İcra başçısı Birinci Qarabağ müharibəsinin iştirakçıları ilə görüşüb
Bu
gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Prokuroru Rauf Gözəlovla birlikdə
Birinci Qarabağ müharibəsinin əlilləri və veteranları ilə görüşüb.Bu görüşdə də müharibə veteranlarına və əlillərinə, şəhid ailələrinə və məcburi
köçkün ailələrinə göstərilən dövlət qayğısından söhbət açılıb. İcra başçısı əvvəlcə Vətən torpaqlarının azadlığı
uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. "Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin
Qazax Rayon Şöbəsinin sədri olmuş mərhum Kamandar Məmmədovun xatirəsinin
hər zaman əziz tutulduğunu bildirib. Onun birlikdə yaratdığı abu-havanın, əlillər
arasında olan səmimi münasibətin və həmrəyliyin bundan sonra da onun istədiyi
kimi olacağını qeyd edib. Ölkə başçısı İlham Əliyev
və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Qarabağ müharibəsi
əlillərinə göstərilən dövlət qayğısından söz açan icra başçısı qeyd edib ki,
siz qazilər bu qayğını hər an hiss etmisiniz. İstər yeni mənzillərin verilməsi,
istər yeni avtomobillərin hədiyyə olunması, istərsə də sosial rifah halınızın
yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlarla həmişə bu qayğının,
dövlət dəstəyinin şahidi olmusunuz. Rayon rəhbəri qeyd edib ki, dövlətin bu
təbəqədən olan insanlara göstərdiyi qayğısının nəticəsidir ki, hər keçən gün
qanunlara edilən mütərəqqi dəyişikliklərlə Azərbaycanın ərazi bütövlüyünün
müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin
Böyük Vətən müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə
yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin, Qarabağ
döyüşlərində sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin
mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi
olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün
reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün
xarici ölkələrə göndərilirlər. Bir sözlə, əsası Ulu Öndər
Heydər Əliyev tərəfindən qoyulan yüksək dövlət qayğısının onun layiqli
davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bir daha diqqətə
çatdırıb. İcra başçısı bu gün Qarabağ
müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də yüksək
diqqət və qayğı göstərildiyini bildirib. Məhz 2019-cu il aprelin 3-də Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı
protezlərlə təmin olunan hərbçilərlə keçirilən görüşdə Mehriban xanımın şəxsən
iştirak etməsini, hərbçilərlə səmimi şəkildə görüşməsini göstərilən qayğının və
ən yüksək insani keyfiyyətin bariz nümunəsi kimi qiymətləndirib. Rayon
rəhbəri bildirib ki, aprelin 3-də Qarabağ qaziləri ilə keçirilən
səmimi görüşü izləyən hər kəs bir daha əmin oldu ki, ölkə prezidenti İlham
Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban
Əliyeva hər zaman sizlərə dəstək olur, diqqət və qayğı ilə yanaşır. Həmin görüş
onu sübut etdi ki, dövlət və dövlət başçısı harda imtiyazlı ailələr, ehtiyacı
olan insanlar varsa, onların, eləcə də Vətən torpaqlarının azadlığı uğrunda
sağlamlığını itirən sizin kimi mərd və igid oğulların arxasında, yanında
dayanır.
Rayon rəhbəri Ulu Öndər Heydər
Əliyev tərəfindən qurulan və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə
qazanan Azərbaycan Ordusunun şücaətindən, gücündən geniş bəhs edib. İcra
başçısı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu
quruculuğu siyasətini Prezident İlham Əliyev elə bir zirvəyə ucaldıb ki, bu gün
Azərbaycan bütün dünyada nəinki güclü dövlət kimi tanınır, həm də artıq bizim
gücümüzlə hamı hesablaşır. 44 günlük Vətən müharibəsindən
söz açan icra başçısı qeyd edib ki, həmin döyüşlərdə güclü Azərbaycan Ordusu
istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadir olduğunu
nümayiş etdirdi. Qazandığımız tarixi Qələbənin müəllifi isə Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri,
hərbçilərimiz, Vətən uğrunda canından keçən şəhidlərimiz, sağlamlığını itirən
qazilərimizdir. İcra başçısı bildirib ki,
respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonu da Vətən müharibəsində
xeyli sayda şəhid verdi, neçə-neçə oğulları torpaq uğrunda sağlamlığını itirdi.
