Operativ Qərargah xüsusi karantin rejimi çərçivəsində növbəti yumşalma tədbirləri barədə qərar qəbul edib
Ölkədə epidemioloji vəziyyətin
yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma
tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında
Operativ Qərargah tərəfindən qərar qəbul edilib. Qərara
əsasən, 2022-ci il martın 6-dan etibarən: aşağıdakılara
icazə verilir: · dövlət orqanlarında (qurumlarında) vətəndaşların
yerində qrup və fərdi qaydada qəbuluna; · dini ritual xidmətlərinin, eləcə də mərasim
zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin
təşkilinə və keçirilməsinə; · bütün kütləvi tədbirlərin, o
cümlədən idman tədbirlərinin keçirilməsinə; · ictimai iaşə obyektlərində qəlyan
avadanlıqlarından istifadəyə; · masaj xidmətlərinin göstərilməsinə; · sərnişinləri qarşılayan və yola salan şəxslərin hava
limanının terminalına girişinə. aşağıdakı məhdudiyyətlər ləğv
edilir: · mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların,
teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin
uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar da daxil
olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə
mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti; · dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda
ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti; · şənlik mərasimlərinin (toy, nişan, ad günləri və
s.) keçirilməsi ilə bağlı vaxt və say məhdudiyyəti; · ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe,
çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti,
həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri
qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları; · 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris
və repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti. Fəaliyyətinə icazə verilən
xidmətlərdən (işlərdən) yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı
təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə
malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə
əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər (yaşı
18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilər. Qeyd etmək lazımdır ki, məhdudiyyətlərin
ləğv olunması şamil olunan iş və xidmət sahələrində koronavirus infeksiyasına
qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən
edilmiş digər tələblər (girişlərdə COVİD-19 pasportlarının təqdim olunması,
qapalı yerlərdə maskadan istifadə və s.) qüvvədə saxlanılır. Tətbiq edilən tələblərə riayət
olunmasını təmin etmək məqsədilə müvafiq nəzarət tədbirlərinin icrasına davam
ediləcək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin
rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq
məsuliyyətə cəlb ediləcəklər. Koronavirus infeksiyasının
yayılmasıının qarşısı almaq məqsədilə sosial məsafənin qorunması və əl
gigiyenası kimi ümumi qaydalara, habelə metodiki göstərişlərdə qeyd olunmuş
tövsiyələrə riayət olunması zəruridir. nk.gov.az
Facebook-da paylaş