• Təqvim

  • Maraq



Qazaxda Vətən müharibəsi şəhidi kiçik gizir Elcan Namazovun ildönümü ərəfəsində adını əbədiləşdirən bulağın açılışı olub


2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər hərb tariximizə qızıl hərflərlə yazıldı. Tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan dövləti və ordusu böyük gücə, qüdrətə sahibdir. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur.  Hər kəs fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdardır.

44 günlük haqq savaşında Vətən torpaqlarının azadlığını, ərazi bütövlüyünü canından üstün tutan, bu yolda ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin kiçik giziri Namazov Elcan Hidayət oğludur.

Bütün şəhidlərimiz kimi, igid Vətən oğlu Elcan Namazovun da adı əbədiləşdirilib. Qəhrəman şəhidimizin ildönümü ərəfəsində doğulduğu Dəmirçilər kəndində adını əbədiləşdirən bulağın açılışı olub.  

 

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəb direktorları, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin müəllim və şagirdləri, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə igid Vətən oğlunun və bütün şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.


Sonra şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, tər qərənfillər düzülüb.


 



Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev bulağın açılış mərasimində giriş sözü ilə çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb, icra başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdırıb. 

A.Vəliyev qeyd edib ki, ən uca zirvə olan Şəhidlik elə bir zirvədir ki, həmin zirvəyə Vətən, xalq, torpaq sevgisi olan, bütün bu amallar uğrunda canından keçməyi bacaran Elcan Namazov kimi igid Vətən oğulları yüksəlir. Məhz Elcan kimi oğullarımız Azərbaycan xalqının milli azadlığını, respublikamızın müstəqilliyini qorumaq, torpaqlarımızın ərazi bütövlüyünü bərpa etmək üçün qəhrəmanlıq nümunəsi göstərərək uca məqama yüksəldilər. A.Vəliyev qazanılan tarixi Qələbənin arxasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin, onun "Dəmir yumruğ”unun, qüdrətli Azərbaycan xalqının, ordusunun, Elcan kimi qəhrəman oğullarımızın, igid Vətən oğulları böyüdən qəhrəman ata və analarımızın dayandığını qeyd edib.  

Vətənin ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, düşmən tapdağında qalan torpağımızı canından keçərək azad edən Elcan kimi oğullarımızla illər keçsə belə hər zaman qürur duyulacağını dilə gətirib. Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Qazaxın igid oğullarının sırasında dayanan Elcanın təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladı olduğunu, onunla hər kəsin fəxr etdiyini bildirib. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha söyləyib. 

 

"Ölkə Prezidentinin də söylədiyi kimi, dövlət və vətəndaş olaraq şəhid ailələrinin, qazilərimizin yanında olmaq, onlara qayğı göstərmək hər birimizin borcudur. Əgər bu gün Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə qayğı göstərirsə, onlara dayaq olursa, şəhid ailələrinin qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəsə örnək olmalıdır”, - deyən A.Vəliyev Qazaxda bu amilin hər zaman əsas götürüldüyünü qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Bütün şəhid ailələri kimi, Elcan Namazovun ailəsinin də dövlət və rayon rəhbərliyi tərəfindən daim qayğı ilə əhatə olunduğunu, şəhidimizin bulağının su xəttinin çəkilməsində lazım olan bütün dəstəyin göstərildiyini bildirib. Şəhidimizin adını daşıyan bulağın suyundan içən hər kəsin şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onun haqqında məlumat əldə edəcəyini qeyd edib. Tikilən bulağın Elcanın xatirəsini əbədiləşdirməklə yanaşı, gələcək nəsillərin vətənpərvər ruhda böyüməsi istiqamətində atılan uğurlu addım kimi qiymətləndirib.

 

Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. Şəhidlərimizin, onların ailələrinin qarşısında baş əydiyini dilə gətirib. Ali Baş Komandanın qətiyyəti, şanlı ordumuzun qüdrəti sayəsində xalqımızın 30 illik yurd həsrətinə son qoyan şəhidlərimizə, onların ailələrinə qayğı göstərməyin, sahib çıxmağın hər birimizin borcu olduğunu bildirib. Şəhidimizin daim qəlblərdə əbədi yaşayacağını söyləyib.

 

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək bildirib ki, 44 günlük şanlı Vətən müharibəsi dövründə şəhidlərimiz və qazilərimiz hərb tariximizə qızıl hərflərlə yazılan əsl qəhrəmanlıq nümunəsi göstərdilər. 44 günlük savaşda 30 illik yurd həsrətinə son qoyaraq xalqımızın, bütün şəhidlərimizin intiqamını artıqlaması ilə aldılar. Bu gün şəhidlərimizin adlarını əbədiləşdirən bulaqların inşa olunması, abidə komplekslərinin, guşələrin yaradılması, kitabların yazılması onu göstərir ki, şəhidlər unudulmazdır. Onların qəhəmanlığı bir məktəb, hamımız üçün dərsdir. B.Vüsal qeyd edib ki, Vətəni, Qarabağımızı bizlərə qaytaran oğullarımızı yaşatmaq, gələcək nəsillərə tanıtmaq vətəndaş olaraq hər birimizin ən ümdə işi, müqəddəs vəzifəsi olmalıdır. Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə şəhid ailələrinə göstərdikləri yüksək dövlət qayğısına görə minnətdarlığını bildirib.