Bu gün Azərbaycan dövləti, ölkə rəhbəri Vətən müharibəsində uca zirvəyə yüksəlmiş
şəhidlərimizin, sağlamlığını Vətən yolunda itirən qazilərimizin ailələrini də
daim diqqətdə saxlayır. Birinci Qarabağ müharibəsinin şəhidlərinə, onların ailələrinə,
qazilərinə necə qayğı göstərilirdisə, Vətən müharibəsi şəhidlərinin, qazilərinin
ailələri də o cür qayğı ilə əhatə olunurlar. "Hər zaman çalışmışam ki,
atdığım addım siz qazaxlıların başını uca etsin”, - deyən rayon rəhbəri
fəaliyyətə başladığı ilk gündən bu meyarı hər zaman ön planda tutduğunu
vurğulayıb. "Bu millət, xalq, torpaq uğrunda döyüşən və sağlamlıqlarını
itirərək əlil olan hər bir Qarabağ müharibəsi əlilinin yaxşı yaşamağa haqqı
var”, - deyən icra başçısı son illər Qazaxda bu təbəqədən olan insanların
mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də
söz açıb. Rayon
Prokuroru Rauf Gözəlov ölkə başçsı və dövlətimiz
tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən
qayğıdan söz açaraq bu qayğının hər birimiz üçün nümunə olduğunu vurğulayıb. Vətən
uğrunda canından keçən şəhidlərimizi yad etməyin, onların ailələrinə, sağlamlığını
itirən qazilərimizə qayğı göstərməyin hər bir Azərbaycan vətəndaşının borcu
olduğunu qeyd edib. "Azərbaycan Qarabağ
Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon
Şöbəsinin sədri Xasay Balayev, sədr müavini, I qrup
Qarabağ müharibəsi əlili Namiq Alıyev, Qarabağ müharibəsi
veteranlarından və əlillərindən Rəhman Rüstəmov, Rəşad Qocayev və başqaları çıxış
edərək bugünkü
görüşə görə minnətdarlıqlarını bildiriblər. Qarabağ qaziləri qeyd ediblər ki, sizin
hər dəfə bizlərlə görüşməyiniz bizi çox sevindirir. Çünki biz bu qayğını siz gələn
ilk gündən hiss etmişik. Bu gün də fəxr edirik ki, sizin bizlərə olan qayğınız,
səmimi münasibətiniz necə vardısa, elə də davam edir. Sizinlə olan hər
görüşümüz bizim qayğılarımızın həlli deməkdir. Bu gün biz qazilər rayon rəhbəri
ilə deyil, sanki öz doğmamızla, qardaşımızla görüşüb, söhbət edirik. Çünki bu səmimiyyəti
siz yaratmısınız. Bu gün biz qazilər ona görə sevinirik ki, ölkə başçısının
bizlərə olan qayğısını sizin timsalınızda hər an hiss edirik. Qazilər olaraq yaxşı
bilirik ki, bizim arxamızda dayanan dövlətimiz, ölkə başçımız və sizin kimi
rəhbərimiz var. Ən əsası da biz qazilər döyüş yolumuza nəzər salarkən bir daha
qürur hissi keçiririk ki, nə yaxşı bizlər Vətən yolunda xidməti vəzifəmizi
layiqincə yerinə yetirə bilmişik. Həmin qürur hissini isə bizlərə yenə də
dövlətimiz, dövlət başçımız, Birinci vitse-prezidentimiz və sizin kimi
rəhbərimiz yaşadır. Qarabağ müharibəsi əlilləri
və veteranları ilə səmimi söhbət edən icra başçısı onları narahat edən müxtəlif
səpkili müraciətlərini də dinləyib. Qazilərimizin qayğıları ilə maraqlanan
rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını qeyd edib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib
ki, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına olan qayğı
bundan sonra da yüksək səviyyədə olacaqdır. Bu günə kimi ölkə başçısının sizlərə
olan qayğısı iş fəaliyyətimin əsas hissəsini təşkil edib, bu, bundan sonra da
belə davam edəcəkdir. GOYEZEN.AZ
Rəhbər təyin olunduğu ilk gündən hər zaman Qarabağ müharibəsi əlillərinin və veteranlarının, şəhid ailələrinin yanında olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də öz qayğısını onlardan əsirgəmir. Müstəqil Azərbaycanın parlaq gələcəyi naminə hər an dövlətin, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Qarabağ müharibəsi əlillərini, onların ailə üzvlərini daim diqqətdə saxlayır. Bu gün tam əminliklə deyə bilərik ki, Qazax rayonunda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə hər cür qayğı göstərilir. Onları narahat edən məsələlər, qayğılar rayon rəhbərliyi tərəfindən daim nəzarətdə saxlanılır. Rayon rəhbərinin müharibə əlilləri, veteranları və şəhid ailələri ilə mütəmadi olaraq görüşlər keçirməsi demək olar ki, bir ənənə halını alıb.
Facebook-da paylaş