Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir,
hər birinizə cansağlığı və səadət arzulayıram. Azərbaycan torpağında qədim köklərə malik Novruz
bayramı xalqımızın mədəni sərvətlər xəzinəsində layiqli yer tutur. Ulu
əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü
olan bu el bayramı yüzillərdən bəri varlığımızın ən dərin qatlarına nüfuz
etmiş, milli özünüdərkin təşəkkülünə töhfələr vermiş, ali dəyərlərin
daşıyıcısına çevrilərək insanlarımızı vahid mənəviyyat ətrafında daim
bir-birinə yaxınlaşdırmışdır. Tariximizin taleyüklü anlarında gələcəyə inamımızı
biz, eyni zamanda, Bahar bayramının bəxş etdiyi mənəvi güc sayəsində qoruyub
saxlamışıq. Qloballaşma dalğasının vüsətli dövründə Novruz ənənələrinin
müqəddəs ərməğan kimi uca tutulması və bütün rəngarəngliyi ilə yaşadılması
çoxəsrlik mədəni irsimizə ehtiramımızın ifadəsidir. Məhz parlaq Zəfərimizin qat-qat gücləndirdiyi xoş
bahar ovqatı içində, artıq ikinci ildir ki, azadlığına qovuşmuş torpaqlarımızda
hazırda yüksək sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılmaqdadır.
Yaz ətirli bayramımız bizi daha şövqlə çalışıb indi rahat nəfəs alan bu doğma
yurd yerlərini qısa müddətdə abadlaşdırmağa və öz əvvəlki dinc həyatına
qaytarmağa ruhlandırır. Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş
igid övladlarımızın xatirəsini bu bayram günlərində minnətdarlıqla yad edir,
ölkənin müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə təbriklərimi
yetirirəm. Əminəm ki, xaricdəki soydaşlarımızın bizimlə birgə
azərbaycançılıq məfkurəsi işığında baharı qarşılamaları onların qəlbində
yurdumuza bağlılıq hisslərini daha da möhkəmləndirəcəkdir. İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli
gözləyir. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə
həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi nümayiş
etdirəcək, Qarabağa böyük qayıdış planımızı uğurla gerçəkləşdirəcəyik. Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Qoy bu
əziz bayram hər evə, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin! Novruz bayramınız mübarək olsun! İlham Əliyev Azərbaycan
Respublikasının Prezidenti Bakı şəhəri,
18 mart 2022-ci il
Facebook-da paylaş