• Təqvim

  • Maraq



Qazaxda təhsil işçiləri ilə geniş tərkibdə müşavirə keçirilib


Fevralın 3-də Pandemiya qaydalarına uyğun olaraq Qazax Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rəhbərləri ilə geniş tərkibdə müşavirə keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul işçilərinin,Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədovun, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədovun, Təhsil Nazirliyi 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyevin, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlının, Təhsil Şöbəsi əməkdaşlarının, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin rəhbərlərinin, əməkdaşlarının, məktəb direktorlarının, direktor müavinlərinin, sinif rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə ötən gün şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə məktəblilər arasında baş vermiş bıçaqlanma hadisəsi müzakirə olunub, rayonun, eləcə də Qazax təhsilinin adına yaraşmayan, xoşagəlməz hal kimi qiymətləndirilib.  


Müşavirəni giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Ölkəmizdə təhsilin inkişafına böyük qayğı göstərildiyini qeyd edən icra başçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını, Ulu Öndərin təhsil siyasətinin uğurla davam etdirildiyini söyləyib. Rayon rəhbəri dövlət başçısı tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət və qayğı sayəsində həyata keçirilən məqsədyönlü tədbirlərin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin Qazaxda da uğurla icra olunduğunu bildirib. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasını bunun əyani sübutu kimi göstərib.

İcra başçısı qeyd edib ki, son illər Heydər Əliyev Fondu tərəfindən rayonda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması, yenə də Fond tərəfindən Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması, Təhsil Nazirliyi tərəfindən Qazax şəhər Səməd Vurğun adına 2 nömərli tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması, Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın tikilməsi gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısıdır. Ölkə Prezidenti tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən bu gün yeni məktəbin inşasına başlanılması, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə minnətdarlığını bildirib.

İcra başçısı qeyd edib ki, təhsil sahəsinə göstərilən dövlət qayğısının müqabilində məktəblərdə bu cür halların baş verməsi xoşagəlməz və yolverilməz bir haldır. Məktəb rəhbərliyinin məsuliyyətsizliyi, səhlənkarlığı səbəbindən bu cür halların baş verməsi birmənalı olaraq yaxşı hal kimi qarşılanmır. Baş vermiş hadisə ilə bağlı fikirlərini bölüşən icra başçısı məktəb rəhbərliyinə, kollektivə iradlarını bildirib. Müəllim-şagird, müəllim-valideyn münasibətlərinin qurulmasında, məktəbdaxili nizam-intizamın təmin olunmasında, şagirdlərin dərsə davamiyyətində, yüksək təhsil göstəricilərinin əldə edilməsində hər bir məktəb işçisinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Məktəblilərin təlim-tərbiyəsində valideynlərlə yanaşı, məktəbdə müəllimlərin də məsuliyyət daşıdığını, bunun üçün valideynlərlə övladları barədə mütəmadi olaraq söhbətlərin aparılmasının vacibliyini diqqətə çatdırıb. İcra başçısı deyilən iradlardan, verilən tövsiyələrdən hər bir məktəb rəhbərliyinin nəticə çıxarmasını, bundan sonra hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün üzərilərinə düşən işin məsuliyyətini dərk etmələrini qeyd edib. İcra başçısı bildirib ki, bu gün dövlətin, ölkə başçısının diqqət və qayğısını hiss ediriksə, bizim də üzərimizə bir məsuliyyət düşür ki, rayonda təhsilin keyfiyyətini artırmaq, ən əsası da təhsil işçilərinə olan etimadı doğruldaraq gördüyümüz işlərlə öz töhfəmizi verməkdir.

 

Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov, Qazax RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, təqaüddə olan müəllim Qasım Əliyev çıxış edərək baş vermiş hadisə ilə bağlı fikirlərini bölüşüblər. 2 nömrəli məktəbdə baş verən hadisənin digər məktəblər üçün də həyəcan siqnalı olduğunu söyləyiblər. Bir hadisənin baş verməməsi üçün öncədən lazımi tədbirlərin görülməsinin, məktəblilərə nəzarətin gücləndirilməsinin, məktəblilərlə qayğıları, onları narahat edən hər hansı bir məsələ ilə bağlı mütəmadi olaraq fərdi söhbətlərin aparılmasının, ən kiçik məsələyə belə ciddi şəkildə həssaslıqla yanaşılmasının vacibliyini diqqətə çatdırıblar. Xüsusilə də məktəblilərin sosial şəbəkələrdən hansı məqsədlər üçün istifadəsinə, ətraflarında olan, ünsiyyət qurduqları insanlara nəzarətin gücləndirilməsinə, müəllim-şagird, müəllim-valideyn münasibətlərinin tənzimlənməsinə daha məsuliyyətlə yanaşmalarını tövsiyə ediblər.

Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil naziri Emin Əmrullayevə, eləcə də rayon rəhbəriyinə bütün təhsil işçiləri adından minnətdarlığını çatdırıb. Ötən gün sözügedən məktəbdə baş vermiş hadisənin xoşagəlməz hal olduğunu bildirən N.Babanlı rayon rəhbərinin söylədiyi iradların haqlı və yerində deyilən iradlar olduğunu qeyd edib. Səslənən fikirlərdən, bildirilən iradlardan, verilən tapşırıq və tövsiyələrdən hər bir məktəb direktorunun nəticə çıxarmalarını, üzərilərinə düşən məsuliyyəti dərk edərək deyilənlərə ciddi əməl etmələrini söyləyib.






 

GOYEZEN.AZ



Facebook-da paylaş