Qazax: Birinci Qarabağ müharibəsinin iştirakçıları ilə görüş
Respublika mətbuatı Qazax haqqında Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayon prokuroru Rauf Gözəlovla birlikdə Birinci
Qarabağ müharibəsinin əlilləri və veteranları ilə görüşüb. Bu görüşdə də müharibə veteranlarına və əlillərinə,
şəhid ailələrinə və məcburi köçkün ailələrinə göstərilən dövlət qayğısından
söhbət açılıb. İcra başçısı əvvəlcə Vətən
torpaqlarının azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan
rəhmət diləyib. "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və
Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədri olmuş mərhum
Kamandar Məmmədovun xatirəsinin hər zaman əziz tutulduğunu bildirib. Onun
ictimai birlikdə yaratdığı ab-havanın, əlillər arasında olan səmimi münasibətin
və həmrəyliyin bundan sonra da onun istədiyi kimi olacağını qeyd edib. Ölkə başçısı İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyeva tərəfindən Qarabağ müharibəsi əlillərinə
göstərilən dövlət qayğısından söz açan icra başçısı qeyd edib ki, siz qazilər
bu qayğını hər an hiss etmisiniz. İstər yeni mənzillərin verilməsi, istər yeni
avtomobillərin hədiyyə olunması, istərsə də sosial rifah halınızın
yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlarla həmişə bu qayğının,
dövlət dəstəyinin şahidi olmusunuz. 2019-cu il aprelin 3-də Heydər
Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan
hərbçilərlə keçirilən görüşdə Mehriban xanımın şəxsən iştirak etməsini,
hərbçilərlə səmimi şəkildə görüşməsini göstərilən qayğının və ən yüksək insani
keyfiyyətin bariz nümunəsi kimi qiymətləndirilir. 44 günlük Vətən müharibəsindən söz
açan icra başçısı qeyd edib ki, həmin döyüşlərdə güclü Azərbaycan Ordusu
istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadir olduğunu
nümayiş etdirdi. Qazandığımız tarixi Qələbənin müəllifi isə Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri,
hərbçilərimiz, Vətən uğrunda canından keçən şəhidlərimiz, sağlamlığını itirən
qazilərimizdir. İcra başçısı bildirib ki,
respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonu da Vətən müharibəsində
xeyli sayda şəhid verdi, neçə-neçə oğulları torpaq uğrunda sağlamlığını itirdi.
Bu gün Azərbaycan dövləti, ölkə rəhbəri Vətən müharibəsində uca zirvəyə
yüksəlmiş şəhidlərimizin, sağlamlığını Vətən yolunda itirən qazilərimizin ailələrini
də daim diqqətdə saxlayır. Rayon Prokuroru Rauf Gözəlov ölkə başçısı və dövlətimiz
tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən
qayğıdan söz açaraq bu qayğının hər birimiz üçün nümunə olduğunu vurğulayıb.
Vətən uğrunda canından keçən şəhidlərimizi yad etməyin, onların ailələrinə,
sağlamlığını itirən qazilərimizə qayğı göstərməyin hər bir Azərbaycan
vətəndaşının borcu olduğunu qeyd edib. "Azərbaycan Qarabağ Müharibəsi
Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon
Şöbəsinin sədri Xasay Balayev, sədr müavini, I qrup Qarabağ müharibəsi əlili
Namiq Alıyev, Qarabağ müharibəsi veteranlarından və əlillərindən Rəhman
Rüstəmov, Rəşad Qocayev və başqaları çıxış edərək bugünkü görüşə görə
minnətdarlıqlarını bildiriblər. Qarabağ qaziləri qeyd ediblər ki, sizin hər
dəfə bizlərlə görüşməyiniz bizi çox sevindirir. Çünki biz bu qayğını siz gələn
ilk gündən hiss etmişik. Bu gün də fəxr edirik ki, sizin bizlərə olan qayğınız,
səmimi münasibətiniz necə vardısa, elə də davam edir. Sizinlə olan hər
görüşümüz bizim qayğılarımızın həlli deməkdir. Qazilər olaraq yaxşı bilirik ki,
bizim arxamızda dayanan dövlətimiz, ölkə başçımız var. Ən əsası da biz qazilər
döyüş yolumuza nəzər salarkən bir daha qürur hissi keçiririk ki, nə yaxşı
bizlər Vətən yolunda xidməti vəzifəmizi layiqincə yerinə yetirə bilmişik. Həmin
qürur hissini isə bizlərə yenə də dövlətimiz, dövlət başçımız, Birinci
vitse-prezidentimiz yaşadır. Qarabağ müharibəsi əlilləri və
veteranları ilə səmimi söhbət edən icra başçısı onları narahat edən müxtəlif
səpkili müraciətlərini dinləyib. Qazilərimizin qayğıları ilə maraqlanan rayon
rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını qeyd edib.
Vəli VƏLİYEV,
"Respublika” qəzetinin bölgə müxbiri
08 avqust
2021-ci il
Facebook-da paylaş