Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti - VİDEO
- Əziz
həmvətənlər. 2021-ci il arxada qaldı. 2021-ci il ölkəmiz üçün
uğurlu il olmuşdur. İl ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq.
Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır. Biz beynəlxalq arenada öz mövqelərimizi möhkəmləndirdik.
Bizim beynəlxalq nüfuzumuz artdı, bir neçə beynəlxalq təşkilat çərçivəsində
uğurla fəaliyyət aparmışıq. Bildiyiniz kimi, Qoşulmama Hərəkatının sədri kimi
bütün üzv ölkələrin maraqlarını müdafiə etmişik, beynəlxalq hüququn norma və
prinsiplərini müdafiə etmişik və təsadüfi deyil ki, Qoşulmama Hərəkatına üzv
ölkələrin hamısı yekdilliklə Azərbaycanın sədrliyini daha bir il uzadaraq bizə
böyük etimad göstərdi. BMT-dən sonra ikinci ən böyük təsisat, 120 üzvü olan
təsisat Azərbaycana yekdilliklə bir daha öz dəstəyini ifadə etmişdir. Bu il biz Türk Şurasına sədrliyimizi uğurla başa
vurduq. Bildiyiniz kimi, noyabr ayında keçirilmiş Zirvə görüşündə Türk
Dövlətləri Təşkilatı yaradılmışdır və bu təşkilat Qoşulmama Hərəkatı kimi
Azərbaycanın haqlı işində daim bizə dəstək olmuşdur, Ermənistan-Azərbaycan
münaqişəsi dönəmində daim dəstək ifadə etmişdir və son Zirvə görüşündə bütün
üzv ölkələrin adından Azərbaycana torpaqlarımızın azad edilməsi ilə əlaqədar
təbriklər ifadə olunmuşdur. İslam Əməkdaşlıq Təşkilatı ənənəvi olaraq
Azərbaycanın haqlı mövqeyini dəstəkləyən beynəlxalq təşkilatdır. Bu il də bu
dəstəyi biz hiss etmişik, müharibədən sonra müharibənin nəticələrinin qəbul
etdirilməsi üçün İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətini mən yüksək
qiymətləndirirəm. Eyni zamanda, dekabr ayında NATO və Avropa
İttifaqına mənim uğurlu səfərlərim olub. NATO öz zirvə görüşlərində daim
Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul
etmişdir. Doqquz zirvə görüşündə bu qətnamələr qəbul edilmişdir. Bu dəfə də bu
dəstək ifadə olundu. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşünün
yekununda qəbul edilmiş yekun sənəddə ölkələrin ərazi bütövlüyü, suverenliyi
bir daha dəstəklənir. Yəni, bütün dünya İkinci Qarabağ müharibəsinin
nəticələrini qəbul etdi. Hesab edirəm ki, müharibədən sonra cərəyan edən
proseslər bizim haqlı olduğumuzu bütün dünyaya bir daha sübut etdi. Bunun çox
böyük əhəmiyyəti var. Çünki İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı
əsassız ittihamlar səsləndirilirdi. Bu əsassız ittihamların heç birinin real
təsdiqi olmadı və müharibədən sonrakı dövr bunu bir daha göstərdi. Ona görə,
müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları qəbul etdirmək, hesab
edirəm ki, siyasi baxımdan çox önəmli hadisə kimi sayıla bilər. Beynəlxalq arenadakı fəaliyyətimizə gəldikdə,
bildirməliyəm ki, bizim qonşu dövlətlərlə əlaqələrimiz uğurla inkişaf etdi. Bu
əlaqələr ənənəvi olaraq dostluq, əməkdaşlıq üzərində qurulubdur. Türkiyə ilə bu
il imzalanmış Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini rəsmən müttəfiqlik
səviyyəsinə qaldırır, halbuki faktiki olaraq bu, müttəfiqlik əlaqələri idi,
amma bu, artıq rəsmən təsdiqləndi və əlbəttə ki, bu bəyannamənin Şuşa şəhərində
imzalanmasının xüsusi mənası var idi. Rusiya ilə əlaqələrimiz uğurla inkişaf edir. Əminəm
ki, növbəti dövrdə Rusiya ilə də bizim əlaqələrimiz daha yüksək səviyyəyə
rəsmən qaldırılacaqdır. Digər qonşularla, İran və Gürcüstanla daim təmaslar
əsnasında, fikir mübadiləsi əsnasında dostluq və tərəfdaşlıq əlaqələri daha da
inkişaf etmişdir. Artıq regionda çoxtərəfli əməkdaşlıq platformu formalaşır və
əlbəttə ki, bu, bizim maraqlarımıza cavab verir. Qonşular haqqında danışanda təbii olaraq
Ermənistanı mən heç vaxt bu kateqoriyadan olan ölkələrə daxil etmirdim. Bu gün
də hələ ki, daxil etmirəm. Amma ümid edirəm ki, nə vaxtsa Ermənistanla da bizim
qonşuluq əlaqələrimiz qurulacaq. Hər halda İkinci Qarabağ müharibəsinin
nəticələrini qəbul edərək Ermənistan da regional çərçivədə öz rolunu artıra
bilər. Hər halda noyabr və dekabr aylarında Soçi və Brüssel şəhərlərində
keçirilmiş görüşlər ümidvericidir və ümid edirəm ki, bu görüşlərdə əldə edilmiş
razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaqdır. Biz İkinci Qarabağ müharibəsini heç vaxt
