İcra başçısı Vətən müharibəsi iştirakçısı Röyal Kərimovun evində aparılan təmir işləri ilə maraqlanıb
Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali
Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən
müharibəsində torpaqlarımızı
işğaldan azad etməklə bütün dünyaya gücünü nümayiş etdirdi. Silahlı Qüvvələrimiz
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gərgin keçən döyüşlərdə
düşmənə qalib gəldi. 44 gün davam
edən haqq savaşı Qarabağın, Şuşanın, eləcə də düşmən tapdağında olan digər
rayonlarımızın işğaldan azad edilməsi ilə başa çatdı. Ən əsası da bu
Zəfərimiz dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu
göstərdi. Bu Qələbəni isə şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına
əldə etdik. Vətəndaş olaraq hər birimizin borcu tarixi Zəfəri bizlərə bəxş edən
şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına
diqqət və qayğı göstərmək, onlara sahib çıxmaqdır. 30 illik yurd həsrətinə son
qoyaraq torpaqlarımızı düşmən tapdağından azad edən Ali Baş Komandana, əsgər və
zabitlərimizə, hərbçilərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar
olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş
əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən
şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. 44 günlük Vətən müharibəsində qazanılan
Qələbədə payı olan, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə
Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "İgidliyə
görə”, "Füzulinin azad olunmasına görə”, "Qubadlının
azad olunmasına görə” medalları ilə təltif
olunmuş qəhrəmanlarımızdan biri də Qazax şəhər sakini Kərimov Röyal Şəadət oğludur. Oktyabrın 29-da Füzulinin azadlığı uğrunda gedən
döyüşlərdə snayper gülləsi ilə vurularaq bədəninin bir çox orqanları zədə
alan Röyal Kərimov kimi oğullarımızla bu
gün hər birimiz qürur duyuruq. Ölkə Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizin ailələrinə, Qarabağ
müharibəsi əlillərinə, onların ailələrinə göstərilən dövlət qayğısı Qazaxda da
nümunə götürülür. Bu amili hər zaman əldə rəhbər tutan Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizin
ailələrini və qazilərimizi daim diqqətdə saxlayır. Bütün qazilərimiz kimi
Röyal Kərimov da dövlət qayğısı ilə əhatə olunub. Həmin qayğının nəticəsidir
ki, bu gün qazimizin yaşadığı evdə əsaslı şəkildə təmir işləri aparılaraq yenidən
qurulur.
Bu gün rayon rəhbərliyi qazimizin evində aparılan
təmir işləri ilə maraqlanıb, mövcud vəziyyətlə tanış olub. Görülmüş işlər
barədə məlumat verilərək bildirilib ki, evin hörgü və suvaq işləri yekunlaşıb.
Dam örtüyü, eləcə də otaqlarda tavan və döşəmə vurulub, qapı və pəncərələr qoyulub.
İcra başçısı işlərin sürətləndirilməsini bildirib və müvafiq tapşırıqlarını
verib. Məlumat üçün qeyd edək ki, Röyal Kərimov 19
yanvar 2001-ci ildə Qazax şəhərində anadan olub. 2018-ci ildə Qazax şəhər Səməd
Vurğun adına 2 nömrəli tam orta məktəbin 11-ci sinifini bitirib. 2019-cu ilin
yanvar ayında həqiqi hərbi xidmətə gedib. 2020-ci il iyul ayının 17-də
xidmətini başa vurub. Həmin gündən də "N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu
(MAHHXHQ) kimi xidmətə başlayıb. 29.10.2020-ci ildə Füzulinin
azadlığı uğrunda gedən döyüşlərdə snayper gülləsi ilə vurularaq bədəninin bir
çox orqanları zədələnib. Əməliyyat olunaraq sol böyrəyi, dalağı, mədəaltı vəzin
1/3 hissəsi çıxarılıb. YAŞAT Fondu tərəfindən Türkiyə Respublikasına müalicə
məqsədilə göndərilib. Hazırda Türkiyədən qayıdaraq ev şəraitində müalicə alır.
Ailəlidir. Röyal Kərimov döyüş meydanında göstərdiyi qəhrəmanlığa
görə Respublika Prezidenti İlham Əliyevin
18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "İgidliyə
görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin
azad olunmasına görə”, 29
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş