Millət vəkili Səməd Seyidov Qazaxda Vətən müharibəsi iştirakçısı Röyal Kərimovu evində ziyarət edib
Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanı, şanlı ordumuzun qüdrətini bütün dünyaya tanıtdı. 2020-ci ilin 27 sentyabrında başlayan haqq savaşımız Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu sayılan Şuşanın işğaldan tam azad edilməsi ilə başa çatdı. Ən əsası da bu Zəfərimiz dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu göstərdi. Və biz bu Qələbəni şəhidlərimizin qanı, canı bahasına əldə etdik. Vətəndaş olaraq hər birimizin borcu tarixi Zəfəri bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək, onlara sahib çıxmaqdır. 30 illik həsrətdən sonra torpaqlarımızı düşmən tapdağından azad edən Ali Baş Komandana, əsgər və zabitlərimizə, hərbçilərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
44 günlük Vətən müharibəsində iştirak edən və qazanılan Qələbədə payı olan, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "İgidliyə görə”, "Füzulinin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşoğullarımızdan biri də Qazax şəhər sakini Kərimov Röyal Şəadət oğludur.
Oktyabrın 29-da Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə snayper gülləsi ilə vurularaq bədəninin bir çox orqanları zədə alan Röyal Kərimov kimi oğullarımızla hər birimiz fəxr edirik.
Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da Röyal Kərimovu evində ziyarət edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə qazimizin evində olub, onun səhhəti və qayğıları ilə maraqlanıb.
Millət vəkili Səməd Seyidov 44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin, qazilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edərək onlarla hər zaman qürur duyduğunu, fəxr etdiyini bildirib. Millət vəkili ölkə başçısının da vurğuladığı kimi, texnikamız, silah-sursatımız olsa belə, əldə etdiyimiz Qələbəyə görə əsgərlərimizə, zabitlərimizə, hərbçilərimizə, Röyal kimi qəhrəman oğullarımıza borclu olduğumuzu qeyd edib. Nəinki bir millət vəkili olaraq, eyni zamanda Azərbaycan vətəndaşı olaraq şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyi özünə borc bildiyini, hər zaman dəstək olmağa hazır olduğunu söyləyib. Ölkə Prezidentinin şəhid ailələrinə və qazilərimizə göstərdiyi qayğının Qazaxda olduğu kimi icra edilməsini ziyalı olaraq yüksək qiymətləndirib.
Yaralı Röyal Kərimov ölkə Prezidentinə, Birinci vitse-prezidentə, millət vəklinə və icra başçısına bütün şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Yaralı kimi dövlətin hər zaman onun yanında olduğunu, bunun bariz nümunəsi olaraq da YAŞAT Fondu tərəfindən müalicə olunmaq üçün Türkiyəyə göndərilməsini göstərib.
Yaralımızın anası Rahilə Kərimova Vətən müharibəsində vuruşan bütün hərbçilərimizlə qürur duyduğunu bir daha dilə gətirib. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı hərbçilərimizə, o cümlədən də övladı Röyala Allahdan şəfa diləyib. Qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə ailəsi adından razılığını bildirib. Dövlətin qayğısını hər zaman hiss etdiklərini, millət vəkilinin bugünkü ziyarətini, onların qayğıları ilə maraqlanmasını yaralı hərbçilərimizə olan növbəti qayğı kimi qiymətləndirib.
Məlumat üçün qeyd edək ki, Röyal Kərimov 19 yanvar 2001-ci ildə Qazax şəhərində anadan olub. 2018-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirib. 2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. 2020-ci il iyul ayının 17-də xidmətini başa vurub. Həmin gündən də "N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlayıb. 29.10.2020-ci ildə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə snayper gülləsi ilə vurularaq bədəninin bir çox orqanları zədələnib. Əməliyyat olunaraq sol böyrəyi, dalağı, mədəaltı vəzin 1/3 hissəsi çıxarılıb. YAŞAT Fondu tərəfindən Türkiyə Respublikasına müalicə məqsədilə göndərilib. Hazırda Türkiyədən qayıdaraq ev şəraitində müalicə alır. Ailəlidir.
Röyal Kərimov döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə”, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş