Qazaxda “Müasir xeyriyyəçilik institutunun əsası Heydər Əliyev tərəfindən qoyulub” mövzusunda tədbir keçirilib
Yanvarın 26-da Qazax Rayon İcra Hakimiyyətinin və
Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin abidəsinin açılışı və müstəqil Azərbaycanda xeyriyyəçilik
ənənələrini davam etdirən Heydər Əliyev Fondunun ənənəvi fəaliyyətindən bəhs
edən "Müasir xeyriyyəçilik institutunun əsası Heydər Əliyev tərəfindən qoyulub”
mövzusunda tədbir keçirilib. Tədbirdə Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Rayon Prokuroru Rauf
Gözəlov, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, Bakı Dövlət Universitetinin
Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd
Yusifov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin Monitorinq və Qiymətləndirmə Şöbəsinin
müdiri Elvira Əfəndiyeva və Kollecin müəllim heyəti, mədəniyyət müəssisələrinin
direktorları, Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan İsmayıl
Şıxlı adına Kosalar kənd tam orta məktəbin direktoru Samir Hüseynov, yeni inşa
edilən Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin direktor
müavini Nərminə Kələşova, müəllimlər, Mərkəzin əməkdaşları iştirak ediblər. Tədbir Azərbaycanda xeyriyyəçilik ənənələrinin
tarixindən və 20 ilə yaxın bir müddətdə fəaliyyət göstərən Heydər
Əliyev Fondunun fəaliyyətindən bəhs edən "Müasir xeyriyyəçilik institutunun
əsası Heydər Əliyev tərəfindən qoyulub” adlı filmin nümayişi ilə başlayıb. Filmdə
Prezident İlham Əliyevin iştirakı ilə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışını,Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qazax rayonunda əsaslı
şəkildə yenidən qurulmuş və yeni inşa edilmiş təhsil müəssisələrinin, azad
edilmiş torpaqlarda dini və tarixi abidələrimizin bərpa edilməsinin xronologiyasını
özündə əks etdirən məlumatlar yer alıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, tədbirin məqsəd
və əhəmiyyətindən danışıb. G.Həsənova bildirib ki, Hacı Zeynalabdin Tağıyevin
abidəsinin ucaldılması əlamətdar hadisədir. Bu, eyni zamanda o deməkdir ki, xeyriyyəçilik
ənənələri bu gün Azərbaycan mədəniyyətini, elmini, təhsilini təbliğ edən Heydər
Əliyev Fondu tərəfindən davam etdirilir. Müavin ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil
sahəsinə göstərdikləri qayğının Qazaxda da yüksək səviyyədə hiss olunduğunu qeyd
edib. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi
olaraq "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər
planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya
tikintisinin salınmasını qeyd edib. Heydər Əliyev Fondu tərəfindən reallaşan
"Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qazaxda da yeni
məktəb binalarının inşa olunduğunu diqqətə çatdırıb. Fond tərəfindən Xalq
yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam
orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə
verilməsini, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam
orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunmasını, ölkə başçısı
tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey
binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il
tarixli Sərəncama əsasən bu gün yeni məktəbin inşa olunmasını dövlətin Qazaxda
təhsil sahəsinə olan yüksək diqqət və qayğısı kimi qiymətləndirib. Bu günlərdə
açılışı olan Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb
üçün "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Heydər Əliyev
Fondunun təşəbbüsü ilə 220 şagird yerlik yeni binanın inşa olunmasını təhsil
sahəsinə olan qayğının davamı kimi vurğulayıb.
Qazax Rayon
Prokuroru Rauf Gözəlov çıxış edərək ADA Universitetinin "Bir müəllimin manifesti”
layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binasının əsaslı
təmir olunmasından danışaraq qeyd edib ki, Seminariya binasının bərpası, əslində,
Azərbaycanda maarifçilik irsinin və Seminariyadan aldığımız milli qürurumuzun bərpası
olacaq. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni
nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil
tariximizin növbəti səhifələri burada yazılacaq. Bu nümunəvi təşəbbüsdə ADA
Universitetinin rektoru, səfir Hafiz Paşayevin böyük xidmətləri vardır.
BDU-nun Qazax filialının
tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov çıxış edərək bildirib ki, Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyəti
xeyriyyəçiliyə ən yaxşı nümunədir. O, hələ sağlığında ikən "millət atası”
titulunu qazanmışdı. Dövlətimiz milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət
ayırır. Azərbaycan neft sənayesinin təşəkkülündə mühüm xidmətləri
olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin
Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkə Prezidenti İlham
Əliyev tərəfindən Hacı Zeynalabdin Tağıyevin abiəsinin ucaldılması haqqında
imzaladığı 11 mart 2020-ci il tarixli Sərəncam, həmin sərəncama əsasən Bakının
mərkəzində ucadılan abidə və yanvarın 18-də ölkə rəhbərinin tanınmış xeyriyyəçinin abidəsinin açılışını
etməsi bir daha onu sübut etdi ki, dövlət başçısının Azərbaycan tarixinə, mədəniyyətinə,
tarixi şəxsiyyətlərə verdiyi diqqət və qayğı hər zaman yüksək səviyyədədir.
Qazax
Rayon Təhsil Şöbəsinin müsiri Nizaməddin Babanlı Heydər Əliyev Fondu tərəfindən Qazax rayonunda inşa edilmiş təhsil
müəssisələrindən danışıb. Bildirib ki, təhsil
sisteminin inkişaf etdirilməsi məqsədilə Heydər Əliyev Fondu "Uşaq evləri və internat məktəblərinin
inkişafı" Proqramını, "Yeniləşən
Azərbaycana yeni məktəb" və "Təhsilə dəstək" layihələrini həyata keçirir. Heydər Əliyev Fondu tərəfindən reallaşan
"Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qazaxda da yeni
məktəb binaları inşa olunur. Bu, Qazaxın timsalında ölkəmizdə təhsil sahəsinə
göstərilən qayğının əyani göstəricisidir.
Qazax
rayon Kosalar kənd sakini, öz zəhməti ilə varlanmış, el arasında böyük nüfuz
qazanmış, ikimərtəbəli 17 otaqlı qırmızı kərpicdən tikilmiş mülkünü təmənnasız olaraq
Qazax Müəllillər Seminariyasına bağışlamış Məşədi İbrahimin nəvəsi Şahbəddin
Hacıyev çıxış edərək babasının
xeyriyyəçilik fəaliyyəti ilə, Azərbaycanın elm, təhsil sahəsində görkəmli
şəxsiyyətlərin yetişdirilməsində böyük rolu olan bir Seminariyanın fəaliyyətini
davam etdirmək üçün babasının öz mülkünü bağışlaması ilə fəxr etdiyini bildirib. Qazax
Dövlət Sosial-İqtisadi Kollecin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri
Elvira Əfəndiyeva, Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan
İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin direktoru Samir Hüseynov, yeni
inşa edilən Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin direktor
müavini Nərminə Kələşova çıxış edərək Qazax təhsilinə
göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyev başda olmaqla, Heydər
Əliyev Fonduna, Fondun Prezidenti Mehriban xanım Əliyevaya öz dərin
minnətdarlıqlarını bildiriblər. Heydər Əliyev Fondunun təşəbbüsü əsasında
reallaşan çoxsaylı layihələri müəllim-şagird kollektivinin böyük sevinclə
qarşıladıqlarını vurğulayıblar. Məktəb kollektivi olaraq onlara göstərilən
etimadı daim doğrultmağa çalışdıqlarını söyləyiblər. GOYEZEN.AZ
Facebook-da paylaş