddin Nəsibov 6 noyabr 2020-ci il tarixdə uca zirvəyə - Şəhidlik zirvəsinə yüksələrək əbədiyyətə qovuşdu. İgid qəhrəmanımız 18 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qarapapaq kəndində kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Xaliddin Nəsibovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid baş leytenant ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü” medalları, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə "Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib.

 






 



 

GOYEZEN.AZ



Facebook-da paylaş