• Təqvim

  • Maraq



Qazaxda şəhid Elnarə Rəhimovanın adına inşa olunmuş bulaq kompleksinin açılışı olub

 

Mayın 17-də Qazax rayonunun Bala Cəfərli kənd sakini, şəhid Rəhimova Elnarə Faiq qızının adına inşa olunmuş bulaq kompleksinin açılışı olub.

Şəhər ərazisində tikilmiş bulağın açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının üzvləri, bir qrup ictimaiyyət nümayəndəsi, şəhidin ailə üzvləri, doğmaları iştirak ediblər.

Əvvəlcə şəhidin ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə göstərilən qayğıdan, hörmət və ehtiramdan danışıb. Qeyd edib ki, bu gün ölkəmizdə dövlət başçısı tərəfindən sistemli ordu quruculuğu ilə yanaşı, Vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə veteranlarına və əlillərinə böyük diqqət və qayğı göstərilir. Respublika Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həll olunması, ən əsası da hər cür qayğı ilə əhatə olunmaları təşkil edir.

Rayon rəhbəri bildirib ki, bu gün bizlər azad şəkildə müstəqil və suveren bir dövlətdə yaşayırıqsa, bu, şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar sayəsindədir. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədən, igid Vətən oğullarının qəhrəmanlığından danışan icra başçısı həmin müharibə sayəsində işğal altında olan torpaqlarımızın azad olunması ilə bütün şəhidlərimizin ruhunun rahatlıq tapdığını, qisaslarının alındığını vurğulayıb. "Bütün şəhidlərimiz bizim üçün əzizdir, doğmadır, onlar bizim qürur yerimizdir”, - deyən rayon rəhbəri ona görə də hər bir azərbaycanlının şəhidlərin adını daim uca tutmalı, onların ailə üzvlərinə, doğmalarına hörmətlə yanaşmalı olduğunu qeyd edib.

 

İcra başçısı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da şəhid ailələrinə hər zaman xüsusi qayğı göstərildiyini qeyd edib, bu sahədə görülən məqsədyönlü işlərdən söz açıb. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşdığını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsi istiqamətində görülmüş işləri, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işlərini, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulmasını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşənin yaradılmasını şəhidlərimizə olan hörmət və etiramın əyani göstəricisi kimi qeyd edib. Şəhidlərin adlarına yeni bulaq komplekslərinin inşa olunaraq rayon sakinlərinin istifadəsinə verilməsini şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi qiymətləndirib. Bildirib ki, bu cür bulaqların inşa olunmasında əsas məqsəd şəhidlərimizi yad etməklə yanaşı, adlarını əbədiləşdirmək və gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın suyundan içən hər bir kəs şəhidin ruhuna dua oxumaqla bərabər həm də onun haqqında məlumatlanmış olur.

Şəhidin qardaşı, II qrup Qarabağ müharibəsi əlili Ceyhun Rəhimov çıxış edərək bacısının qanının yerdə qalmadığını, işğal olunmuş ərazilərimizin geri qaytarıldığını və üçrəngli Azərbaycan Bayrağının həmin torpaqlarda dalğalandığını qeyd edib. Bütün şəhidlərimiz kimi bacısının da ruhunun şad olduğunu vurğulayıb. C.Rəhimov şəhid ailələrinə göstərdiyi qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

 

Şəhidin yaxını "Tərəqqi” medallı, təqaüddə olan müəllim Safura Rəhimova çıxış edərək qeyd edib ki, Elnarə Rəhimova 3 mart 1983-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdu. Ömrünün gözəl çağları qarşıda idi. Lakin arzuları yarımçıq qaldı. Elnarə 2 yanvar 2000-ci ildə evlərində otaqda olarkən mənfur düşmən tərəfindən snayper silahla vuruldu. Bu gün isə onun ruhu şaddır. Adı əbədiləşdirilir. Tikilmiş bu bulaq şəhidimizə olan ehtiramın bariz nümunəsidir. S.Rəhimova ölkə Prezidentinin şəhidlərimizə, şəhid ailələrinə göstərdiyi qayğının rayonumuzda da hər zaman yüksək səviyyədə hiss olunduğunu qeyd edib. Buna görə şəhid ailələrini daim diqqətdə saxlayan rayon rəhbərliyinə minnətdarlığını çatdırıb.


Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev rayonda görülmüş işlərə, xüsusilə də şəhid ailələrinə göstərdiyi diqqətə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün qazaxlılar adından sonsuz minnətdarlığını bildirib. Bulaqların qarşısından keçən minlərlə insanın bulağın tikilməsinə görə sonsuz minnətdarlıq bildirdiyini, adını daşıyanlara isə Allahdan rəhmət dilədiyini qeyd edib. 

Kosalar kənd sakini, ağsaqqal Cavanşir Rüstəm çıxış edərək şəhidlərimizə həsr olunmuş şeir səsləndirib.

Sonda bulaq kompleksinin açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb və xatirə şəkilləri çəkdirilib.




 


GOYEZEN.AZ



Facebook-da paylaş