unutmamalıyıq. İşğal dövründə törədilmiş vəhşilikləri unutmamalıyıq və
unutmayacağıq. Biz şəhidlərimizin xatirəsini daim öz qəlbimizdə yaşadacağıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qəhrəmanlığı və minlərlə, on
minlərlə Azərbaycan əsgər-zabitinin qəhrəmanlığı, peşəkarlığı sayəsində biz
işğala son qoyduq, doğma torpaqlarımızı azad etdik, tarixi Zəfər çaldıq və bu
Zəfər bizim tariximizdə əbədi qalacaq. Azərbaycan xalqı artıq dünyada müzəffər
xalq kimi, Azərbaycan dövləti isə müzəffər ölkə kimin tanınır. Onu da
bildirməliyəm ki, bu il Azərbaycana olan ənənəvi dəstək və hörmət daha da artdı
və bunun başlıca səbəbi İkinci Qarabağ müharibəsindəki Zəfərimiz, müharibə
dövründə bütün müharibə qaydalarına riayət etməyimiz və müharibədən sonra
özümüzü ləyaqətlə aparmağımız idi. Bununla paralel olaraq, biz hərbi gücümüzü bundan
sonra da artıracağıq. 2021-ci ildə də bu istiqamətdə əməli addımlar atılıb,
yeni silahlar, texnikalar alınıb və alınacaqdır. Eyni zamanda, hərbi
birləşmələrimizin hazırlıq işinə də böyük əhəmiyyət verilir. İkinci Qarabağ
müharibəsində bütün dünya Azərbaycanın hərbi gücünü gördü, Müdafiə Nazirliyinin
xüsusi təyinatlıları artıq bütün dünya tərəfindən tanındı, onların
qəhrəmanlığı, fədakarlığı, peşəkarlığı dastana çevrildi. Onu da bildirməliyəm
ki, bu il artıq Azərbaycanda yeni hərbi birləşmə yaradılmışdır - Komando
Qüvvələri. Bu Komando Qüvvələri istənilən hərbi vəzifəni icra etməyə
hazırdırlar, onların sayı durmadan artır və artacaq. Beləliklə yeni çevik,
peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu
deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa
hazır olmalıyıq. 2021-ci ildə Ermənistan-Azərbaycan sərhədində baş vermiş bəzi
insidentlər onu göstərdi ki, Azərbaycan üstünlüyü tam öz əllərində saxlayır. Azad edilmiş torpaqlarda bu il geniş
quruculuq-bərpa işlərinə start verildi. Deyə bilərəm ki, dünya müharibələrinin
tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri
aparılmayıb. Bu işlər haqqında Azərbaycan vətəndaşları müntəzəm olaraq
məlumatlandırılır. Əgər mən bu haqda danışmağa başlasam, yəqin ki, bir neçə
saat vaxt lazım olacaq, hər şey göz qabağındadır. Bizim əsas vəzifəmiz keçmiş
köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və biz buna nail
olacağıq. Eyni zamanda, Azərbaycanın bütün yerlərində inkişaf
müşahidə olunur. Regional inkişaf proqramı uğurla icra edilir. Bu il mən
bölgələrə çoxsaylı səfərlər sayəsində əlavə imkanların aşkar edilməsi üçün
səylər göstərmişəm və mənim səfərlərim müntəzəm xarakter daşıyır. Azərbaycanın
bölgələrinə bu il 47 dəfə səfər etmişəm, bu səfərlərin 32-si azad edilmiş
torpaqlara olan səfərlərdir. Təkcə Şuşa şəhərinə 7 dəfə getmişəm. Biz Şuşada
böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii
olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda,
digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq. Əlbəttə ki, bütün bu işlərə nail olmaq üçün
iqtisadiyyatımız uğurla inkişaf etməlidir. Həm Azərbaycanda, həm dünyada hər
kəs yaxşı bilir ki, Azərbaycan təkbaşına, heç kimdən bir manat, bir dollar
yardım almadan bu işləri görür. Azad edilmiş bütün torpaqlarda görülmüş işlər
Azərbaycanın dövlət büdcəsi hesabına aparılır. Heç bir yardım almamışıq, heç
bir kredit almamışıq, bu işləri öz gücümüz hesabına görürük. Əlbəttə, əgər
iqtisadi inkişaf sürətlə getməsə, bu işləri bu sürətlə aparmaq mümkün
olmayacaq. Görülmüş işlər nəticəsində demək olar ki, biz artıq postböhran
dövrünə qədəm qoyduq. Azərbaycan iqtisadiyyatı bu ilin 11 ayında 5,3 faiz,
qeyri-neft iqtisadiyyatı isə 6,4 faiz artıb. Sənaye istehsalı 5,5 faiz,
qeyri-neft sektorunda sənaye 20,7 faiz artıb. Valyuta ehtiyatlarımız 2,2
milyard dollar artıb. Ticarət əlaqələrimizin müsbət saldosu 9,4 milyard
dollardır. Xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun cəmi 17 faizini
təşkil edir və bu il ərzində həm mütləq rəqəmlərdə, həm ümumi daxili məhsula
nisbətdə xarici dövlət borcu azalıb. Yəni, bu
göstəricilərlə hər bir ölkə öyünə bilər. Amma bizim
üçün bu, təbiidir. Çünki Azərbaycan xalqı görür ki, uzunmüddətli, düzgün
strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadi inkişaf göz önündədir.
