Qazaxda Vətən müharibəsi igidlərinin ordenləri ailə üzvlərinə təqdim edilib
Respublika mətbuatı Qazax haqqında Qazaxda Vətən müharibəsi
şəhidləri - kapitan Pənahov Rövşən
Mahmud oğlunun təltif olunduğu 3-cü
dərəcəli "Rəşadət" ordeni, əsgər Allahverdiyev Sakit Şahin oğlunun təltif
olunduğu "Azərbaycan
Bayrağı" ordeni, gizir Məmmədov Səbuhi Hümbət oğlunun təltif olunduğu "Azərbaycan
Bayrağı" ordeni, gizir Şükürov İlkin Aslan oğlunun təltif olunduğu 3-cü dərəcəli "Rəşadət" ordeni, kiçik gizir Mədətov Röyal Şahin oğlunun təltif olunduğu "Azərbaycan Bayrağı" ordeni, leytenant Həməşəyev Qismət Oruc oğlunun təltif olunduğu 3-cü dərəcəli "Rəşadət" ordeni şəhidlərimizin ailə üzvlərinə təqdim olunub. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov, RİH başçısının müavini, İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən
müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri,
qazi kapitan Samir Çobanov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov
şəhidlərimizin evində olub, ailə üzvləri ilə görüşüb, ordenləri sahiblərinə
çatdırıblar. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov xalqımızın 30 illik yurd həsrətinə son qoyan Müzəffər
Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun müsəlləh əsgər və
zabitlərinin 44 günlük Vətən müharibəsində böyük şücaət göstərdiklərini
vurğulayıb. Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna,
şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Dövlətimiz, ölkə
başçısı tərəfindən Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizin,
yaralılarımızın, canını Vətənə fəda edən şəhidlərimizin ailələrinin daim diqqət
mərkəzində saxlanılacağını söyləyib. Ölkə Prezidenti İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin, qazilərimizin ailələrinə
göstərdikləri qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini
qeyd edib.
Qazax rayon Musa Həsənov adına
Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev şəhid kapitanımız haqqında ürək sözlərini bölüşərək bildirib ki, bu gün Rövşən
Pənahov kimi oğullarla tək qazaxlılar, doğulduğu kəndin sakinləri deyil, bütün
Azərbaycan xalqı fəxr edir. Ali Baş Komandan İlham Əliyev tərəfindən Rövşənin
3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunması bizim üçün
qürurvericidir. Qürur duyuruq ki, bu el-obanın Rövşən tək qəhrəman oğulları
var. Ölkə Prezidentinin, Birinci vitse-prezidentin, rayon rəhbərliyinin
şəhidlərimizin, qazilərimizin ailələrinə göstərdikləri qayğını yüksək
qiymətləndirən məktəb direktoru həmin qayğıya görə rəhbərlik etdiyi kollektiv
adından minnətdarlığını bildirib. Gizir Səbuhi Məmmədovun anası
Cəvahir Bənnayeva da övladı ilə fəxr etdiyini söyləyib. "Oğlum
igid, cəsur, qəhrəman döyüşçü kimi Azərbaycanın azadlığı uğrunda şəhid olub.
Şəhid anası kimi ölkə Prezidentinə minnətdaram ki, oğlum Səbuhinin döyüş
meydanında göstərdiyi igidliyi, şücaəti "Azərbaycan Bayrağı" ordeni
ilə qiymətləndirdi. Şəhid
analarına demək istəyirəm ki, ağlamasınlar. Bizim övladlarımız bizlərin,
gələcək nəsillərin xoşbəxtliyi, firavan həyatı, torpaqlarımızın azadlığı
uğrunda canlarından keçdilər. Bu gün övladlarımızla tək biz valideynləri deyil,
bütün Azərbaycan xalqı qürur duyur. Şəhid anası kimi, arzum budur ki, oğlum
Səbuhinin və döyüş yoldaşlarının, şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı
bahasına azad olunan torpaqlarımızda gələcəyimiz olan uşaqların gülüş səsləri
eşidilsin, onların firavan həyatını görüm".
Leytenant Qismət Həməşəyevin anası
Tamara Həməşəyeva qeyd edib ki: "Qismət vətənpərvər, istiqanlı,
qohumcanlı oğul idi. Mərd oğul idi, dediyini edərdi. Həmişə hərbi paltarla fəxr
edirdi. Hərbi geyim də ona çox yaraşırdı. Hər zaman Tovuz döyüşlərini əks
etdirən videolara baxardı, qisas almaq üçün hərbiyə gedəcəyini söyləyirdi. Bu
arzu, istəklə yaşayırdı, bu gün isə Qismət istəyinə çatdı. İndi Qismət tək
mənim deyil, bütöv Azərbaycanın fəxridir". Övladlarının təltif olunduqları
ordenləri qəbul edən şəhid ataları, anaları onlarla fəxr etdiklərini
bildiriblər. Qəhrəman övladlarının təltif olunduqları orden və medalları qəbul
etməyin çətin, həm də qürurverici olduğunu qeyd ediblər. 30 illik həsrətə son
qoyaraq Azərbaycan xalqına şanlı Qələbəni yaşadan qəhrəman oğullarımızın
qəlblərdə əbədi yaşayacağını bildiriblər. Vəli VƏLİYEV, "Respublika" qəzetinin bölgə müxbiri 13 yanvar
2022-ci il
Facebook-da paylaş