 

E.Qurbanov Dəmirçilər kənd tam orta məktəbin direktor əvəziGülnar Osmanova çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyərək ruhu və valideynləri qarşısında baş əydiyini söyləyib. Düşmən tapdağında qalan torpaqlarımızla yanaşı, milli-mənəvi dəyərlərimizi bizlərə qaytaran şəhidlərimizlə hər kəsin qürur duyduğunu qeyd edib. Qanları, canları ilə şərəf, zəfər tarixi, Qarabağnamə yazan şəhidlərimizin hər birimizin baş tacı olduğunu diqqətə çatdırıb. Bu gün xatirə bulağının açılışına toplaşdığımız Elcanın müəllimi kimi onunla fəxr etdiyini dilə gətirib. Şəhadətə yüksələn Elcanın ikinci ömür, əbədiyaşarlıq ömrünü, ölməzlik qazandığını vurğulayıb. Şəhidlərimizin on milyonluq Azərbaycan xalqının qəlbində bundan sonra da hər zaman əbədi yaşayacaqlarını, ən ülvi hisslərlə yad olunacaqlarını söyləyib. "Biz müəllimlərin də əsas vəzifəsi, insanlıq borcu ondan ibarətdir ki, Elcan kimi qəhrəman oğullarımızı gələcək nəsillərə tanıdaq, onların keçdikləri döyüş yolunu daim nümunə göstərək”, - deyən G.Osmanova məktəbin müəllim kollektivi olaraq bunun üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd edib.

 

Şəhidimizin sinif rəhbəri olmuş E.Qurbanov Dəmirçilər kənd tam orta məktəbin müəllimi Həcər Əsədova çıxış edərək 44 günlük haqq savaşında qanları ilə tarixi imzalarını atan şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyib. Çalışdığı məktəbin yetirmələri olan Elcan və Turan kimi igid Vətən oğullarının daim qəlblərdə yaşayacaqlarını, gələcək nəsillərin onlardan hər zaman nümunə götürəcəklərini qeyd edib. Elcan Namazov haqqında xatirələrini bölüşən Həcər müəllimə qeyd edib ki:

- İşğal altında olan torpaqlarımızdan söz açan zaman bütün şagirdlər kimi, Elcan da daim intiqam hissi ilə yaşayırdı. 30 il ərzində qəlbində düşmənə qarşı olan nifrət hissi 23 yaşlı Elcanın qəlbinə hakim kəsilərək onu torpaqların azadlığı uğrunda mübarizəyə səslədi. Onu anası qədər sevdiyi Vətəni canından üstün tutmağa, Şəhidlik zirvəsinə yüksəlməyə məcbur etdi. Məktəbdə istiqanlı olması, nizam-intizamı ilə seçilən Elcan döyüş yoldaşlarının da rəğbətini qazanmışdı. Elcan hər kəsin qürur duyacağı, fəxr edəcəyi bir oğul idi. Necə ki, bu gün hər birimizin fəxridir. Bu gün aldığımız nəfəsə görə Elcan kimi qəhrəman oğullarımızın, şəhidlərimizin son nəfəsinə borcluyuq.


Ürkməzli kənd sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilova çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyib. Şəhidimizə həsr etdiyi şeiri ilə əziz xatirəsini ehtiramla yad edib.

Sonra Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 4-cü sinif şagirdləri Aydan Namazlı, Aynişan Xəlilzadə, Elnur Namazlı və Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 10-cu sinif şagirdi Aysel Vələdova şəhidimizə həsr olunmuş şeirlər səsləndirib, igid Vətən oğluna olan ehtiramlarını bildiriblər.






Şəhid atası Hidayət Namazov çıxış edərək şəhid atası kimi bütün şəhidlərimizin və ailələrinin qarşısında baş əydiyini söyləyib. "Bütün şəhidlər mənim öz övladımdır”, - deyən şəhid atası oğlu Elcan və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun xatirəsinin daim yad olunmasını Elcanın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Övladının adını daşıyan bulağın tikilməsində əsas məqsədin Elcanın adını yaşatmaq, gələcək nəsillərə ötürmək olduğunu qeyd edib. Şəhid atası sonda bulağın ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb. 

Daha sonra rayon rəhbərliyi igid Vətən oğlunun ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidimizin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olub, Elcan Namazov kimi oğullarımızın daim qəlblərdə yaşayacaqlarını bir daha vurğulayıb, şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.


Kiçik gizir Namazov Elcan Hidayət oğlu


Şəhid Elcan Namazov 1 iyun 1997-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2003-cü ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinfini  bitirmişdir. 2016-cı ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 2018-ci ilin yanvar ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərliyini bitirəndən il yarım sonra sənədlərini "N" saylı hərbi hissəyə verərək 2019-cu ilin iyunundan oktyabrınadək gizirlik məktəbində oxumuşdur. Kiçik gizir rütbəsini alandan sonra, 2019-cu ilin iyunundan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində kiçik gizir rütbəsində çevik alayda xidmət etməyə başladı. Sonra isə gizir rütbəsini alaraq kəşfiyyat bölüyünün kəşfiyyatçısı oldu. Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kiçik gizir Elcan Namazov 16.10.2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.


23 yaşında Şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına  əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.           





Facebook-da paylaş