Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir,
bu əziz bayram günlərində hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət
arzulayıram.
Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin
qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer
tutmuş Novruz bayramı əcdadımızın indiki nəsillərə misilsiz yadigarıdır.
Təbiətlə insanın vəhdətinə dair təsəvvürləri yaşadan rəngarəng Novruz
mərasimlərində xalqımızın dolğun həyat fəlsəfəsi və zəngin düşüncə dünyası
parlaq təcəssümünü tapmışdır.
Azərbaycan torpağında Novruz bayramı daim yad
təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən
çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində
keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı
qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının bu gün əsl ümumxalq bayramı
mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir.
Baharın yurdumuza hər gəlişi əsrlərin yaddaşında iz
qoymuş mərasimlərimizə uyğun, yüksək təntənə ilə qeyd olunur. Qloballaşma
dalğasının geniş vüsət aldığı və ənənəvi dəyərlərin sürəkli dəyişikliklərə
məruz qaldığı bir zamanda Novruz bayramı tarixi-mədəni irsə bağlılığımızın
ifadəsinə çevrilmişdir. Özündə insanlığa xas ali dəyərləri cəmləşdirmiş bu
bayramın UNESCO tərəfindən ümumbəşəri irsin şah əsərləri sırasına daxil
edilməsi hər birimiz üçün iftixar mənbəyidir.
Dayanıqlı inkişaf yolunda ciddi uğurlara nail olmuş
Azərbaycanın islahatların növbəti mərhələsinə qədəm qoyması yaz fəslinin
yeniləşdirici ovqatı ilə həmahəng səsləşərək qurub-yaratmaq əzmimizi artırır.
Həyatımızın ayrı-ayrı sahələrindəki davamlı müasirləşmə meyilləri ilə vahid
axarda gerçəkləşdirilən müxtəlif layihələr ölkə vətəndaşlarının rifahının daha
da yaxşılaşdırılmasına yönəlmişdir. Qoy bu bayram hər evə xoş ovqat gətirsin və
hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.
Novruz bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18
mart 2019-cu il.
Facebook-da paylaş