Eyni zamanda, iqtisadi sahədə aparılan islahatlar, şəffaflıq, korrupsiya və
rüşvətxorluqla mübarizə öz nəticələrini verməkdədir. Təkcə vergi orqanları
sayəsində xəzinəyə proqnozdan əlavə 1,4 milyard manat pul daxil edilib və bu
puldan istifadə edərək biz geniş sosial paket tədbirlərini keçiririk. Yanvarın
1-dən maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırılacaq. İki
milyon yüz min insanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard
manatdır. Baxın, vergi orqanları xəzinəyə ancaq proqnozdan əlavə 1,4 milyard
manat pul cəlb ediblər, onun hamısı və artıqlaması ilə sosial məsələlərin
həllinə yönəldilib. Mən əvvəllər də demişəm ki, əlavə vəsait toplandıqca, ilk
növbədə, biz bu vəsaiti sosial layihələrə yönəldəcəyik. Eyni zamanda, azad
edilmiş torpaqlarda görülən işlər də sosialyönümlü işlərdir. Çünki o işlərin
mütləq əksəriyyəti sosial xarakter daşıyır, keçmiş məcburi köçkünlərin tezliklə
o ərazilərə qaytarılmasına hesablanıbdır. Hesab edirəm ki, bu il COVID-lə mübarizədə yaxşı
nəticələr əldə edilib, pandemiya tam nəzarət altındadır. Azərbaycan nadir
ölkələrdəndir ki, bu sahədə vəziyyət qəbulediləndir. Eyni zamanda, aparılan
genişmiqyaslı peyvəndlənmə siyasəti, peyvəndlənmə işləri bizə kömək göstərir.
Əhalinin təxminən 50 faizi artıq 2 doz peyvənd alıb. 18 yaşdan yuxarı olan
əhaliyə gəldikdə isə, bu rəqəm 62 faizə çatır. Ümumilikdə 11 milyondan çox doz
vaksin vurulubdur və bu bəla ilə biz yeni ildə də ciddi mübarizə aparacağıq. Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd
edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu
yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və
Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili "Şuşa İli” elan
edirəm. Bildiyiniz kimi, bu gün Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günüdür. Əminəm ki, dünya azərbaycanlıları bu bayramı ruh yüksəkliyi
ilə qeyd edirlər. Artıq ikinci ildir ki, ruh yüksəkliyi ilə qeyd edirlər. Çünki
mən bilirəm ki, bu işğal dövrü və işğalla bağlı olan məsələlər xaricdə yaşayan
azərbaycanlılara da böyük əzab-əziyyət verirdi. Çünki ermənilərlə müxtəlif
ölkələrdə ünsiyyətdə olarkən onların təkəbbürlü baxışları əminəm ki, dünya
azərbaycanlılarını incidirdi. İndi isə vəziyyət tam fərqlidir. Biz heç vaxt
təkəbbürlü olmamışıq, amma hər zaman öz gücümüzü hiss etmişik. Bu gün əminəm
ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq,
üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər. Əziz
həmvətənlər, qeyd etdiyim kimi, bu il ölkəmiz üçün uğurlu olub. Əminəm ki,
2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və
gözəl ab-hava bu reallığı bizə təmin edəcək. Mən isə Prezident kimi, Ali Baş
Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam,
ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha
yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm. Mən sizi
ürəkdən təbrik edirəm. Bayramınız mübarək olsun!
Facebook-da paylaş















