Qazaxda Vətən müharibəsi iştirakçısı Röyal Kərimovun evində aparılan əsaslı təmir işləri başa çatıb - FOTOLAR
Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali
Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında
başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanı, şanlı ordumuzun
qüdrətini bütün dünyaya göstərdi. 44 gün davam edən haqq savaşı Qarabağın,
Şuşanın, eləcə də düşmən tapdağında olan digər rayonlarımızın işğaldan azad
edilməsi ilə başa çatdı. Ən əsası da bu Zəfərimiz dünyaya haqqın,
ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu bir daha nümayiş etdirdi.
Və biz bu Qələbəni şəhidlərimizin qanı, qazilərimizin sağlamlığını itirməsi
bahasına əldə etdik. Vətəndaş olaraq hər birimizin borcu tarixi Zəfəri bizlərə
bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə
iştirakçılarına diqqət və qayğı göstərmək, onlara sahib çıxmaqdır. 30 illik
həsrətdən sonra torpaqlarımızı düşmən tapdağından azad edən Ali Baş Komandana,
əsgər və zabitlərimizə, hərbçilərimizə, sağlamlığını itirən qazilərimizə
minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında
baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından
keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. 44 günlük Vətən müharibəsində qazanılan
Qələbədə payı olan, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə
Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "İgidliyə
görə”, "Füzulinin azad olunmasına görə”, "Qubadlının
azad olunmasına görə” medalları ilə təltif
olunmuş igid oğullarımızdan biri də Qazax şəhər sakini Kərimov Röyal Şəadət oğludur. Oktyabrın 29-da Füzulinin azadlığı uğrunda gedən
döyüşlərdə snayper gülləsi ilə vurularaq bədəninin bir çox orqanları zədə
alan Röyal Kərimov da digər qazilərimiz kimi daim diqqət
mərkəzində saxlanılır. Ölkə Prezidenti İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ
müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda
da örnək götürülür. Bu amili hər zaman əldə rəhbər tutan Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizin
ailələrini və qazilərimizi daim diqqətdə saxlayır. Bütün qazilərimiz kimi
Röyal Kərimov da dövlətin qayğısı ilə əhatə olunub. Həmin qayğının nəticəsidir ki, Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qazimizin yaşadığı
ev əsaslı şəkildə təmir olunub. Əvvəl 2 otaq və yarımçıq tikilidən
ibarət olan ev demək olar ki, yenidən qurulub. 2 yataq otağı və 1 böyük zal
tikilərək, 2 yataq otağı və 1 mətbəx isə təmir olunaraq qazimizin
ailəsinə təhvil verilib. Bu, Röyal Kərimovun timsalında dövlətin qazilərimizə
olan növbəti qayğısıdır. Məlumat üçün qeyd edək ki, Röyal Kərimov 19
yanvar 2001-ci ildə Qazax şəhərində anadan olub. 2018-ci ildə Qazax şəhər Səməd
Vurğun adına 2 nömrəli tam orta məktəbin 11-ci sinifini bitirib. 2019-cu ilin
yanvar ayında həqiqi hərbi xidmətə gedib. 2020-ci il iyul ayının 17-də
xidmətini başa vurub. Həmin gündən də "N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu
(MAHHXHQ) kimi xidmətə başlayıb. 29.10.2020-ci ildə Füzulinin
azadlığı uğrunda gedən döyüşlərdə snayper gülləsi ilə vurularaq bədəninin bir
çox orqanları zədələnib. Əməliyyat olunaraq sol böyrəyi, dalağı, mədəaltı vəzin
1/3 hissəsi çıxarılıb. YAŞAT Fondu tərəfindən Türkiyə Respublikasına müalicə
məqsədilə göndərilib. Hazırda Türkiyədən qayıdaraq ev şəraitində müalicə alır. Ailəlidir.
Röyal Kərimov döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 18.12.2020-ci il
tarixli Sərəncamına əsasən "İgidliyə görə”, 25.12.2020-ci
il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının
azad olunmasına görə” medalları ilə təltif olunub. Təmirdən əvvəlki vəziyyət
Təmirdən sonrakı vəziyyət GOYEZEN.AZ
Facebook-da paylaş